Zəfərin mübarək Azərbaycan!

Zəfərin mübarək Azərbaycan!


Dünyanı öz qüdrəti ilə təəccübləndirən Azərbaycan tarixdə misli görünməmiş bir tarix yazdı. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Artıq bir neçə gündən sonra xalqımız şərəfli tarixini – Zəfər gününü qeyd edəcək. Dünyaya, düşmənə məğrur və yenilməz xalq olduğunu göstərən Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti və "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur", - deməsi böyük bir Zəfər tariximizə çevrildi. Bu tarix bu günün və gələcəyin nəsillərinə iftixar yaradan bir gün oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərimiz erməni işğalçılarından azad olundu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoymuş oldu. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycanın güclü ordusu, yenilməz ordusu bu tarixi bizlərə yaşatdı.
Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. Dövlət başçısı bildirib ki, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır.
Nəbi Hacıyev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 12:56


Bölməyə aid digər xəbərlər