
Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı dost Tacikistan xalqına və ölkə rəhbərliyinə səmimi təbriklərini çatdırıb. Dövlət başçısı Tacikistanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri, xüsusilə paytaxt Düşənbənin sürətli inkişafını yüksək qiymətləndirib.
Prezident vurğulayıb ki, hər dəfə Düşənbədə olarkən şəhərin abadlaşdığının, yeni binaların tikildiyinin şahidi olur və bu, Azərbaycan xalqını da dost kimi sevindirir. O, şəhərsalma sahəsində qazanılan nailiyyətlər münasibətilə Tacikistanı təbrik edərək, Düşənbənin ildən-ilə daha da gözəlləşməsinin məmnunluq doğurduğunu bildirib.
Bu fikirlər Azərbaycan və Tacikistan arasında qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq ruhuna əsaslanan münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev həmçinin iki ölkə arasında ikitərəfli əlaqələrin ardıcıl və dinamik şəkildə inkişaf etdiyini qeyd edib. O, Azərbaycan–Tacikistan münasibətlərinin qardaşlıq, dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını, bu münasibətlərin gələcəkdə də geniş inkişaf potensialına malik olduğunu bildirib.
Azərbaycan və Tacikistan arasında əməkdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi, mədəni və humanitar sahələrdə formalaşması bu tərəfdaşlığın dərin və davamlı xarakter daşıdığını göstərir. Prezidentin vurğuladığı ardıcıl inkişaf xətti iki ölkə arasında strateji əlaqələrin möhkəmlənməsinə və regionda sabitliyin güclənməsinə xidmət edir.
Dövlət başçısı çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsinə göstərilən dəstəyə görə bütün MDB dövlət başçılarına təşəkkürünü bildirib. Prezident qeyd edib ki, bu qərar Azərbaycanın zəngin tarixi və mədəni irsinə olan hörmətin, həmçinin MDB məkanında humanitar əlaqələrin inkişafına verilən önəmin bariz göstəricisidir.
O, humanitar əməkdaşlığın əhəmiyyətinə toxunaraq xatırladıb ki, cari ilin iyun ayında Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən qonaqlar şəhərin Ermənistanın 30 illik işğalından azad olunmasından sonra keçdiyi bərpa yolunu və qısa müddətdə əldə etdiyi dəyişiklikləri öz gözləri ilə görüblər.
Tamamilə dağıdılmış Laçın bu gün müasir, abad və yaşayış üçün əlverişli şəhərə çevrilib. Bu, Azərbaycanın bərpa və yenidənqurma prosesində əldə etdiyi uğurların, xalqın iradə və birliyinin təcəssümüdür. Prezident İlham Əliyev qeyd edib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi regionda sülhün, həmrəyliyin və mədəni əməkdaşlığın rəmzidir.
Prezident İlham Əliyev çıxışında MDB məkanında humanitar və idman əməkdaşlığının daha bir mühüm hadisəsi kimi 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçirilmiş III MDB Oyunlarını xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, bu beynəlxalq tədbir qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində təşkil olunmaqla həm idman, həm də mədəni baxımdan əlamətdar hadisə olmuşdur.
Oyunlar təkcə Gəncədə deyil, eyni zamanda Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində də keçirilib. Bu yarışlarda MDB ölkələrindən və digər dövlətlərdən 1600-dən çox idmançı müxtəlif idman növlərində mübarizə aparıb.
Prezident vurğulayıb ki, bu kimi tədbirlər MDB məkanında xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri üzərində qurulan münasibətlərin inkişafına mühüm töhfə verir. III MDB Oyunlarının uğurla keçirilməsi Azərbaycanın beynəlxalq idman arenalarındakı nüfuzunu və təşkilatçılıq potensialını bir daha nümayiş etdirmişdir.
İsa Səttarov,
Nəsimi rayon gənci,Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi, Yeni Azərbaycan Partiyasının üzvü.
Bölməyə aid digər xəbərlər