
23.11.2025-ci il tarixində “LS Academy”nin direktoru, bir neçə dövlət və digər uğurlu layihələrin rəhbəri olan Lalə Şirinzadə tərəfindən “Gənclərin xidmətlərinin yüksək qiymətləndirilməsi” mövzusunda ölkənin fəal gəncləri ilə yeni görüş keçirilib. Qeyd edək ki, “LS Academy" artıq bu kimi tədbirlərin təşkilində sözünü demiş, təşkilatçı şirkətlər və fəal gənclər arasında böyük hörmət və güvən qazanmışdır.
aia.az xəbər verir ki, tədbirin gedişində peşəkar jurnalist, Beynəlxalq Turan Təşkilatının və Beynəlxalq Narkotiklə Mübarizə Federasiyasının Azərbaycan təmsilçiliyinin rəhbəri Orxan Şahbazov, 50-dən çox elmi məqalənin, 500-dən çox ictimai-siyasi yazının müəllifi Fərid Mustafayev, “Yüceller Film Yapım” və “Türk Haber Ajansı”nın təsisçi direktoru Metin Yücel və AMEA Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış etmişlər.
Orxan Şahbazov Turan ideologiyasının təbliğat kampaniyasında gənclərin rolu, bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyət daşıyan məsələlər, həmçinin milli kimliyin qorunması mövzularında çıxış edib. Orxan bəy bu cür tədbirlərin gənclərin intellektual potensialının güclənməsində və sağlam ideoloji baza üzərində formalaşmasında böyük rol oynadığını bildirib və tədbirin yüksək səviyyədə təşkilinə görə “LS Academy”nin rəhbəri Lalə Şirinzadəyə xüsusi təşəkkürünü ifadə edib.
Fərid Mustafayev Həmkarlar İttifaqının üzvüdür və hazırda Ulu Öndər Heydər Əliyevin həyatına həsr olunmuş elmi-ictimai-siyasi kitab üzərində işləyir. Fərid bəy gənclərlə və ictimaiyyətlə fəal iş aparır. “Gənclərin xidmətlərinin yüksək qiymətləndirilməsi” tədbirində sözçü qismində çıxış etməyin onun üçün şərəf olduğunu vurğulayan Fərid bəy tədbirin yüksək səviyyədə təşkilindən danışıb. Elm, milli dəyərlər, ictimai fəaliyyət və gənclər siyasətinin inkişaf mərhələləri barədə çıxışlar edən Fərid Mustafayev sual-cavab sessiyasında gənclərin fəallığının yüksək olduğunu qeyd edib. O, belə tədbirlərin fəal gənclərin tanıdılmasında mühüm rol oynadığını deyərək, təşkilatçı Lalə xanım Şirinzadəyə və “LS Academy”nin bütün peşəkar kollektivinə dərin təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Metin Yücel tədbirdə Türk Dünyasının ideoloji birliyi, regional əlaqələrin inkişafı və birgə elmi-mədəni layihələrin əhəmiyyəti barədə fikirlər səsləndirib. Film istedadı olan gəncləri “LS Academy”nin rəhbərliyi ilə keçiriləcək açıq seçimlərə dəvət edib. Türk sözçü qonağımız “LS Academy”nin rəhbərliyini, xüsusilə də Lalə xanım Şirinzadəni bu fəaliyyətlərinə görə təbrik edib və gələcəkdə daha sıx əməkdaşlıq təklif edib.
Sübhan Talıblı 2 kitabın, 22 fənn proqramının və 120-dən çox elmi tezis və məqalənin müəllifidir. Bir neçə ölkədə təşkil olunmuş beynəlxalq elmi konfranslarda ölkəmizi təmsil edib. “Gənclərin xidmətlərinin yüksək qiymətləndirilməsi” tədbirində sözçü kimi çıxış etməsindən xüsusi qürur duyduğunu bildirən Sübhan Talıblı, vətənpərvər və öz ixtisasında peşəkar olan gənclərlə fikir mübadiləsinin yüksək səviyyədə olduğunu qeyd edib. O, bu cür fəal gəncləri bir araya gətirdiyinə və onların potensialını üzə çıxarmağa şərait yaratdığına görə “LS Academy”yə, xüsusən də təşkilatçı Lalə xanıma dərin minnətdarlığını ifadə edib.
Biz də öz növbəmizdə Lalə xanım Şirinzadəyə bu cür tədbirlər və layihələr təşkil etdiyinə, özü də gənc olmasına baxmayaraq gənclərin inkişafında böyük rol oynadığına, hər zaman onların yanında durduğuna, bacarıqlarını dəyərləndirərək üzə çıxardığına və onlara peşələrinə uyğun dəstək göstərdiyinə görə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətində daha böyük uğur və nailiyyətlər arzulayırıq.














Bölməyə aid digər xəbərlər








