
Elm və Dövlətçilik cənab Prezident İlham Əliyevin baxışında milli inkişafın intellektual fəlsəfəsidir. Azərbaycanın inkişaf modeli artıq uzun illərdir ki, bir prinsip üzərində qurulub: elmin, təhsilin və innovasiyanın milli dövlətçiliyin dayaqlarına çevrilməsi. Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində söylədiyi nitq bu fəlsəfənin parlaq təcəssümüdür. Bu çıxış sadəcə bir yubiley təbriki deyil, həm elmi düşüncənin dövlət idarəçiliyindəki yerini müəyyənləşdirən strateji bir proqram sənədidir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, dövlət başçısının sözlərində elmi fəaliyyətin hər bir istiqaməti – təhsil, texnologiya, gənclik siyasəti, innovasiya, ekoloji təhlükəsizlik, milli dəyərlər və qlobal rəqabət konsepsiyası ilə üzvi şəkildə əlaqələndirilirdi. Cənab Prezident İlham Əliyev elmin milli ideologiyanın təməl sütunlarından biri olduğunu bir daha aydın göstərdi: “Elm olmadan inkişaf mümkün deyil. Elm olmadan biz texnoloji tərəqqidən, iqtisadi gücdən və modern dövlət modelindən danışa bilmərik. Elmi nəticələr dövlətin siyasətini də, iqtisadiyyatını da, gələcəyini də formalaşdırır.” Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi əslində bir dövrün, bir epoxanın güzgüsüdür. Bu 80 il ərzində Akademiya Azərbaycan dövlətçiliyinin elmi dayağına, milli yaddaşın və intellektual potensialın qoruyucusuna çevrilib. Cənab Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, AMEA-nın rolu yalnız elmi-tədqiqatla məhdudlaşmamalıdır; o, həm də cəmiyyətin strateji düşüncə mərkəzi kimi fəaliyyət göstərməlidir. Bu, klassik elmi təsəvvürlərdən keyfiyyətcə yeni mərhələdir. Artıq elmin funksiyası təkcə məlumat toplamaq və araşdırma aparmaq deyil – o, dövlət siyasətinə, milli təhlükəsizliyə və iqtisadi planlaşdırmaya bilavasitə təsir edən praktik və analitik institut rolunu daşıyır. Cənab Prezidentin qeyd etdiyi kimi: “Biz elmi tədqiqatların nəticələrini ölkəmizin iqtisadi, sosial və texnoloji inkişafında görməliyik. Elm konkret nəticə ilə ölçülməlidir, onun məhsulu ölkənin gücünə çevrilməlidir.” Bu fikir, əslində, müasir elmi idarəetmə fəlsəfəsinin Azərbaycan modeli üçün proqram xarakteri daşıyır. Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, elmi yanaşma artıq idarəetmə sisteminin mərkəzinə yerləşdirilib. Bu, dövlətin inkişafında intuisiyadan çox analitik düşüncənin, hissdən çox bilik və sübuta əsaslanan qərarların prioritetliyidir. Bu yanaşma Azərbaycanı XXI əsrin intellektual dövlət modelinə gətirir. Ölkəmiz artıq yalnız təbii resurslara söykənmir – onun əsas sərvəti, cənab Prezidentin də dediyi kimi, insan kapitalı, alim potensialı və gənclərin yaradıcılıq enerjisidir. Dövlət başçısı qeyd etdi ki, gələcəyin əsas mübarizəsi enerji deyil, məhz bilgi savaşıdır. Rəqəmsal texnologiyalar, süni intellekt, kosmos və biotexnologiya kimi sahələrdə irəliləyiş elə bu günün elmi düşüncəsindən başlayır. “Əgər biz elmə, biliyə, təhsilə, yeni texnologiyalara sərmayə qoyuruqsa, deməli, gələcəyimizi təmin edirik,” – deyə Prezident İlham Əliyev vurğuladı. Bu fikrin arxasında bir dövlət strategiyası dayanır: Azərbaycanın postneft dövrü elmi və texnoloji tərəqqi əsasında formalaşmalıdır. Elm dövlətin təhlükəsizliyində də mühüm yer tutur. Müstəqil düşüncə, milli ideoloji immunitet, informasiya müharibələrinə qarşı dayanıqlıq – bütün bunlar elmi təfəkkürün məhsuludur. Prezident İlham Əliyev bu baxımdan alimlərin üzərinə düşən tarixi məsuliyyəti də aydın şəkildə göstərdi: “Azərbaycan elmi milli maraqlara xidmət etməli, dövlətin müstəqilliyini möhkəmləndirən ideoloji dayaqlardan biri olmalıdır.” Bu cümlə təkcə çağırış deyil, həm də milli ideologiyanın elmi əsaslarını müəyyən edən strateji istiqamətdir. Elmin bu gün Azərbaycanda qazandığı yüksək status həm də Prezidentin dövlət idarəçiliyində intellektual yanaşmanı prioritetə çevirməsinin nəticəsidir. Hər yeni layihə, hər yeni islahat elmi təhlil və analitik planlaşdırma üzərində qurulur. Prezident İlham Əliyevin nitqində diqqət çəkən mühüm bir məqam da gənc alimlərin dövlətin diqqət mərkəzində olması idi. Dövlət başçısı qeyd etdi ki, elmi potensialın yenilənməsi və gənclərin bu sahəyə marağının artırılması strateji vəzifədir. Bu, sadəcə kadr məsələsi deyil; bu, milli intellektual varisliyin qorunması deməkdir. Gənc alimlərin təşəbbüskarlığı, müasir texnologiyaları mənimsəməsi və qlobal elmi məkanda Azərbaycanın təmsilçisinə çevrilməsi dövlət siyasətinin prioritet istiqamətidir. “Gənclər elmi sevərək seçməlidirlər. Elmə xidmət etmək – Vətənə xidmətin ən ali formalarından biridir,” – deyə cənab Prezidentin sözləri, əslində, bir nəsil üçün çağırış kimi səsləndi.
Azərbaycan Milli Elmlər Akademiyası artıq təkcə elmi müəssisə deyil, dövlət siyasətinin analitik düşüncə mərkəzinə çevrilmək istiqamətində addımlar atır. Cənab Prezident İlham Əliyevin nitqi bu prosesi daha da sürətləndirəcək. Akademiyanın gələcək fəaliyyətində innovasiya, rəqəmsal transformasiya, strateji elmi tədqiqatlar və dövlət sifarişi əsasında aparılan layihələr prioritet olacaq. Elm bu gün artıq kabinetlərdə deyil, iqtisadiyyatın, sənayenin və texnologiyanın mərkəzində fəaliyyət göstərməlidir. Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyindəki çıxışı bir həqiqəti bir daha təsdiqlədi: Azərbaycan elmi bu gün dövlətin beyin mərkəzi, milli kimliyimizin, ideoloji sabitliyimizin və müstəqilliyimizin zəmanətidir. Bu nitq həm tarixə, həm gələcəyə baxış idi – elmi düşüncənin dövlət idarəçiliyində nə qədər həyati əhəmiyyət daşıdığını göstərən, milli ideya ilə elmi tərəqqini birləşdirən böyük strateji konsepsiya idi. Elm bu gün Azərbaycanın inkişaf xəritəsində yalnız bir sahə deyil – millətin ruhunun, dövlətin düşüncəsinin və gələcəyin zəfərinin simvoludur-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər










