
Cənab Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsini izah edən siyasi manifest təsiri bağışlayır. Bu müsahibə bir daha sübut edir ki, Azərbaycan artıq sadəcə müharibədən çıxmış ölkə deyil. Sülhü öz şərtləri ilə qazanmış, onu idarə etməyi bacaran və sabitliyə çevirən güclü dövlətdir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dövlət başçısının vurğuladığı kimi, 2025-ci il yalnız hərbi və ya diplomatik uğurların davamı deyil. Bu il Ermənistan–Azərbaycan münaqişəsinin siyasi və hüquqi baxımdan tarixə qovuşduğu, regionda yeni status-kvonun artıq müzakirə mövzusu deyil, qəbul olunmuş reallıq olduğu mərhələ kimi qiymətləndirilməlidir. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan döyüş meydanında qazandığı qələbəni qlobal siyasi mərkəzlərdə — “dünyanın bir nömrəli ofisində” — siyasi möhürlə təsdiqlətdi. Bu, beynəlxalq münasibətlər nəzəriyyəsində nadir rast gəlinən presedentdir. Yəni ədaləti güc yolu ilə bərpa etmək və sonra həmin gücü siyasi məsuliyyətlə cilovlamaq. Bu, əslində emosional revanş yox, rasional dövlət davranışıdır. Cənab Prezidentin “biz sülh şəraitində yaşamağı öyrənirik” fikri sadə cümlə deyil, dövlətin psixoloji və siyasi transformasiyasının etirafıdır. Onilliklər boyu müharibə təhlükəsi ilə yaşayan cəmiyyət üçün sülh artıq abstrakt çağırış deyil. Son aylar göstərir ki, sabitlik ictimai əhvali-ruhiyyəni yüksəldir, iqtisadi dinamikanı sürətləndirir və dövlətlə vətəndaş arasında etimadı daha da möhkəmləndirir. Sülh artıq ideya yox, real dividendlər gətirən strateji resursdur. Müsahibənin ən ağır siyasi yüklü bloklarından biri, şübhəsiz ki, Azərbaycan–ABŞ münasibətlərinin yeni arxitekturasıdır. Onilliklər boyu bu münasibətlərin üzərində qara kölgə kimi dolaşan 907-ci düzəlişin faktiki olaraq aradan qalxması tarixi ədalətsizliyin gecikmiş, lakin qaçılmaz sonu kimi dəyərləndirilməlidir. Cənab Prezident İlham Əliyev bu məsələyə yalnız hüquqi yox, tarixi-siyasi məsuliyyət prizmasından yanaşır. AXC–Müsavat hakimiyyətinin səriştəsizliyi və diplomatik acizliyi fonunda qəbul edilən bu düzəliş Azərbaycan xalqına qarşı ikili haqsızlıq idi: torpaqları işğal altında olan, soyqırıma məruz qalan ölkə beynəlxalq aləmdə “blokada tətbiq edən tərəf” kimi təqdim edilirdi. Tramp administrasiyasının praqmatik yanaşması fonunda Azərbaycan–ABŞ münasibətləri ideoloji şərtlərdən çıxaraq real maraqlar müstəvisinə keçdi. Strateji İşçi Qrupunun yaradılması, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması və Zəngəzur dəhlizinin ABŞ Prezidenti tərəfindən dəstəklənməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətində Bakı faktorunu əsas dayaq nöqtəsi kimi qəbul etdiyini göstərir. Bu, sadəcə diplomatik uğur deyil. Bu, geosiyasi reallığın etirafıdır: regionda sabitlik istəyən hər bir güc mərkəzi Azərbaycanla hesablaşmalıdır.
Millət vəkili onu da bildirib ki, cənab Prezidentin müsahibəsində Çinlə münasibətlər ayrıca və məqsədli strateji xətt kimi təqdim olunur. Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın balanslı və çoxtərəfli xarici siyasətinin kulminasiya nöqtəsidir. Çin kimi qlobal iqtisadi və texnoloji nəhəngin Azərbaycanı prioritet tərəfdaş seçməsi təsadüf deyil. 4 milyard dolları keçən ticarət dövriyyəsi, bərpaolunan enerji, yaşıl nəqliyyat, sənaye lokallaşması və hərbi-texniki əməkdaşlıq göstərir ki, münasibətlər artıq klassik ticarət çərçivəsindən çıxaraq istehsal, təhlükəsizlik və texnologiya müstəvisinə daxil olub. Orta Dəhliz kontekstində Çin–Azərbaycan əməkdaşlığı ölkəmizi Avrasiyanın logistika xəritəsində kilid qapıya çevirir. Zəngəzur dəhlizi isə bu sistemin geosiyasi tamamlayıcı halqasıdır. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə səslənən “kim güclüdürsə, o da haqlıdır” tezisi beynəlxalq münasibətlərin sərt reallığını açıq şəkildə ifadə edir. Cənab Prezident İlham Əliyevin birgə hərbi təlimlər təşəbbüsü aqressiya deyil, kollektiv çəkindirmə mexanizmidir. Buradakı əsas ideya aydındır: Türk dünyası artıq yalnız mədəni və iqtisadi birlik deyil, təhlükəsizlik baxımından koordinasiya olunan siyasi məkan olmalıdır. Bu, hərbi blok yox, özünü müdafiə etməyi bacaran, suverenliyini qoruyan bir ailə modelidir. Müsahibənin iqtisadi bloku Azərbaycan modelinin əsas üstünlüyünü açıq göstərir. Xarici borcun ÜDM-in 6 faizindən aşağı olması, 83–85 milyard dollarlıq strateji ehtiyatlar, qızıl strategiyasından əldə edilən milyardlarla gəlir sübut edir ki, Azərbaycan kredit asılılığından çıxaraq suveren maliyyə mərhələsinə daxil olub. Bu resurslar Qarabağın bərpasına, Böyük Qayıdış proqramına, nəqliyyat, su-kanalizasiya və şəhər infrastrukturu layihələrinə yönəldilir. Dövlət siyasətinin əsas prinsipi dəyişməzdir. Sosial sabitlik və milli təhlükəsizlik heç vaxt risk altına alınmır.
Cnab Prezident İlham Əliyevin 5 yanvar müsahibəsi bir həqiqəti birmənalı şəkildə ortaya qoyur. Azərbaycan artıq hadisələrin arxasınca qaçan deyil, hadisələri formalaşdıran dövlətdir. Bu müsahibə açıq şəkildə göstərir ki, sülh yalnız güclə qorunur, diplomatiya milli maraqlara söykənməlidir, iqtisadiyyat təhlükəsizliklə vəhdətdə inkişaf edir və beynəlxalq hüquq isə yalnız güclü dövlətlərin iradəsi ilə işlək mexanizmə çevrilir. Bu müsahibədə deyilənlər isə efir üçün deyil, tarix üçün deyilmiş sözlərdir.
Burada danışan həm də yeni mərhələyə qədəm qoymuş qalib dövlətin siyasi iradəsi idi-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər







