Xankəndi əməkdaşlığın, birlik və inkişafın simvoluna çevrilir

Xankəndi əməkdaşlığın, birlik və inkişafın simvoluna çevrilir
Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü bir sıra məqamları ilə təkcə region üçün deyil, ümumilikdə, Türk-İslam dünyası və beynəlxalq münasibətlər sistemində yeni geosiyasi düzənin formalaşmaqda olduğunu göstərdi. Zirvə görüşündə İran Prezidenti Məsud Pezeşkianın iştirakı və Azad İqtisadi Zonanın yaradılmasını təklif etməsi diqqət çəkdi. Diqqət çəkən başqa bir məqam Şimali Kipr Türk Respublikasının liderinin də iştirak etməsi oldu. Bu həmrəyliyin və tanınmanın siyasi mənası dərin idi: Türk dünyası artıq öz içində hüquqi və siyasi müstəvilərdə bir-birini tanıyan, dəstəkləyən vahid mərkəzə doğru hərəkət edir. Xankəndi Zirvə görüşü, həmçinin postmünaqişə dövründə Azərbaycanın regiondakı rolunun necə dəyişdiyini nümayiş etdirdi. Bakı artıq təkcə Cənubi Qafqazın yox, daha geniş coğrafiyanın iqtisadi və siyasi koordinasiya mərkəzlərindən birinə çevrilir. Bu da təkcə neft və qaz layihələri ilə deyil, siyasi sabitlik, inteqrasiyayönümlü diplomatiya və tarazlaşdırılmış xarici siyasət sayəsində baş verir.
Prezident İlham Əliyev çıxışınında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) oynadığı strateji rolu da xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan ECO çərçivəsində hər zaman fəal iştirak edib və bu platformanı regional əməkdaşlıq üçün mühüm vasitə kimi görür. Azərbaycanın təşəbbüsü ilə regionda təkcə siyasi deyil, iqtisadi və humanitar inteqrasiyanın da yeni mərhələsi başlayıb. Cənab Prezident ölkəmizin ekoloji və iqlim gündəliyinə verdiyi töhfələri bir daha xatırlatdı. Prezident İlham Əliyev qeyd etdi ki, tarixdə ilk dəfə olaraq 2024-cü ildə COP29 kimi mühüm beynəlxalq tədbir ECO məkanında — Azərbaycanda keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı, ümumilikdə 77 min nümayəndənin iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və təşkilata verdiyi töhfənin göstəricisidir. Konfransda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının əhəmiyyətli dərəcədə artırılması, İtki və Zərər Fondunun praktik mexanizmə çevrilməsi və karbon bazarları üzrə razılaşmalar kimi mühüm nailiyyətlər əldə olunmuşdur. Bu qərarlar yalnız iqlim dəyişikliklərinə qarşı qlobal mübarizənin deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə liderlik təşəbbüslərinin təzahürüdür.
Bütün bu məqamlar bir daha təsdiq edir ki, Xankəndi Zirvə görüşü nəinki diplomatik uğurdur, həm də Azərbaycanın əzmini, strateji baxışını və gələcəyə inamını göstərən hadisədir. İllər əvvəl sülhə, sabitliyə həsrət qalan bir şəhər indi əməkdaşlığın, birlik və inkişafın simvoluna çevrilir.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri


Tarix: Dünən, 19:15


Bölməyə aid digər xəbərlər


«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031