13:25 / 13-10-2025
“Müharibə başa çatıb”
10:45 / 13-10-2025
Millimiz Ukraynaya qarşı
Eltun Süleymanov: "Füzuli Azərbaycanın qürur qalası və Böyük Qayıdışın ünvanıdır"

Eltun Süleymanov: "Füzuli Azərbaycanın qürur qalası və Böyük Qayıdışın ünvanıdır"

Azərbaycan tarixində qızıl hərflərlə yazılmış günlərdən biri də 17 oktyabrdır. Bu tarix işğaldan azad edilmiş Füzuli şəhərinin günü kimi qeyd olunur. Füzuli təkcə bir şəhərin adı deyil, Vətən müharibəsində zəfərə gedən yolun başlanğıcı və uğurlu davamı, Ordumuzun rəşadətinin, xalqımızın iradəsinin simvoludur.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Qarabağın cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan geniş əraziləri əhatə edən Füzuli 1386 kvadratkilometrlik coğrafi sahəyə malikdir. Burada axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə canlılıq qatır. Əsası 1827-ci ildə qoyulan şəhər 1930-cu ildə Qaryagin adı ilə rayon statusu almış, 1959-cu ildən isə Məhəmməd Füzulinin adını daşımağa başlamışdır. Füzuli əsrlər boyu zəngin abidələri ilə tanınıb. XIII əsrin Şeyx Babi Yaqub türbəsi, XIV əsrdə tikilmiş Mirəli türbəsi, qədim qəbiristanlıqlar və XIX əsrdən qalmış Cəlil türbəsi bu torpağın mədəniyyət xəzinəsidir. Təəssüf ki, işğal dövründə bu irs ciddi dağıntılara məruz qalmışdır. 1993-cü ilin avqustunda Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı birləşmələrinin işğalına məruz qaldı. Bu işğal yüzlərlə şəhid, əlil və itkinlə nəticələndi. Rayon sakinlərinin taleyi didərginliklə, kədər və həsrətlə doldu. 2020-ci ilin 17 oktyabrında Azərbaycan Ordusu Füzulini azad etməklə tarix yazdı. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin, lakin ən əzəmətli səhifələrindən oldu. Dünyanın hərbi mütəxəssisləri belə hesab edirdilər ki, bu bölgənin işğaldan azad edilməsi uzun aylar tələb edəcək. Lakin qəhrəman əsgər və zabitlərimiz bir neçə gün ərzində düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yararaq tarixi ədaləti bərpa etdilər. Bu zəfər Azərbaycanın hərb tarixində dönməz dönüş nöqtəsi oldu. Qəhrəmanlıq göstərən on minlərlə hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan edildi. Bu qərar həm də şəhərin yeni həyatının başlanğıcı kimi qəbul olundu.
İşğaldan sonra Füzuli ən çox minalanmış ərazilərdən biri kimi müəyyən olundu. On minlərlə mina bu torpaqların təhlükəsizliyinə mane olur. Amma Azərbaycan dövləti ardıcıl şəkildə təmizləmə və bərpa işləri aparır, dağıntıların qiymətləndirilməsi beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində yaxın illərdə on minlərlə füzulili doğma yurduna qayıdacaq. Məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, yollar və kommunikasiya xətləri sürətlə inşa edilir. Füzuli həm də qardaş ölkələrin səmimi dəstəyinin nümunəsinə çevrilib. Özbəkistanın təşəbbüsü ilə inşa olunan məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi türk dünyasının həmrəyliyini təcəssüm etdirir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Füzuliyə səfərləri bu şəhərin bərpa xəritəsini müəyyənləşdirib. Zəfər yolunun təməlqoymasından Beynəlxalq Hava Limanının açılışına, “Ağıllı kənd” layihəsindən müasir məktəblərin, xəstəxanaların tikintisinə qədər hər bir addım Füzulinin yeni tarixini yazır. Xarici dövlət başçılarının iştirakı ilə keçirilən açılış mərasimləri isə bu şəhərin beynəlxalq əhəmiyyətini daha da artırır. 17 oktyabr – Füzuli şəhəri günü xalqımız üçün həm qürur, həm də gələcəyə inam günüdür. Bu gün biz itirilmiş torpaqlarımızın azad edilməsi uğrunda canından keçən qəhrəmanların xatirəsini anır, eyni zamanda Böyük Qayıdışa şahidlik edirik. Füzuli dirçəlişin, vətənpərvərliyin və qalib Azərbaycanın rəmzi olaraq əbədi yaşayacaq-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.


Tarix: Bu gün, 11:04


Bölməyə aid digər xəbərlər