
İyunun 30-da Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın şairə Leyla Əliyevanın poeziyasına həsr olunmuş “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir. Ziyalılar, jurnalistlər, sənət adamlarının qatıldığı tədbiri giriş sözü ilə açan AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmidən sonra söz alan tədbirin aparıcısı, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir kitabın məziyyətlərini belə səciyyələndirmişdir: “Bu monoqrafiya filologiya elmimizə gözəl bir töhfədir. Amma kitab həm də dövlətçilik idellarımıza xidmət eləyir. Belə bir işi hasilə gətirmək həm məsuliyyətli, həm də şərəflidir. Leyla Əliyevanın poeziyasını hərətərəfli araşdırma predmetinə çevirən S.Şərifova onun fəlsəfəsi, obrazlar sistemi, bədii təsvir, dil-üslub xüsusiyyətləri, müxtəlif dillərə tərcümələri barədə müasir dünya filologiyası səviyyəsində söz deməyə nail olub. “Leyla Əliyevanın poetik dünyası” şairənin yaradıcılığına ilk monoqrafik yanaşmadır. İnanıram ki, müasir Azərbaycan filoloji düşüncəsinin yüksək elmi səviyyəsini bütün genişliyi ilə ortaya qoyan bu iş həm Leyla Əliyevanın yaradıcılığı, həm də ümumən müasir poeziyamız barədə gələcək tədqiqatlara öz təsirini göstərəcək” Təqdimat mərasimində söz alan AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, "VƏHDƏT" Partiyasinin sədri Adəm İsmayil Bakuvin adindan nümayəndə Tərlan Ərəbli ,Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli, kitabın rəyçiləri, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, AMEA Nizani adına Ədəbiyyat İnstitutunun elmi işcisi Mənzər Niyarlı, yazıçılar Kəmalə Abiyeva, Nüşabə Məmmədli və digərləri çıxış edərək, S.Şərifovanı bu təqdirəlayiq işinə görə təbrik eləmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamışlar.
Bölməyə aid digər xəbərlər