Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır


Azərbaycanın elm və ədəbiyyat xadimləri əsrlər boyu yaratdıqları dəyərli əsərləri, dünya elminə bəxş etdikləri yenilikləri ilə bəşəriyyətin inkişafına mühüm töhfələr verib. Ölkəmizdə ali elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılıb. On beş nəfər elm adamının təsisçisi olduğu qurum yarandığı gündən dünya elminə mühüm töhfələr verməklə ölkəmizin adını həmişə zirvələrə qaldırıb.
AMEA-nın 80 illik yubileyini Azərbaycanda təntənəli şəkildə qeyd ediməsi də dövlət başçısı İlham Əliyevin iştirakı və tədbirdəki geniş, məzmunlu çıxışı Akademiyanın xalqımız üçün necə böyük əhəmiyyət daşıdığının təsdiqidir.
Ulu öndər Heydər Əliyev bu elm məbədinə hər zaman atalıq qayğısı ilə yanaşmışdır. Ümummilli lider Heydər Əliyevin “Biz yaradılmış elmi potensialı qoruyub saxlamalı, ondan bugünkü və gələcək müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik” fikirləri gün də öz akyuallığını qoruyub saxlayır. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, ictimai-siyasi həyatımızda baş verən dəyişikliklərə baxmayaraq, Akademiya Sovet dövründə də, müstəqillik illərində də öz prinsiplərinə sadiq qalmışdır.
Hələ ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti Prezident İlham Əliyev müstəqillik illərində də aparırdı. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alır, ixtisasını artırır. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.
Son 5 ildə işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunması AMEA-nın hər bir üzvünü yeni fundamental elmi nailiyyətlər əldə etməyə, dövlətimizin elmi potensialını daha da gücləndirməyə sövq edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında AMEA-nın elmi nailiyyətlərini yüksək qiymətləndirməsi və gələcək tədqiqatların inkişaf perspektivlərinə dair əhəmiyyətli tövsiyələri elmimizin daha da inkişaf etdirilməsi üçün gələcəyin yol xəritəsini ortaya qoydu.
Cənab Prezident yubiley mərasimindəki çıxışında qeyd etdi ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyəti ərzində ölkəmizin elmi, texnoloji və iqtisadi potensialının inkişafında mühüm rol oynayıb. Akademiyanın yaranmasından etibarən dövlət elmin inkişafını prioritet sahə kimi dəstəkləyib. İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsaitin daha böyük həcmdə ayrıldığını vurğulayan Prezident dedi: “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu “öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir”.
Azərbaycanın son on ildə əldə etdiyi uğurlara toxunan Prezident İlham Əliyev xüsusi vurğuladı ki, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə – torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.
Azərbaycan Prezidenti bu gün ölkəmizdə hərbi sənayenin inkişafından məmnun qaldığını ifadə edərək demişdir ki, hərbi sənaye sahəsi də sürətlə inkişaf edir. Pilotlu və pilotlu olmayan uçuş aparatları, müasir müdafiə texnologiyaları və robot texnikası Azərbaycanın müdafiə potensialını gücləndirir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa işləri, enerji layihələri və geoloji tədqiqatlar aparılır. Bu sahələr ölkədə iqtisadi inkişafı stimullaşdırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına və yerli texnologiyaların inkişafına töhfə verir.
Prezident İlham Əliyev Akademiyanın fəaliyyəti həm elmi, həm texnoloji, həm də iqtisadi sahələrdə Azərbaycanın inkişafını sürətləndirdiyini vurğulayaraq bildirdi ki, bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür.
Bu gün dünyanın hər yerində aktual olan süni intellektin ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi olduğuna toxunan dövlət başçısı bu sahədə ölkəmizdə görüləncək işlərin vacibliyini bir daha xatırlatdı. “On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.”
Prezident İlham Əliyev bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac olduğunu diqqətə çatdırdı. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.
Dilimizin saflığı, yad təsirlərdən qorunması yönündə aparılan işlərə qiymət verən ölkə rəhbəri bildirdi ki, on il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.
Prezident İlham Əliyev xüsusi vurğuladı ki, təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.
Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyi məsələlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması haqqında dedikləri orta və ali məktəblərdə dərs deyən müəllimlərin də üzərinə böyük vəzifələr qoyur. Dilimizin qorunması ailələrdən tutmuş uşaq bağçalarına, məktəblərdən tutmuş elm ocaqlarınadək bütün pillələrdə biz müəllimlər tərəfindən də diqqətdə saxlanılmalı, bir zamanlar Şərqin əsas ünsiyyət dili olan Azərbaycan dilinin yad ünsürlərdən qorunmasına öz töhfələrimizi verməliyik.

Maştağa qəsəbəsi, 108 nömrəli orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Samirə Dadaşova


Tarix: Bu gün, 14:21


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