
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, dövlətçilik iradəsinin və milli birlik ideyasının məntiqi nəticəsi kimi formalaşaraq dövlət bayramı səviyyəsinə yüksəlib. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının ortaq tarix, milli kimlik və vətən sevgisi ətrafında birləşməsini simvolizə edir.
Qədim və zəngin tarixə malik Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik və milli birlik uğrunda mübarizə aparıb. Tarixi-siyasi proseslər nəticəsində müxtəlif dövrlərdə soydaşlarımız dünyanın müxtəlif ölkələrinə köçsələr də, onların milli-mənəvi dəyərlərə bağlılığı heç vaxt zəifləməyib. Məhz bu bağlılıq dünya azərbaycanlılarının həmrəyliyinin əsasını təşkil edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycanlıların milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib. Bu gün Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən mühüm ictimai-siyasi hadisə kimi dəyərləndirilir. Həmrəylik ideyası müstəqil dövlətçilik uğrunda aparılan mübarizədə xalqın mənəvi dayağı olub və bu gün də öz aktuallığını qoruyur.
Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız yaşadıqları cəmiyyətlərdə fəal həyat sürür, işləyir, fəaliyyət göstərir, eyni zamanda Azərbaycanla bağlı milli-mənəvi varlıqlarını yaşadırlar. Onları birləşdirən əsas amil müstəqil və suveren Azərbaycan dövlətinə olan inam və ümiddir. Dünya azərbaycanlıları üçün Azərbaycan Respublikası yeganə və bölünməz vətən hesab olunur.
Bu baxımdan dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasında məhz Azərbaycan dövlətçiliyinə sədaqət dayanır. Xalqımızın dilinə, dininə, milli-mənəvi dəyərlərinə hörmət, onların qorunması və yaşadılması hər bir azərbaycanlının əsas vəzifəsi kimi qəbul edilir. Bu dəyərlər həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız arasında milli birliyi möhkəmləndirən əsas amillərdir.
Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi ideyasının formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Onun siyasi iradəsi və uzaqgörənliyi nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu və milli birlik ideyası sistemli xarakter alıb. Heydər Əliyevin “Bizim hamımızın bir Vətəni var — Azərbaycan” fikri dünya azərbaycanlıları üçün əsas ideoloji xəttə çevrilib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsinə, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə və milli maraqların beynəlxalq müstəvidə qorunmasına xüsusi önəm verir. Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bayram xarakteri daşımır, eyni zamanda milli şüurun möhkəmləndirilməsi, vətənə bağlılıq hissinin gücləndirilməsi və gələcək nəsillərə milli dəyərlərin ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün hər bir azərbaycanlı üçün harada yaşamasından asılı olmayaraq, milli kimliyinə və dövlətinə sədaqətin ifadəsidir.
Nəticə etibarilə, dünya azərbaycanlılarının həmrəyliyi xalqımızın güc mənbəyi, dövlətçiliyimizin möhkəm dayağıdır. Bu birlik Azərbaycanın beynəlxalq mövqelərinin
güclənməsinə, milli maraqların qorunmasına və ölkəmizin davamlı inkişafına xidmət edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu sarsılmaz birliyin və milli iradənin parlaq təcəssümüdür.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il 31 dekabr tarixində qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi ideyası 1989-cu ilin dekabrında Naxçıvanda Araz çayı boyunca baş verən tarixi hadisələrdən sonra formalaşıb. 1991-ci ildə isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr rəsmi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır və bu gün onların milli birlik və həmrəyliyinin rəmzi kimi qeyd olunur.Məndə öz növbəmdə 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıları təbrik edir,onlara möhkəm birlik,sarsılmaz həmrəylik və uğurlar arzulayıram.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta ümumtəhsil məktəbinin
əməkdaşı Badam Muradova
Bölməyə aid digər xəbərlər








