
Сənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər qlobal transformasiya proseslərinin mahiyyətini və bu kontekstdə Azərbaycanın strateji hədəflərini aydın şəkildə ortaya qoyur.Müasir mərhələdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma istiqamətində həyata keçirilən institusional islahatlar dövlətlərin inkişaf trayektoriyasını müəyyən edən əsas amillərə çevrilmişdir. Qlobal tendensiyalar göstərir ki, rəqəmsal texnologiyaların geniş tətbiqi iqtisadi artımı sürətləndirir, idarəetmədə çevikliyi artırır və resurslardan daha səmərəli istifadəni təmin edir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atmış, rəqəmsal infrastrukturun möhkəmləndirilməsi və innovativ həllərin tətbiqi sahəsində müəyyən nəticələr əldə etmişdir. Lakin qarşıdakı mərhələdə rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritetlərindən biri kimi sistemli şəkildə müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsallaşma yalnız texnoloji yenilənmə deyil, həm də idarəetmə modelinin modernləşdirilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması deməkdir.
Müşavirədə Azərbaycanın mövcud üstünlüklərinin yeni rəqəmsal mərhələdə necə dəyərləndirilməli olduğu da diqqətə çatdırılmışdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, Asiya ilə Avropa arasında, həmçinin Şimal–Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi mühüm strateji üstünlükdür. Bu amil obyektiv xarakter daşısa da, onun real üstünlüyə çevrilməsi məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycan geoiqtisadi mövqeyini düzgün qiymətləndirərək nəqliyyat, logistika və energetika sahələrində geniş infrastruktur formalaşdırmışdır.
Enerji təhlükəsizliyi məsələsi də yeni rəqəmsal arxitekturanın əsas dayaqlarından biri kimi qiymətləndirilmişdir. Azərbaycan bu gün özünü əsas enerji mənbələri ilə tam təmin etməklə yanaşı, həmin resursları beynəlxalq bazarlara ixrac edən azsaylı ölkələrdəndir. Region miqyasında bu səviyyədə enerji müstəqilliyinə malik dövlətlərin sayı məhduddur və bu, ölkəmizə mühüm strateji üstünlük verir. Eyni zamanda, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr və planlaşdırılan layihələr generasiya gücünün yaxın illərdə daha da artacağını göstərir.
Bununla paralel olaraq, ölkə daxilində enerji tələbatının artması da nəzərə alınmalıdır. Əhali artımı, sənayeləşmə prosesinin sürətlənməsi və xüsusilə qeyri-neft sektorunda müşahidə olunan dinamika enerji sisteminin dayanıqlı inkişafını zəruri edir. Qeyri-neft sənayesində qeydə alınan artım iqtisadi şaxələndirmənin uğurla davam etdiyini göstərir və enerji potensialının ölkənin ümumi inkişaf strategiyasını dəstəkləməsi vacibliyini ön plana çıxarır. Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi üzrə imzalanmış sənədlər və elektrik enerjisinin ixracı ilə bağlı planlar bu üstünlüyün daha da möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, data mərkəzlərinin yaradılması kimi təşəbbüslər böyük enerji gücləri tələb etdiyindən planlaşdırma kompleks və uzunmüddətli yanaşma əsasında aparılmalıdır.
Rəqəmsal transformasiyanın uğuru isə ilk növbədə insan kapitalından asılıdır. Kadr hazırlığı əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Ali təhsil müəssisələrində süni intellekt, informasiya təhlükəsizliyi, data idarəçiliyi və digər müasir texnoloji istiqamətlər üzrə ixtisaslaşmanın genişləndirilməsi zəruridir. Dövlət proqramları çərçivəsində xaricdə təhsil alan tələbələrin də bu sahələr üzrə peşəkarlığının artırılması uzunmüddətli perspektivdə yüksək ixtisaslı kadr ehtiyacının ödənilməsinə xidmət edəcəkdir. Eyni zamanda, orta təhsil pilləsində rəqəmsal savadlılığın gücləndirilməsi və tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması gələcək kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi də əsas istiqamətlərdəndir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qərar qəbuletmə prosesində süni intellekt alətlərindən istifadə idarəetmənin səmərəliliyini artırır. Bu baxımdan, rəhbər və icraedici strukturlarda rəqəmsal həllərin tətbiqi qərarvermə mexanizmlərinin daha əsaslı və çevik olmasına imkan verə bilər. Özəl sektorun da bu prosesə fəal şəkildə qoşulması üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması vacibdir.
Bununla yanaşı, kibertəhlükəsizlik məsələsi xüsusi diqqət tələb edən sahədir. Qlobal miqyasda artan kiberhədələr fonunda milli rəqəmsal infrastrukturun müdafiəsi strateji əhəmiyyət kəsb edir. Ölkəmizə qarşı həyata keçirilmiş kiberhücumlar bu sahədə dayanıqlı müdafiə sisteminin formalaşdırılmasının vacibliyini göstərmişdir. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və qabaqlayıcı tədbirlərin sistemli şəkildə həyata keçirilməsi rəqəmsal təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Nəhayət, beynəlxalq əməkdaşlıq məsələsi xüsusi yer tutur. Dünyanın aparıcı texnologiya şirkətləri ilə əlaqələrin genişləndirilməsi, Azərbaycanın mövcud üstünlüklərinin və potensial imkanlarının xarici tərəfdaşlara dolğun şəkildə təqdim olunması rəqəmsal inkişaf prosesinə əlavə təkan verə bilər. Müşavirənin dövlət başçısının nəzarəti altında keçirilməsi isə Azərbaycanın bu istiqaməti strateji prioritet kimi müəyyən etdiyini göstərən mühüm mesajdır.
Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” yalnız texnoloji yenilənmə proqramı deyil, ölkənin geosiyasi mövqeyi, enerji potensialı, insan kapitalı və institusional imkanları əsasında qurulan kompleks və uzunmüddətli inkişaf modelidir.
İsa Səttarov,
Nəsimi rayon gənci,Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi,Yeni Azərbaycan Partiyasının üzvü.
Bölməyə aid digər xəbərlər







