Eldar Quliyev: “Bu gün Rusiya özünün Cənubi Qafqazda regional hegemonluğunun sonunu qəbul etmək istəmir”

Eldar Quliyev: “Bu gün Rusiya özünün Cənubi Qafqazda regional hegemonluğunun sonunu qəbul etmək istəmir”

Rusiya Federasiyasının xüsusi orqanları tərəfindən aparılmış əməliyyat nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli Rusiya vətəndaşlarının Yekaterinburq şəhərində işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri Azərbaycan-Rusiya münasibətlərində böyük gərginliyin yaranmasına səbəb olub.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev aia.az-a verdiyi açıqlamasında baş verənləri qətiyyətlə pisləyib.

Millət vəkili bildirib ki, Rusiya özünün Cənubi Qafqazda getdikcə zəifləyən mövqelərini qoruyub saxlamaq üçün regionun lider ölkəsi olan Azərbaycana qarşı özündə təhdid elementləri əks etdirən bu addımı atıb: “Məlumdur ki, 2020-ci ildə Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Bu reallıqların mahiyyətində duran ən vacib çağırışlardan biri də budur ki, artıq Cənubi Qafqaz bundan sonra heç bir xarici ölkənin maraqlarına uyğun idarə olunmayacaq. Bu regionda təmsil olunmaq istəyən hər hansı bir güc hər şeydən öncə Azərbaycanın və əlbəttə ki, bütün region ölkə və xalqlarının maraq və mənafelərini nəzərə almalıdır. Bu gün bütün dünya qəbul edir ki, Cənubi Qafqazda hər hansı bir qlobal layihəni reallaşdırmaq və ya onun iştirakçısı olmaq üçün ilk növbədə məhz Azərbaycanın mövqeyini öyrənməli və on uyğun hərəkət etməlidir. Lakin görünür son iki yüz ildə formalaşmış imperiya ambisiyaları şimal qonşumuzun bu reallıqlarla barışmasını əngəlləyir. Hətta region ölkələrinin müstəqillik əldə etmələrindən sonra da süni yaradılmış “Şimali Osetiya” və “Dağlıq Qarabağ” problemlərinin köməyi ilə daha 30 il Cənubi Qafqazda təsir rıçaqlarını saxlamağı bacarmış Rusiya bu gün regional hegemonluğunun sonunu qəbul etmək istəmir. Məhz buna görə də bütün məsələlərin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində həllinə çalışmaq əvəzinə, Kreml çıxış yolunu soydaşlarımıza qarşı yolverilməz zorakılıq aktlarının həyata keçirilməsində tapmağa çalışır.”

Fikirlərini davam etdirən Eldar Quliyev baş verənlərin Azərbaycan-Rusiya münasibətlərinin qəsdən gərginləşdirilməsi məqsədilə atılan bir addım ola biləcəyini də diqqətə çatdırıb. Həmçinin millət vəkili qeyd edib ki, bu hadisə istənilən halda ikrah doğuran və Rusiyanın bir dövlət olaraq adına utanc gətirən bir haldır: “Aydındır ki, Rusiya hakimiyyətində müəyyən anti-Azərbaycan qüvvələr Yekaterinburq hadisələrini qəsdən, məhz iki ölkə arasında münasibətlərin gərginləşməsinə nail olmaq üçün də planlayıb həyata keçirə bilərdilər. Lakin bu, istənilən halda Kremli məsuliyyətdən azad etmir. Bu kimi halların baş verməsi tamamilə yolverilməzdir və Rusiya hökuməti bu ağır cinayət hadisəsinin tam araşdırılması, günahkarların cəzalandırılması məqsədilə konkret addımlar atmalıdır. Əks halda bu gün kütləvi informasiya vasitələrində Yekaterinburqda baş verən hadisələrin Rusiyanın digər millətlərin nümayəndələrinə qarşı aqressiv, şovinist siyasətinin göstəricisi olduğuna görə səsləndirilən fikirlər öz təsdiqini tapmış olacaq. Azərbaycan isə, öz növbəsində faciənin araşdırılması və bütün həqiqətlərin üzə çıxarılması məqsədilə bütün imkanlarından istifadə edəcək” – deyə, millət vəkili fikirlərini tamamlayıb.


Tarix: Dünən, 15:30


Bölməyə aid digər xəbərlər