
Dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı təkcə bir infrastruktur layihəsinin istifadəyə verilməsi deyil, müasir Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi gücünün və tarixi ədalətin bərpasının rəmzi təntənəsi kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu açılışda iştirakı, yeni həyata qədəm qoyan ağdamlılarla birbaşa görüşü Böyük Qayıdışın artıq geri dönməz mərhələyə keçdiyini bir daha təsdiqlədi.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Ağdam işğal dövründə məqsədli şəkildə urbisidə – şəhər qətliamına məruz qalmışdı. Ermənistan dövləti bu şəhəri sadəcə dağıtmamış, eyni zamanda Azərbaycan xalqının tarixi yaddaşını, mədəni irsini silmək niyyəti güdmüşdü. Cənab Prezidentin dediyi kimi: “Məqsəd bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər.” Bu “səhv” bu gün Ağdamda ucalan yeni binalarda, abad yollarında, həyat dolu məhəllələrdə öz aydın cavabını tapır. 13 hektardan artıq ərazini əhatə edən, 11 məhəllədən ibarət olan 2-ci yaşayış kompleksi 1268 mənzillə minlərlə insanın doğma yurda qayıdışına şərait yaradır. Təkcə bu faktın özü göstərir ki, Böyük Qayıdış sadəcə dövlət proqramı deyil, xalq-dövlət birliyinin məhsulu olan milli hərəkatdır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Artıq ‘Böyük Qayıdış’ Proqramının əyani təzahürlərini hər kəs görə bilir.” Bu proqramın arxasında sabit siyasi xətt, maliyyə-intizamlı iqtisadi model və xalqın ideoloji həmrəyliyi dayanır. Məhz bu üç sütun Azərbaycanı postmünaqişə mərhələsində dünyanın nadir uğur nümunələrindən birinə çevirib.
Millət vəkili onu da bildirib ki, yeni yaşayış kompleksində yaradılan şərait – daimi kommunal təminat, sürətli internet, yeraltı dayanacaqlar, uşaq və idman meydançaları onu göstərir ki, dövlət yalnız ev tikmir, insan üçün həyat qurur. Paralel olaraq Ağdam Sənaye Məhəlləsinin inkişafı, 30-dan çox rezidentin qeydiyyata alınması cənab Prezidentin dediyi kimi, Ağdamı gələcəkdə ölkənin dördüncü böyük sənaye mərkəzinə çevirmək hədəfinin real əsaslara söykəndiyini göstərir. Bu, iqtisadi baxımdan son dərəcə mühüm mesajdır: Qarabağ yalnız bərpa edilmir, inkişafın lokomotivinə çevrilir. Prezident İlham Əliyevin çıxışında İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı bir daha tarixi və hüquqi kontekstdə qiymətləndirildi. Dövlət başçısının sözləri bu mərhələnin mahiyyətini açıq ifadə edir: “Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib.” Bu Qələbə yalnız torpaqların azadlığı deyil, milli ləyaqətin, beynəlxalq hüququn və dövlət suverenliyinin bərpası idi. Ağdamda açılan hər bir bina, çəkilən hər bir yol həmin Qələbənin maddi-sosial davamıdır. Cənab Prezidentin çıxışında xüsusi yer tutan məqamlardan biri də tarixi yaddaşın qorunması idi. “Unutmamalıyıq” çağırışı sadəcə emosional ritorika deyil, gələcək nəsillər üçün strateji və ideoloji yol xəritəsidir. Çünki sülh yalnız güclü yaddaş və güclü dövlət üzərində qurula bilər. Beləcə də Ağdam artıq Azərbaycan dövlətçiliyinin güzgüsünə çevrilir.
Onu da deməliyəm ki, bu gün Ağdamda baş verənlər bir şəhərin dirçəlişi deyil, Azərbaycan dövlətçiliyinin güzgüsüdür. Burada cənab Prezidentin siyasi uzaqgörənliyi, iqtisadi modelin dayanıqlığı və xalqın sarsılmaz iradəsi eyni nöqtədə birləşir. Ağdamın 2-ci yaşayış kompleksi Böyük Qayıdışın növbəti ünvanı olmaqla yanaşı, Azərbaycanın postmünaqişə dövründə dünyaya təqdim etdiyi uğur konsepsiyasının canlı sübutudur. Bu konsepsiyanın adı isə birdir: Qələbədən quruculuğa, quruculuqdan əbədi yurda dönüş-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər








