
Azərbaycan həmkarlar ittifaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir, hədiyyələrlə sevindirir və onlara xoş ovqat bəxş edir.
Bayram tədbirləri uşaqların asudə vaxtlarının səmərəli, mənalı və maraqlı keçməsi məqsədi daşıyır. Bu dəfə də şəhid övladları diqqətdən kənarda qalmamış, şənliklərə onlar da qatılmışlar. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) “Alov Qüllələri” Kompleksindəki bayram şənliyində şəhid övladlarının iştirakını təmin edib.
Yüksək zövqlə al-əlvan bəzədilən və nağıllar aləmini xatırladan məkanda yeni tərtibatda hazırlanan proqram balaca iştirakçıların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səhnəyə gəlişi, şən zarafatları, uşaqlarla birlikdə yolka ətrafında yallı getməsi onları hədsiz sevincə qərq edib.
Biri-birindən gözəl rəqs və səhnəciklər, şux və oynaq mahnılar balacaları daha da şənləndirib və alqışlarla müşayiət olunub.
Şəhidlərimizin bizə yadigar qalan balaları onların ixtiyarına verilən əsl bayram əhval-ruhiyyəli məkanda rəqslərə qoşulub, şənlənib və unudulmaz anlar yaşayıblar. Mənalı istirahətləri və əylənmələri üçün yaradılmış şəraitdən razılıqları gülüş dolu çöhrələrindən sezilən şəhid övladlarına şənliyin sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bayram sovqatları da verilib.
Bundan əlavə, Azərbaycan həmkarlar ittifaqları tərəfindən paytaxtın başqa məkanlarında, həmçinin respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən uşaq evlərində, internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün şənliklər keçirilir və bu, qarşıdakı bayram günlərində də davam etdiriləcək. Qeyd edək ki, bütün tədbirlərdə balacalara bayram sovqatları paylanılır.














Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.