
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edərək, Ana Qanunumuzda qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Qeyd edək ki, Milli Məclisin 1995-ci il 2 may tarixli qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirilib. Həmin iclasda çıxış edən Ulu Öndər Heydər Əliyev qeyd edib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması olduqca mühüm bir tarixi hadisədir: "Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik". Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də ictimai münasibətlərin tənzimlənməsi, daxili siyasətin inkişafı, xarici siyasətin müəyyənləşdirilməsi, hakimiyyət bölgüsü, demokratik təsisatların möhkəmləndirilməsi və fərdi azadlıqların qorunması kimi geniş sahələri əhatə edən strateji bir sənəddir. Konstitusiyanın müddəaları ölkədə sosial ədalətin, vətəndaş hüquqlarının və demokratik dəyərlərin qorunmasını təmin edərək milli dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycanın davamlı inkişafı, iqtisadi qüdrəti, beynəlxalq nüfuzu və güclü dövlət strukturu məhz Konstitusiyanın təmin etdiyi hüquqi və siyasi baza sayəsində mümkün olub. Ölkəmiz bu tarixi mərhələdə hüquqi dövlət prinsiplərinə, demokratik təsisatlara və suverenliyə bağlı olaraq inkişaf edir. İlk milli Konstitusiyanın qəbul olunması ilə yaradılmış bu hüquqi və siyasi baza həm də xalqın milli birliyinin, dövlətçilik iradəsinin və gələcəyə baxışının ifadəsidir.
Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri öz mənbəyini, məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürüb. Əsas Qanunda təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradıb. Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni və daha yüksək mərhələsinə qədəm qoyub.
Bu gün Azərbaycan qalib ölkə kimi dünyada tanınır. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və bu bayraq daim həmin ərazilərdə dalğalanacaq. 44 gün davam etmiş Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra Azərbaycan Konstitusiyasının tələblər və müddəaları yerinə yetirilib.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər








