Kərim Tahirov: Siyasi islahatlar davamlı xarakter daşıyır

Kərim Tahirov: Siyasi islahatlar davamlı xarakter daşıyır

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - "Prezident İlham Əliyevin Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir. Şübhəsiz, 1 sentyabrda bütün dünya Azərbaycanda keçiriləcək demokratik seçkilərin şahidi olacaq”. 

Parlament seçkilərinin keçirilməsi müddətinin önə çəkilməsi mövcud reallığın tələbidir: “Çünki, bildiyimiz kimi, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə keçiriləcək. Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Bütün bunlar çox böyük məsuliyyət tələb edir. Buna görə də, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması təşəbbüsü irəli sürülmüşdür. Çox müsbət haldır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs millət vəkilləri tərəfindən dəstəklənmişdir”.

YAP hər zamankı kimi, qarşıdan gələn parlament seçkilərinə də ciddi hazırlaşır: “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Ən önəmli məsələ isə ərazi bütövlüyümüz bərpa edilib. Bu parlament seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi ilə yadda qalacaq”.

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun 80 yaşı tamam olur.  O, 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub.

Çingiz Əlioğlu bədii yaradıcılığa 1967-ci ildə “Gənc qələmlər” toplusunda çıxan "Xatirələr" şerilə başlayıb. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edir.

"Nikbinlik", "Ömür ağacı", "Günəşli dayanacaqlar", "Görüşdən ayrılığa", "Gün keçdi", "Aynabənd", "Fraqmentlər", "Ruhumun həndəsəsi", "Gecə və bahar", "Şairlik bir sənət deyilmiş, qardaş" və s. kitabları müəllifinə ümumxalq məhəbbəti qazandırıb. Onun “Bürkü”, “Qobustan ritmləri”, “Şeir yaza bilmirəm”, “Şiraz şeirləri” və s. kitabları müasir ədəbi mühitin şah əsərləri sırasındadır. Moskvada keçirilmiş VII Beynəlxalq kitab sənəti müsabiqəsində baş mükafata - “Qran-pri”yə layiq görülmüş “Çərçivə” kitabı isə şairin əsl yaradıcılıq hesabatıdır.

Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.  Onun şeirlərinə bəstələnmiş mahnılar müğənnilərimizin repertuarını bəzəyir.

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan şair A.Axmatovanın, M.Svetayevanın, S.Yeseninin, İ.Şklyarevskinin, L.Tatyaniçevanın, A.Soutollun əsərlərindən nümunələri dilimizə çevirib.

Geniş oxucu məhəbbəti qazanmış Ç.Əlioğlunun xidmətləri hər zaman yüksək qiymətləndirilib. O, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb, bir sıra beynəlxalq və milli mükafatlar laureatıdır.

Milli Kitabxanada şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar "Çingiz Əlioğlu - 80" adlı kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, tərcümələri, ön söz yazdığı, redaktoru, tərtibçisi olduğu kitablar, həyat və yaradıcılığı haqqında  Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.


Tarix: 1-07-2024, 10:29


Bölməyə aid digər xəbərlər