Səttar Möhbalıyev: Dövlətə qarşı kölgə koalisiyası, Mehdiyev–Kərimli xəttinin gizli strategiyası

Səttar Möhbalıyev: Dövlətə qarşı kölgə koalisiyası, Mehdiyev–Kərimli xəttinin gizli strategiyası

Azərbaycan siyasi tarixində bəzən bir-birinə zidd görünən fiqurların ortaq maraqlar ətrafında yaxınlaşması faktı yalnız kulislərdə deyil, açıq ictimai müzakirələrdə də öz izlərini buraxır. Son illərin ən çox mübahisə doğuran məsələlərindən biri də Ramiz Mehdiyev–Əli Kərimli xəttində zaman-zaman formalaşan, lakin heç vaxt öz mahiyyəti tam açıqlanmayan siyasi yaxınlaşmadır. Bu münasibət, təsadüfi paralellərdən ibarət deyil, əksinə – müəyyən dövrlərdə siyasi məqsədlərin üst-üstə düşməsi üçün yaranan taktiki ittifaq görüntüsüdür.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycanın siyasi sistemində uzun illər yüksək mövqedə təmsil olunan Ramiz Mehdiyev və özünü ənənəvi müxalifətin lideri kimi təqdim edən Əli Kərimli, Milli Şura rəhbərlərindən Cəmil Həsənli və Gültəkin Hacıbəyli ictimai baxışda bir-birindən uzaq siyasi qəliblərin nümayəndələri kimi görünsələr də, müəyyən dövrlərdə onların hakimiyyətin formalaşdırılması və yenidən bölüşdürülməsi ilə bağlı oxşar planlar irəli sürdükləri də ortadadır. Siyasi diskursda geniş yayılan fikirlərə görə, hər iki fiqur öz təsir dairəsinə uyğun olaraq hakimiyyətin paradiqmasını dəyişdirməyə çalışıb: Mehdiyev – sistem içindən, Kərimli – sistem xaricindən. Maraqlısı budur ki, bu iki xəttdə zaman-zaman kəsişmələr meydana çıxıb. Milli Şura ideyası 2013-cü ildə müxalifət üçün “vahid platforma” kimi təqdim olunsa da, həm təşkilati zəiflik, həm liderlik ambisiyası, həm də xarici təsirlərin uyğunsuzluğu səbəbilə qısa zamanda fiaskoya uğradı. Bu layihənin arxasında hansı qüvvələrin dayandığına dair müxtəlif versiyalar səsləndirilsə də, ən maraqlı iddialardan biri budur ki, layihə müəyyən məqamlarda Ramiz Mehdiyevin daxili siyasi balans planları ilə səsləşirdi. Milli Şura – xarici görünüşdə müxalif koalisiya, mahiyyətdə isə bəzi köhnə idarəçilik dairələrinin “hakimiyyət transformasiyası” təcrübəsinin sınaq modeli idi. Müxtəlif mənbələrdə Əli Kərimlinin “Qafqaz baharı” konsepsiyasını gündəmə gətirməsi, bu ideyanı Orta Şərq modellərinə bənzər şəkildə təqdim etməsi geniş polemika doğurub. Bu, təkcə daxili siyasi mübarizə üçün deyil, regionun geosiyasi xəritəsinin dəyişdirilməsi üçün nəzərdə tutulmuş bir plan kimi qiymətləndirilirdi. Maraqlıdır ki, həmin dövrdə Ramiz Mehdiyevin postsovet məkanında baş verən siyasi transformasiyalara xüsusi maraq göstərməsi bu ideyanın müəyyən dairələr tərəfindən dəstəklənməsi barədə suallar yaradırdı. Ramiz Mehdiyev və Əli Kərimlini birləşdirən oxşarlıqlar təsadüfi deyil. Hər ikisi tələbələrinə böyük təsir göstərən siyasi ideoloji məktəblər formalaşdırıblar. Hər ikisi uzun illər siyasi proseslərə kənardan yön verməyə çalışıblar. Hər ikisi öz ambisiyalarını sistemin mərkəzində görmək istəyib. Hər ikisi üçün hakimiyyət yalnız məqsəd deyil, həm də siyasi varlıq funksiyası daşıyır. Bu oxşarlıqlar onların müəyyən dövrlərdə bir-birini tamamlayan fiqura çevrilməsi ehtimalını gücləndirir. Əli Kərimlinin liderlik etdiyi AXCP ənənəvi müxalifətin əsas sütunu kimi təqdim olunsa da, bu təşkilatın 1990-cı illərin sonlarından etibarən cəmiyyətdə real dayaqlarının zəifləməsi onun fəaliyyətini daha çox xarici təsir vektorlarına bağladı. AXCP-nin “müxalifətin başında yalnız biz durmalıyıq” iddiası daxili rəqabəti kəskinləşdirərək Milli Şura daxilində parçalanmanı daha da sürətləndirdi. Siyasi kulislərdə ən çox müzakirə edilən məqamlardan biri də Əli Kərimlinin Dövlət Şurası adlı strukturu “post-krizis model” kimi görməsi və bu qurumda özünə xüsusi rol nəzərdə tutması haqda iddialardır. Maraqlıdır ki, həmin dövrdə Ramiz Mehdiyevin də dövlət idarəçiliyinə yeni formatda qayıtmaq istəyinə dair müzakirələr intensivləşmişdi. Bu isə iki fiqurun gizli paralelliyinə yenidən işıq salırdı. Əli Kərimlinin illərdir mitinqləri “siyasi təzyiq” vasitəsi kimi təqdim etməsi təsadüfi deyil. Lakin təşkilati baxımdan bu aksiyaların kimlər tərəfindən maliyyələşdirildiyi, hansı informasiya mənbələri tərəfindən dəstəkləndiyi, xarici dairələrlə koordinasiya olunub-olunmadığı hələ də açıq sual olaraq qalır və təbbi ki, bunların hamısı araşdırılacaq. Bu planlarda iştirak etdiyi iddia olunan digər şəxslər – siyasi ambisiya sərgiləyən keçmiş məmurlar, xaricdə fəaliyyət göstərən anti-Azərbaycan dairələr və radikal mühacir qruplarıdır. Onların rolu isə daha çox "arxa-səhnə koordinasiyası" ilə izah olunur.

