13:25 / 13-10-2025
“Müharibə başa çatıb”
10:45 / 13-10-2025
Millimiz Ukraynaya qarşı
Azərbaycan-Tacikistan əməkdaşlığının perspektivləri böyükdür

Azərbaycan-Tacikistan əməkdaşlığının perspektivləri böyükdür Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 9-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri və oktyabrın 10-da keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı regionda siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər təkcə rəsmi iştirak aktı deyil, həm də strateji danışıqlar, diplomatik balansların yenidən qurulması və əməkdaşlıq münasibətlərinin yeni nəfəs qazanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müstəqil Dövlətlər Birliyi uzun illərdir postsovet məkanında iqtisadi, siyasi və humanitar əməkdaşlığın ənənəvi mərkəzlərindən biri olub. Lakin son onilliklərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni güc mərkəzlərinin meydana çıxması və müxtəlif istiqamətli geosiyasi maraqlar MDB-nin struktur və səmərəliliyinə təsir göstərib. Bununla belə, Azərbaycanın bu platformadakı fəallığı ölkəmizin çoxvektorlu xarici siyasət xəttinin mühüm tərkib hissəsi olaraq qalır. Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycan diplomatiyasının çoxşaxəli və balanslı siyasətinin nümayişi baxımından dəyərləndirilir.
Azərbaycan MDB çərçivəsində əməkdaşlığı regional inteqrasiya, iqtisadi əlaqələrin genişlənməsi və təhlükəsizlik məsələlərinin koordinasiyası baxımından dəyərli hesab edir. Son illərdə MDB məkanında Azərbaycanın rolu təkcə iqtisadi sahədə deyil, həm də siyasi və mədəni səviyyədə artmaqdadır. MDB platforması həm də ölkəmizin regional təhlükəsizlikdə, nəqliyyat marşrutlarının şaxələndirilməsində və kollektiv qərarvermə proseslərində səsini eşitdirmək imkanı yaradır. Bu baxımdan Düşənbə səfəri iqtisadi tərəfdaşlıqla yanaşı, təhlükəsizlik və diplomatik koordinasiya baxımından da önəmlidir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin həm Tacikistan Prezidenti Emoməli Rəhmon, həm də digər MDB ölkələrinin liderləri ilə ikitərəfli görüşləri, regional məsələlərə dair fikir mübadiləsi və gələcək əməkdaşlıq planlarının müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, bu səfər çərçivəsində ən çox diqqət çəkən hadisələrdən biri oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən təkbətək görüşdür. Bu görüş Azərbaycan-Rusiya münasibətlərində yeni bir səhifənin başlanğıcı kimi qiymətləndirilir. Hər iki liderin görüşü konstruktiv atmosferdə keçib və regional məsələlərin, xüsusilə də iqtisadi, təhlükəsizlik və humanitar istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə edildiyi bildirilir. Görüş həm ikitərəfli əlaqələrin davamlılığını təmin etmək, həm də son vaxtlarda meydana çıxmış bəzi gərginliklərin aradan qaldırılması baxımından mühüm addım sayılır. Azərbaycan və Rusiya arasında tarixi əlaqələr, sərhədsiz qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşmış münasibətlər regional sabitliyin qorunmasında böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Düşənbə görüşü həm diplomatik, həm də simvolik anlamda əlamətdar hadisədir.

Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 11:18


Bölməyə aid digər xəbərlər