Səttar Möhbalıyev: "8 noyabr ədalətin zəfəri, liderin iradəsi, xalqın inamı, ordunun qələbəsi idi "

Səttar Möhbalıyev: "8 noyabr ədalətin zəfəri, liderin iradəsi, xalqın inamı, ordunun qələbəsi idi "

8 Noyabr-Azərbaycan xalqının tarixində ən möhtəşəm gün, yüzilliklərin həsrətini Zəfərə çevirmiş tarixi zirvədir. Bu gün yalnız bir ərazinin deyil, xalqın milli qürurunun, dövlətin siyasi iradəsinin və tarixi ədalətin bərpa günü kimi yaddaşlara həkk olundu. Bu Qələbə təkcə 44 günün salnaməsi deyil, 200 illik milli mübarizənin nəticəsi, xalqın, ordunun və dövlətin birliyinin möhtəşəm rəmzidir. Cənab Prezident İlham Əliyev deyirdi: “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
Azərbaycanın müasir tarixinin bütün mərhələlərində torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası dövlət siyasətinin əsas hədəfi olub. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir” ideyası cənab Prezident İlham Əliyevin liderliyi ilə milli güc konsepsiyasına çevrildi. Cənab Prezident İlham Əliyev bu siyasəti məqsədyönlü, prinsipial və qətiyyətli şəkildə həyata keçirdi. Onun rəhbərliyi ilə ordu quruculuğu strateji xətt kimi müəyyən olundu. Dövlətin illik büdcəsində hərbi xərclər sosial xərclərlə müqayisədə həmişə prioritet oldu. Bu isə planlı və sistemli şəkildə həyata keçirilən Qələbə hazırlığının göstəricisidir. .

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan ordusu gücləndi, müasir silah və texnika ilə təchiz edildi, çoxsaylı mənbələrdən alınan silahlarla strateji müstəqillik təmin olundu. Hərbi sənaye kompleksinin yaradılması sayəsində artıq Azərbaycan öz silahını, zirehli texnikasını, pilotsuz uçuş aparatlarını istehsal edən ölkəyə çevrildi. Bu siyasətin nəticəsində Azərbaycan həm hərbi, həm iqtisadi, həm də diplomatik sahədə öz gücünün miqyasını dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir və biz buna nail olduq.” Azərbaycan xalqına qarşı əsrlərdir aparılan sistemli deportasiyalar, qətliamlar, etnik təmizləmələr bir millətin iradəsini sarsıda bilmədi. 1905-ci, 1918-ci, 1948-1950-ci və 1988-1993-cü illər tariximizin qanlı səhifələri idi. Soyqırımlar, köçürmələr və işğallar Azərbaycan xalqını məhv etmədi, əksinə, onu daha möhkəm, daha əzmli etdi.

Bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşaması, viran qoyulmuş kəndlər, yandırılmış şəhərlər – bunların hər biri Vətən müharibəsinin mənəvi başlanğıc nöqtəsi idi. Ermənistanın 2020-ci ilin sentyabrında törətdiyi hərbi təxribat artıq qaçılmaz sonluğun başlanğıcı idi. Bu dəfə Azərbaycan “İrəli!” əmri ilə tarix səhnəsinə Dəmir yumruq kimi çıxdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Azərbaycan xalqı və ordusu 44 gün ərzində tarixin gedişatını dəyişdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa – bu adlar artıq Qələbə simvoluna çevrildi. Hər qələbənin arxasında minlərlə qəhrəmanın canı, şəhidin qanı vardı. Şuşanın azad olunması müharibənin taleyini həll etdi və rəsmi İrəvanı kapitulyasiyaya məcbur etdi. 9–10 noyabr tarixli Üçtərəfli Bəyanat isə Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsini rəsmiləşdirdi. Azərbaycan ordusu təkcə düşməni deyil, erməni mifini də məhv etdi. “Müharibə aparmaqda bacarıqsız” deyənlərin hamısı Azərbaycan modelinin şahidi oldu. XXI əsrin texnologiya və taktika birliyinə əsaslanan bu müharibə bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. Cənab Prezident İlham Əliyev dəfələrlə demişdir; “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh.” Müharibə təkcə cəbhə xəttində deyil, diplomatik və informasiya meydanında da aparılırdı. Cənab Prezident İlham Əliyev 44 gün ərzində dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verdi. Bu müsahibələr Azərbaycanın diplomatik mübarizəsini informasiya qələbəsinə çevirdi. Beynəlxalq tribunalarda, televiziya efirlərində, dünya auditoriyasında cənab İlham Əliyevin hər bir cümləsi gerçəklik, hüquq və qətiyyətin ifadəsi idi. Məhz bu çıxışlar nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini qəbul etdi, ədalətin yanında oldu.

Millət vəkili onu da bildirib ki, qardaş Türkiyənin dəstəyi Vətən müharibəsinin mənəvi sütunlarından biri idi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı bu müharibədə mənəvi və strateji gücün təzahürü idi. Şuşa Bəyannaməsi isə bu birliyi rəsmi müttəfiqliyə çevirdi. İndi Azərbaycan-Türkiyə münasibətləri regionun sülh və sabitlik dayağıdır. Prezident İlham Əliyevin dediyi kimi; “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.” Önəmli olan bir də odur ki, Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs Vətənin müdafiəsinə qalxdı. Xalq, ordu və dövlətin bu birliyi “Dəmir yumruq” anlayışına çevrildi. O yumruq ki, 200 illik ədalətsizliyi 44 günə sındırdı, ədaləti bərpa etdi.
Zəfər Günü təkcə keçmişin xatirəsi deyil, gələcəyin manifestidir.

Bu Qələbə ilə Azərbaycan xalqı sübut etdi ki, öz gücünə, öz liderinə və öz ordusuna inanan millət heç vaxt məğlub ola bilməz. Azərbaycanın bu Qələbəsi Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, cənab Prezident İlham Əliyevin dövlətçilik və liderlik məktəbinin parlaq nəticəsidir. Cənab Prezidentin sözləri ilə desəm “Biz tarix yazdıq, biz gələcək nəsillərə qürurla ötürüləcək Qələbə yaratdıq”-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.


Tarix: Dünən, 12:40


Bölməyə aid digər xəbərlər