Millət vəkili onu dabildirib ki, AXCP-nin bəzi beynəlxalq qurumlarla, regiondakı qeyri-hökumət şəbəkələri ilə uzunmüddətli əlaqələri haqqında açıq və gizli məlumatlar mövcuddur. Bu təşkilatın maliyyə və təlim dəstəyinin müəyyən xarici strukturlardan gəldiyi ilə bağlı iddialar mütəmadi gündəmə gətirilir. Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqazda təsirini bərpa etmək cəhdi fonunda bəzi rusiyalı azərbaycanlı biznes qruplarının Azərbaycana qarşı siyasi manipulyasiyalar üçün istifadə edilməsi də güclənib. Onlar sosial şəbəkələrdə bot şəbəkələr, maliyyə kanalları, saxta siyasi təşəbbüslərilə anti-Azərbaycan fəaliyyətlərin təşkilində “təzyiq aləti” kimi görünür. Siyasi diskursda “boz kardinal” kimi təqdim olunan şəxsin Əli Kərimli ilə müxtəlif illərdə gizli görüşlər keçirdiyi haqda məlumat və xəbərlər də geniş yer alır. Bu görüşlərdə mitinq planları, informasiya kampaniyaları, siyasi narazılıqların alovlandırılması müzakirə olunduğu bildirilir. Müxtəlif dövrlərdə Azərbaycanın sabitliyinə qarşı hazırlanmış gizli mesajlar, siyasi çağırışlar və çevriliş ssenarilərinin kökündə isə xarici təsirlər, daxildəki ambisiya qrupları, ənənəvi müxalifətin bəzi radikal elementləri dayaır. Rusiya-Ukrayna müharibəsindən sonra Qafqazda “yenidən təsir yaratmaq” planına gəldikdə deməliyəm ki, Moskvanın savaş sonrası postsovet məkanında təsirini gücləndirmək istəyi fonunda Azərbaycan daxilində gərginlik yaratmağa çalışan qruplar meydana çıxır. Bu qrupların bir qismi mühacir müxalifəti ilə, digər qismi isə keçmiş idarəçilik sisteminə bağlı şəxslərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu planların mərkəzində Azərbaycanı zəiflətmək, regiondakı geosiyasi balansı dəyişmək və Qafqazda “köhnə təsir sistemini” bərpa etmək niyyətləri dayanır.

Bu gün Azərbaycan güclü dövlətçilik platformasına, milli birliyə və liderlik modelinə sahibdir. Lakin bütün bunlara baxmayaraq, siyasi kulislərdə keçmişdən qalma şəbəkələrin, kölgə dairələrinin və xarici manipulyasiya mərkəzlərinin fəaliyyət cəhdləri hələ də davam edir. Ramiz Mehdiyev – Əli Kərimli paralelliyi isə bu proseslərin ən qaranlıq və ən çox sual doğuran hissəsidir. Bu əlaqələrin tam mahiyyəti hələki açılmamış qalsa da bir həqiqət hamıya məlumdur ki, Azərbaycan dövləti sabitliyi hədəfə alan istənilən ssenarini zərərsizləşdirmək gücündədir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb. .


Tarix: Bu gün, 17:49


Bölməyə aid digər xəbərlər