AZƏRBAYCAN-GÜRCÜSTAN STRATEJİ TƏRƏFDAŞLIĞI: REGİONAL SABİTLİK VƏ QLOBAL ƏMƏKDAŞLIQ NÜMUNƏSİ

AZƏRBAYCAN-GÜRCÜSTAN STRATEJİ TƏRƏFDAŞLIĞI: REGİONAL SABİTLİK VƏ QLOBAL ƏMƏKDAŞLIQ NÜMUNƏSİ

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər qədim tarixi köklərə, qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanaraq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Əsrlər boyu bu iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bu gün də öz aktuallığını qoruyur, dövlətlərarası münasibətlər isə yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat bu dostluğun və əməkdaşlığın bariz göstəricisidir.
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq bütün sahələri – siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, mədəni-humanitar və digər istiqamətləri əhatə edir. Xüsusilə enerji və nəqliyyat-logistika sahələrində reallaşdırılmış nəhəng layihələr təkcə bu iki ölkənin inkişafına deyil, həm də regional və qlobal miqyasda mühüm təsirə malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Avropanın enerji təhlükəsizliyi və Avrasiya məkanında alternativ nəqliyyat bağlantılarının formalaşmasında müstəsna rol oynayır.
Bu əməkdaşlıq çərçivəsində təkcə enerji resurslarının daşınması deyil, həm də mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması baş tutmuşdur. Bu layihələr yalnız Azərbaycan və Gürcüstan üçün deyil, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın 12 ölkəyə ixrac etdiyi təbii qazın Gürcüstan ərazisindən keçməsi bu ölkənin də enerji təhlükəsizliyində oynadığı vacib rolu nümayiş etdirir. Yeni inşa olunmuş dəmir yolları, limanlar və digər infrastruktur layihələri isə Orta Dəhlizin əsas elementlərinə çevrilmişdir. Bu dəhliz Cənubi Qafqazın, xüsusilə də Azərbaycan və Gürcüstanın beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, regionun tranzit potensialını da genişləndirmişdir.
Siyasi sahədə isə Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyəli təmaslar və müntəzəm siyasi dialoqla səciyyələnir. Hər iki ölkə beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM və QDİƏT çərçivəsində bir-birinin maraqlarına dəstək verir və ortaq mövqelər nümayiş etdirirlər. Parlamentlərarası əməkdaşlıq bu münasibətlərin dərinləşdirilməsində mühüm rol oynayır. Azərbaycan tərəfdən Arzu Nağıyev, Gürcüstan tərəfindən isə vitse-spiker Arçil Talakvadzenin rəhbərlik etdiyi dostluq qrupları bu sahədə fəal iş aparırlar.
Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Prezident İlham Əliyev bu günə qədər Gürcüstana 1 dövlət, 1 rəsmi və 9 işgüzar səfər etmişdir. Sonuncu işgüzar səfər 8 oktyabr 2023-cü ildə baş tutmuşdur. Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili isə 2019-cu ilin fevralında rəsmi, 2022-ci ilin iyununda isə işgüzar səfərlə Azərbaycana gəlmişdir. 2025-ci ilin aprelində isə yeni Prezident Mixeil Kavelaşvili ilk rəsmi səfərini Azərbaycana reallaşdıraraq bu ənənəni davam etdirmişdir. Bu səfərlər dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir.
Hökumət başçılarının və xarici işlər nazirlərinin qarşılıqlı səfərləri də bu münasibətlərin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 26 oktyabr 2023-cü ildə Gürcüstana etdiyi işgüzar səfər və Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin 2021-2023-cü illər ərzində Azərbaycana etdiyi bir neçə rəsmi və işgüzar səfər bu kontekstdə xüsusi qeyd edilməlidir. Eyni zamanda, 2024-cü il noyabrın 11-də BMT-nin COP29 tədbiri çərçivəsində Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri də bu əməkdaşlığın davamlılığını göstərir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar isə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində praktiki addımların atılmasına şərait yaradır. Xüsusilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun 2022 və 2024-cü illərdə Gürcüstana rəsmi səfərləri zamanı müzakirə olunan məsələlər ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə yönəlmişdir.
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq hüquqi bazada da öz əksini tapmışdır. Bu günə qədər iki ölkə arasında 119 sənəd imzalanmışdır ki, bu da tərəfdaşlığın hüquqi əsaslarının möhkəm və dayanıqlı olduğunu göstərir. Müqavilə-hüquq bazası çərçivəsində aparılan əməkdaşlıq bütün sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradır.
Sonda qeyd edilməlidir ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər təkcə strateji tərəfdaşlıq çərçivəsində deyil, həm də regional sülh və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə Cənubi Qafqazda əmin-amanlığın, sabitliyin bərqərar olunması üçün öz töhfəsini verməyə davam edir. Uzun illər münaqişə ocağı olmuş regionun gələcəyində sülh və əməkdaşlıq əsas prioritetlər kimi çıxış edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənubi Qafqazın qara səhifələri bağlanmalı, tarixdə qalmalıdır. Azərbaycan-Gürcüstan münasibətləri bu yolun açılmasına və regionun sabit gələcəyinin təmin olunmasına nümunəvi töhfə verir.

Bakı Qızlar Universiteti tələbəsi
Şəhla Zeynalova
Nəsimi rayon gənci


Tarix: 17-04-2025, 19:58


Bölməyə aid digər xəbərlər