
Hər ilin əvvəlində baş tutan bu görüşlər vasitəsilə Azərbaycan ictimaiyyətinə ötən ilin yekunları barədə ətraflı məlumat verilir, eyni zamanda dövlət başçısının ölkədə və regionda baş verən proseslərlə bağlı mövqeyi bir daha ictimaiyyətə çatdırılır.
Prezident vurğulayıb ki, geridə qalan 2025-ci il ölkəmizin müasir tarixində xüsusi yer tutan, əlamətdar bir il kimi qiymətləndirilə bilər. Məhz həmin ildə Ermənistan–Azərbaycan münaqişəsinə siyasi baxımdan son qoyulmuş və nəticə etibarilə regionda yeni, sülh mərhələsi başlamışdır. Artıq bir neçə aydır ki, Azərbaycan xalqı sülh şəraitində yaşayır və bu prosesin mahiyyəti praktik olaraq dərk olunur. Dövlət başçısı qeyd edib ki, müstəqillik əldə ediləndən sonra, eləcə də ondan əvvəl Azərbaycan uzun illər müharibə və qarşıdurma şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri – silahlı toqquşmalar, atəşkəs dövrü, Vətən müharibəsi və antiterror əməliyyatları ölkəmizin yaxın tarixində mühüm yer tutur.
Prezidentin sözlərinə görə, bütün bu mərhələlərə 2025-ci ilin avqustunda yekun vurulmuşdur. Azərbaycanın döyüş meydanında qazandığı möhtəşəm qələbə beynəlxalq siyasi müstəvidə də rəsmiləşdirilmiş, dünyanın aparıcı siyasi mərkəzlərində təsdiqini taparaq Azərbaycanın suveren mövqeyini möhkəmləndirmişdir. Bu hadisə müstəqillik tariximizin ən yadda qalan və önəmli səhifələrindən biridir.
Beləliklə, 2025-ci il həm ölkəmiz, həm də xalqımız üçün son dərəcə uğurlu və tarixi il kimi dəyərləndirilə bilər. Dövlət başçısı əminliyini ifadə edib ki, bundan sonra Azərbaycan davamlı sülh şəraitində yaşayacaqdır. Hələ cəmi bir neçə ay keçməsinə baxmayaraq, sülh mühitinin müsbət nəticələri artıq özünü göstərməkdədir. Siyasi və iqtisadi sahələrdə müşahidə olunan müsbət dinamika, sağlam əhvali-ruhiyyə, sabitlik və təhlükəsizliyə olan inam ölkənin strateji vəzifələrinin uğurla icrasına əlverişli zəmin yaradır.
2025-ci il Azərbaycan–Amerika münasibətlərinin inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Uzun illər ABŞ Konqresində qəbul edilmiş 907-ci düzəliş ikitərəfli münasibətlərdə maneələr yaratmışdı. Bu məhdudiyyətlər və erməni lobbi qruplarının təsiri nəticəsində Azərbaycan ABŞ ilə əlaqələri arzu olunan səviyyədə qura bilməmişdi. Lakin Ermənistan–Azərbaycan münaqişəsinin sona çatması və Amerika Birləşmiş Ştatlarında Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi münasibətlərin yeni mərhələyə keçməsini təmin etmişdir.
Tramp administrasiyası realist və praqmatik yanaşması, ABŞ milli maraqlarını dəqiq müəyyənləşdirmə bacarığı ilə seçilir. Azərbaycan kimi regionda nüfuzlu və potensialı yüksək ölkə ilə əməkdaşlıq həm ABŞ, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. 2025-ci il bu baxımdan ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olmuşdur. Ağ Evdə Prezident Tramp və Azərbaycan Prezidenti iştirak etdikləri mərasimdə 907-ci düzəlişin tətbiqinə son qoyulması ilə bağlı qərarı elan etmişlər. Bu addım rəmzi məna daşısa da, Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir.
Zəngəzur dəhlizinin açılması artıq ABŞ Prezidenti tərəfindən təsdiqlənmişdir və Azərbaycan vətəndaşları arasında bu layihənin reallaşacağına dair inam güclənmişdir. Dəhlizin adı fərqli ola bilər, lakin onun strateji mahiyyəti dəyişməzdir. Ermənistanla normallaşma prosesində Azərbaycan üçün vacib olan bütün məsələlər milli maraqlara uyğun şəkildə həll olunmuşdur. Paraflanmış sülh sazişi və imzalanmış Birgə Bəyannamə, ABŞ Prezidenti Trampın şahid qismində iştirakı ilə beynəlxalq siyasi əhəmiyyət qazanmışdır.
Donald Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Cənubi Qafqaz siyasətində və Azərbaycanla münasibətlərdə yeni keyfiyyət mərhələsi başlanmışdır. Bu kontekstdə 907-ci düzəlişin tamamilə aradan qaldırılması zəruri hesab olunur. Blokada iddiaları nə qəbul edildiyi dövrdə, nə də bu gün real əsaslara söykənmir. Azərbaycanın ərazisindən Ermənistan istiqamətində yükdaşımalar həyata keçirilir, kommunikasiya xətləri açılmış, Azərbaycan neft məhsulları Ermənistan bazarına ixrac edilir. Buna görə 907-ci düzəlişin ləğvi ABŞ Konqresindən gözlənilir.
