
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – 8 Noyabr, Şuşa şəhərinin azad olunduğu gündür. Bu tarix, təkcə bir şəhərin işğaldan xilasını deyil, xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçilik əzmini təcəssüm etdirir. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın tacı olan Şuşanı azad etdi. Bu hadisə illərlə ürəyimizdə yanan arzuya reallıq gətirdi, Azərbaycanın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Şuşa uğrunda döyüşlər Vətən müharibəsinin zirvə mərhələsi oldu. Düşmənin tank və ağır texnika ilə möhkəmləndiyi mövqelərə qarşı Azərbaycan əsgəri yalnız silahı, inamı və Vətən sevgisi ilə irəlilədi. Sıldırım qayalar, meşəlik dağlar, qarlı yamaclar keçilərək Şuşaya doğru hər addım qəhrəmanlıq səhifəsinə çevrildi. Bu əməliyyat təkcə hərbi taktikanın deyil, həm də milli ruhun təntənəsi idi. Əsgər və zabitlərimizin iradəsi qarşısında düşmən müqavimət göstərə bilmədi. Beləcə, Azərbaycan Ordusu “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi. Cənab Prezident İlham Əliyev bu Qələbəni elan edərkən tarixə çevrilən sözlər söylədi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masasında yox.” Bu ifadələr, xalqın illərlə içində yaşatdığı ümidin gerçəkləşdiyini göstərirdi. 8 noyabr – Azərbaycanın Qələbə Gününə çevrildi və Şuşa əbədi olaraq dövlətimizin azadlıq simvoluna döndü. Qarabağ Zəfərinin təməli Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası ilə qoyulmuşdu. O, müstəqilliyin ilk illərində Azərbaycanı parçalanmadan, xaosdan xilas edərək, gələcək qələbənin ideoloji və siyasi dayaqlarını qurdu. Cənab Prezident İlham Əliyev bu möhkəm təməlin üzərində iqtisadi və hərbi baxımdan qüdrətli dövlət formalaşdırdı. Son 20 ildə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Müasir texnika, intizamlı kadr potensialı, yüksək mənəvi ruh – bütün bunlar 2020-ci ildə tarixi Zəfəri mümkün etdi. BMT-nin illərlə kağız üzərində qalan qətnamələri Azərbaycan tərəfindən real addımlarla icra olundu. Bu, diplomatik qələbə deyil, ədalətin bərpası idi. Cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin başladığı işi möhtəşəm sonluğa çatdırdı və öz adını tarixin Müzəffər Sərkərdəsi kimi əbədiləşdirdi. Vətən müharibəsi günlərində xalq və lider birliyi özünün ən yüksək zirvəsinə qalxdı. Azərbaycan xalqı cənab Prezidentinin arxasında bir nəfər kimi durdu. Ordumuz cəbhədə döyüşərkən, xalq arxa cəbhədə dövlətin yanında oldu. Bu həmrəylik “dəmir yumruq” ifadəsində simvolik mənasını tapdı. “Bu yumruq birliyimizin rəmzidir. Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib. Bu birlik əbədi olacaq!” – deyə cənab Prezident İlham Əliyev Zəfər Günü müraciətində bildirmişdi. Bu birlik 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri zamanı da öz gücünü göstərdi. Cəmi 23 saat 48 dəqiqə ərzində separatçılığın kökü kəsildi, dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə Azərbaycanın tarixi iradəsinin davamlılığını və dövlət başçısının dəyişməz qətiyyətini bir daha təsdiqlədi.
Şuşa azad edildikdən dərhal sonra şəhərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Cənab Prezident İlham Əliyevin 2021-ci il yanvarın 14-də Şuşada ucaltdığı üçrəngli bayraq bu dirçəlişin başlanğıcını simvolizə etdi. “Zəfər Yolu”nun çəkilməsi, tarixi abidələrin bərpası, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərinin öz yerlərinə qaytarılması, yeni yaşayış massivləri və turizm obyektlərinin inşası – bunların hər biri Şuşanın həyatına yeni nəfəs gətirdi. Cənab Prezidentin sərəncamlarına əsasən, Şuşa 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı”, 2022-ci ildə “Şuşa İli”, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olundu. Bu qərarlar Şuşanın təkcə milli deyil, beynəlxalq mədəniyyət mərkəzinə çevrildiyini göstərir. Şuşada keçirilən “Xarıbülbül” festivalı və “Vaqif Poeziya Günləri” bir daha sübut etdi ki, bu qədim şəhər artıq işğalın izlərini silib və yenidən Qafqazın incisinə çevrilib. Cənab Prezident İlham Əliyevin hər Şuşa səfəri tarixi hadisəyə çevrilir. O, 2021-ci ilin yanvarında Şuşada Azərbaycan bayrağını qaldırarkən demişdi: “Bu bayraq burada əbədi dalğalanacaq.” Bu sözlər təkcə bir rəmz deyil, həm də dövlətin gələcəyinə ünvanlanmış inam bəyanatı idi. Dövlət başçısının Şuşaya sonrakı səfərləri – bərpa işləri ilə tanışlığı, yeni layihələrin açılışı, “Zəfər Yolu”ndan keçidi – xalqla lider arasında qırılmaz bağın, qələbənin canlı təcəssümüdür. Cənab Prezidentin hər addımı bu torpaqda qazanılan Qələbənin davamı, hər sözü isə gələcək nəsillərə ünvanlanmış vətənpərvərlik dərsidir.
Bu gün Şuşa yalnız bir şəhər deyil – o, Azərbaycanın milli iradəsinin, sarsılmaz birliyinin, dövlətçilik qüdrətinin rəmzidir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər










