44 günlük Vətən müharibəsində də xalq bir yumruq kimi birləşdi, döyüş meydanında əsgər, informasiya meydanında isə hər bir vətəndaş öz vətənpərvərliyini nümayiş etdirdi

44 günlük Vətən müharibəsində də xalq bir yumruq kimi birləşdi, döyüş meydanında əsgər, informasiya meydanında isə hər bir vətəndaş öz vətənpərvərliyini nümayiş etdirdi

Azərbaycan xalqı tarix boyu bir çox siyasi, coğrafi və ideoloji maneələrlə üzləşmiş, lakin heç vaxt milli kimliyindən, mənəvi köklərindən və birliyindən vaz keçməmişdir. Zəngin tarixi olan xalqımız dəfələrlə bölünüb, parçalanıb, lakin zaman-zaman sübut edib ki, millətin gücü onun birliyindədir. Xüsusilə 20-ci əsrin sonlarında yaşanan ictimai-siyasi proseslər bu mənəvi birliyin gücünü bir daha göstərdi.
1989-cu ilin dekabrında SSRİ-nin zəiflədiyi bir dövrdə, Azərbaycan xalqı tarixi və mənəvi bir addım atdı. 31 dekabr 1989-cu ildə minlərlə azərbaycanlı Naxçıvan MSSR ilə İran İslam Respublikası arasında yerləşən Araz çayı boyunca çəkilmiş tikanlı məftilləri sökərək, uzun illər bir-birindən ayrı düşmüş soydaşlarımızla fiziki və mənəvi sərhədləri aşdı. Bu hadisə sadəcə bir sərhədin sökülməsi deyildi – bu, bir millətin parçalanmaya qarşı etirazı, azadlıq və birliyə çağırışı, millət kimi özünüdərki idi. Bu hadisə Azərbaycan tarixində xalq iradəsinin ilk açıq, cəsarətli təzahürlərindən biri olaraq yadda qaldı və milli oyanışın simvoluna çevrildi. İnsanlar sərhədin hər iki tərəfində göz yaşları içində bir-birinə qovuşur, "biz bir millətik" deyə hayqırırdı. Baş verən proseslər eyni zamanda Azərbaycanda milli azadlıq hərəkatının güclənməsinə və xalqın öz taleyinə sahib çıxmaq əzminə ciddi təkan verdi. Azərbaycan xalqı göstərdi ki, süni sərhədlərlə bölünsə də, mənəvi birliyi və milli kimliyi parçalanmazdır. Bu hadisə həm də digər azərbaycanlı icmalara – diaspor nümayəndələrinə – milli kimliklərini qorumaq və bir araya gəlmək mesajı idi. Ulu Öndər Heydər Əliyev, xalqın bu tarixi addımını yüksək qiymətləndirərək, 1991-ci ildə dekabrın 31-nin "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" kimi qeyd olunması təşəbbüsü ilə çıxış etdi. Onun bu qərarı həm siyasi, həm mənəvi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyırdı.
Bu gün də Azərbaycan xalqının həmrəyliyi ən mühüm strateji dəyərlərdən biridir. 44 günlük Vətən müharibəsində də xalq bir yumruq kimi birləşdi, döyüş meydanında əsgər, informasiya meydanında isə hər bir vətəndaş öz vətənpərvərliyini nümayiş etdirdi. Diaspor təşkilatları xaricdə Azərbaycan həqiqətlərini yaydı, xalq birliyi isə qələbəyə zəmin yaratdı. Milli həmrəylik — dövlətçiliyimizin dayağı, gələcəyimizin təminatıdır. Bu birlik qorunduqca, Azərbaycan güclü olacaq, sarsılmayacaq. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə təqvimdə qeyd olunan bir bayram deyil, bu gün xalqımızın bölünməzliyinin, tarixi iradəsinin, milli birliyinin və gələcəyə olan inamının rəmzidir. Bu həmrəyliyi qorumaq və gücləndirmək isə hər bir azərbaycanlının borcudur — harada yaşamasından asılı olmayaraq. Birlik – gücdür. Həmrəylik – varlıqdır. Bu gücü birlikdə daima yaşadaq.
Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
tarix müəllimi Xəyalə Əsgərli


Tarix: Bu gün, 14:01


Bölməyə aid digər xəbərlər