Azərbaycanın xarici siyasətində əldə edilən mühüm nailiyyətlərdən biri də Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasıdır. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşməyimizə baxmayaraq, Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr və çoxsaylı layihələr bu qərarın qəbul edilməsində həlledici olmuşdur. Son illər artan əməkdaşlıq sayəsində Azərbaycan yekdil şəkildə tamhüquqlu üzv seçilmişdir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasının və balanslı xarici siyasətin göstəricisidir.Mərkəzi Asiya–Azərbaycan birliyinin güclənməsi və “C5”-dən “C6” səviyyəsinə yüksəlməsi regional əməkdaşlıq və beynəlxalq münasibətlər sistemində yeni strateji imkanlar yaradır. Nəqliyyat, logistika və əlaqələndirmə məsələləri müasir beynəlxalq siyasətdə əsas prioritetlərdəndir. Azərbaycanın tranzit ölkə kimi rolu əhəmiyyətli şəkildə artmışdır. Ölkə ərazisindən keçən yüklərin həcmi sürətlə artır və 100 min konteyner artıq Azərbaycan ərazisindən keçmişdir. Bu, yalnız başlanğıcdır və gələcəkdə bu rəqəmlərin artacağı gözlənilir.
Azərbaycan nəqliyyat-logistika infrastrukturunu genişləndirmək üçün əlavə investisiyalar ayırır. Bu, təkcə yükdaşımaları deyil, həm də enerji və rabitə sahəsində əlaqələndirmə layihələrini də əhatə edir. 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri enerji kabelinin çəkilməsi ilə bağlı saziş imzalamış, Xəzər dənizinin dibi ilə fiber-optik kabel layihələri də gündəmdədir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi həm ölkəmizə olan yüksək etimadın, həm də strateji yanaşmanın təzahürüdür.
Dövlətimizin böyüklüyü, müdrikliyi və məsuliyyət anlayışı hər kəsin diqqətindədir. 2020 və 2023-cü illərdə baş vermiş hadisələr zamanı, lazım gəlsəydi, biz güc tətbiq edərək Ermənistana layiq olduğu cavabı vermək imkanına malik idik. Xalqımız uzun illər əzab çəkmiş, torpaqlar işğal olunmuş, ölkəmizə qarşı hərbi cinayətlər törədilmişdir. Biz onların şəhərlərini Ağdam kimi viran vəziyyətə sala bilərdik, lakin belə addım atmadıq.Çünki bu, ədalətsiz və yolverilməz olardı. Mən əmin idim ki, müharibə dayandırılmalıdır və bunu güclü tərəf etməlidir. Bu mövqe həm də beynəlxalq mediada əks-səda tapmışdır. Prezident Trampın müşaviri cənab Vitkof da qeyd etmişdir ki, Ağ Evdə Prezident Tramp belə “Niyə dayandınız?” sualını vermişdir.
Bütün hallarda güclü olmaq lazımdır ki, heç kim hörmətsizlik etməsin, zərər vurmaq cəhdindən çəkinsin. Biz öz hərbi potensialımızı davamlı gücləndiririk və Türkiyə ilə rəsmi müttəfiqlik çərçivəsində hərbi əməkdaşlıq edirik. Eyni zamanda, türk dövlətləri arasında bu əməkdaşlığın genişlənməsi təklif edilir. Bu, hərbi blok deyil, sadəcə qarşılıqlı yardım və təlimlərin təşkili məqsədi daşıyır.
Nəqliyyat sektorunda yükdaşımanın əsas artımı Çin Xalq Respublikasından gələcək. Çin Xəzər dənizinə dəmir yolu və Mərkəzi Asiya üzərindən ikinci dəmir yolunun tikintisini maliyyələşdirir. Layihə mürəkkəb relyefə görə çoxsaylı tunellər və körpülər tələb edir, bu da onun davamlılığını təmin edir. Çin və Mərkəzi Asiyadan gələn yüklər Orta Dəhlizin tam fəaliyyətinə töhfə verəcək, Zəngəzur dəhlizi boyunca hərəkət edəcəklər. Azərbaycandan Qərbə artıq bir dəmir yolu mövcuddur, yaxın gələcəkdə isə iki olacaq, bu da rəqabət və tariflərin aşağı düşməsi üçün vacibdir.
İkinci Qarabağ müharibəsində qazandığımız qələbə mövcud dünya nizamında dönüş nöqtəsidir. Beynəlxalq hüquq və BMT kimi qurumlar köhnəlib və artıq müasir siyasi proseslərdə əsas baza təşkil etmir. Yeni dünya reallıqlarını güclü dövlətlər yaradır, lakin kiçik və orta ölkələr də buna töhfə verə bilər. Azərbaycanın qələbəsi həm siyasi, həm strateji baxımdan mühüm təsir göstərmişdir. Müharibənin dayandırılması sülhün bərqərar olması üçün vacibdir və bunun üçün güclü olmaq zəruridir.
Ümumilikdə, 2025-ci il Azərbaycan üçün siyasi, iqtisadi və strateji baxımdan dönüş ili olmuşdur. Ermənistan–Azərbaycan münaqişəsinin sona çatması, ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlük və Zəngəzur dəhlizinin açılması kimi önəmli hadisələr ölkəmizin beynəlxalq arenadakı mövqeyini gücləndirmişdir. Eyni zamanda, müasir dünya reallıqlarına uyğun olaraq Azərbaycanın regional liderlik rolu və strateji əhəmiyyəti daha da artmışdır. Bu uğurların əsasında dayanan əsas amil isə Azərbaycanın milli birliyi, gücü və uzaqgörən siyasətidir. Qarşıda yeni imkanlar və çağırışlar olsa da, Azərbaycan öz inkişaf yolunda sarsılmaz inam və əzmlə irəliləyəcək, regionda davamlı sülh, sabitlik və tərəqqiyə töhfə verməyə davam edəcəkdir.
İsa Səttarov ,
Nəsimi rayon gənci,Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi, Yeni Azərbaycan Partiyasının üzvü.
Bölməyə aid digər xəbərlər







