
12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edərkən çıxış edib. Dövlət başçısının nitqi həm yeni təyinatlar üçün istiqamət xarakteri daşıyıb, həm də ölkənin ümumi inkişaf prioritetlərini özündə əks etdirib.
Çıxışın əsas xəttini xidmət, məsuliyyət və ədalət prinsipləri təşkil edirdi. Dövlət başçısı qeyd etdi ki, məmurlara göstərilən etimad yalnız vəzifə deyil, həm də böyük məsuliyyətdir. Yeni təyin olunan rəhbərlərdən gözlənilən əsas vəzifə xalqın etimadını doğrultmaq, fəaliyyətlərini konkret nəticələrlə sübut etməkdir.
Cənab Prezidentin çıxışında ölkənin sosial infrastrukturunun inkişafı xüsusi yer tutdu. O, vurğuladı ki, hazırda ölkənin demək olar ki, bütün şəhərlərində içməli su və kanalizasiya layihələri uğurla icra olunur. Bu, insanların rifahının artırılması və sağlam həyat şəraitinin təmin edilməsi baxımından mühüm addımdır.
Eyni zamanda, ekoloji məsələlərə toxunan dövlət başçısı bölgələrdə təbii balansın qorunmasının vacibliyini önə çəkdi. Onun fikrincə, iqtisadi inkişafla yanaşı, ətraf mühitin mühafizəsi və təbiətə qayğı da dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmalıdır.
İdarəçilik mədəniyyəti mövzusuna da xüsusi diqqət yetirən Cənab Prezident İlham Əliyev rəhbər şəxslərin təvazökar, məsuliyyətli və nümunəvi davranış sərgiləməsinin vacibliyini qeyd etdi. O bildirdi ki, vəzifə sahibi sadəcə inzibati rəhbər deyil, eyni zamanda cəmiyyətə mənəvi örnək olmalıdır.
Cənab Prezidentin çıxışında sosial ədalət prinsipinin qorunması və gücləndirilməsi də əsas vurğulardan biri idi. O, hər bir dövlət məmurunun fəaliyyətində bu prinsipin rəhbər tutulmasının zəruriliyini qeyd etdi. Dövlətin məqsədi yalnız iqtisadi göstəriciləri yaxşılaşdırmaq deyil, eyni zamanda ədalətli və bərabər imkanlar yaradan cəmiyyət formalaşdırmaqdır.
Ölkə başçısı həmçinin son illərdə infrastruktur və şəhərsalma sahəsində görülən böyük işlərdən danışdı. Bakıdan tutmuş ən ucqar bölgələrədək yollar, körpülər, su və enerji layihələri müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Prezident bu layihələri ölkənin ümumi inkişaf strategiyasının əsas dayaqlarından biri kimi qiymətləndirdi.
Kadr islahatları mövzusuna toxunarkən dövlət başçısı bildirdi ki, son illərdə mərkəzi və yerli icra orqanlarında aparılan dəyişikliklər idarəetmədə şəffaflığı və səmərəliliyi artırıb. Yeni təyin olunan məmurlar bu prosesi davam etdirməli, öz bölgələrində vətəndaş məmnunluğunu təmin etməyə çalışmalıdırlar.
Ümumilikdə, Prezident İlham Əliyeving çıxışı dövlət idarəçiliyinin gələcək kursunu aydın şəkildə müəyyənləşdirdi. O, sosial ədalət, ekoloji məsuliyyət, infrastrukturun müasirləşməsi və təvazökar rəhbərlik kimi dəyərləri ön plana çıxararaq göstərdi ki, Azərbaycanın məqsədi yalnız iqtisadi böyümə deyil, ədalətli, inkişaf etmiş və xalqına xidmət edən dövlət modelinin formalaşdırılmasıdır.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Aslanlı
Bölməyə aid digər xəbərlər







