Azərbaycan dövlətçiliyinin hüquqi təməli

Azərbaycan dövlətçiliyinin hüquqi təməli

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin tarixində mühüm əhəmiyyətə malik olan bayramlardan biridir. Bu gün Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, xalq hakimiyyətinin təmin olunması və dövlət quruculuğunun demokratik prinsiplər üzərində formalaşması baxımından xüsusi yer tutur. Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini ifadə edən, onun azadlığını, müstəqilliyini və hüquqlarını qoruyan ali qanundur. Azərbaycan xalqı əsrlər boyu dövlətçilik ənənələrinə malik olmuşdur.

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə anarxiya, siyasi və iqtisadi böhran hökm sürmüş, dövlət idarəçiliyi mexanizmləri formalaşmamış, qanunçuluğun və vətəndaşların təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində ölkədə təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaradıldı.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Yeni Konstitusiya ölkənin siyasi sistemini, idarəetmə formasını, insan və vətəndaş hüquq və azadlıqlarını, dövlətin əsas prinsiplərini müəyyənləşdirdi. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunudur. Onun qəbul edilməsi ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə güclü təkan verildi. Konstitusiyada dövlətin əsas prinsipləri – xalq suverenliyi, hakimiyyət bölgüsü, hüququn aliliyi, insan və vətəndaş hüquqlarının qorunması kimi dəyərlər təsbit olundu. Burada Azərbaycan dövlətinin milli, demokratik və unitar respublika olduğu, dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu aydın şəkildə göstərildi. Azərbaycan Respublikasının Konstitusiyası həm də insan və vətəndaş hüquq və azadlıqlarının təminatı baxımından mühüm sənəddir. Konstitusiyada hər bir vətəndaşın yaşamaq, azadlıq, mülkiyyət, söz, vicdan, din, təhsil və əmək hüquqları kimi əsas azadlıqları öz əksini tapmışdır. Bu hüquqların qorunması dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Konstitusiya Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən hüquqi bazadır.” 1995-ci ildən sonra ölkədə həyata keçirilən hüquqi islahatlar, demokratik dəyərlərin möhkəmləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi bu sənədin əsas prinsiplərinə söykənmişdir. Zaman keçdikcə ölkənin inkişafı, beynəlxalq əlaqələrinin genişlənməsi və ictimai münasibətlərin dəyişməsi yeni tələblər doğurmuş, bu səbəbdən də Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Konstitusiyanın bir sıra maddələrinə düzəlişlər edilərək dövlət idarəçiliyi sisteminin daha çevik və effektiv fəaliyyət göstərməsi təmin olunmuşdur. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi sabitliyinin, sosial ədalətin və hüquqi dövlət quruculuğunun əsas təminatçısıdır. O, həmçinin Azərbaycan xalqının milli birliyini, müstəqilliyini və azadlıq iradəsini əks etdirən mühüm rəmzdir. Konstitusiyanın ruhuna sadiqlik hər bir vətəndaşın borcudur. Hər il 12 Noyabr tarixi ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Bu gün dövlət idarə və müəssisələrində, təhsil ocaqlarında müxtəlif tədbirlər, konfranslar, maarifləndirici görüşlər keçirilir, gənc nəslə Konstitusiyanın mahiyyəti, onun dövlət və cəmiyyət üçün əhəmiyyəti izah edilir. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını qoydu. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin, beynəlxalq dostluq və əməkdaşlıq şəraitində inkişafın təmin edilməsi üçün mühüm hüquqi baza rolunu oynadı. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu müqəddəs məqsədə yönəlmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha prinsipial və cəsarətlə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə inamla irəliləyir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi, artıq ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir dövrdə yaşayırıq. Bu reallığı və 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində Qələbəmizin isə 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar həm Konstitusiyamızın ali dəyərlərinin, həm də xalqımızın azadlıq və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün Azərbaycan dövləti hüquqa, ədalətə, milli həmrəyliyə və sarsılmaz suverenliyə əsaslanaraq inamla inkişaf edir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqilliyini, birliyini və azadlıq ruhunu əks etdirən əbədi rəmzdir. Onun prinsiplərinə sadiqlik isə hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri


Tarix: Bu gün, 14:53


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