
Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl dövlət siyasəti nəticəsində son 20 ildə Azərbaycanda əsas infrastruktur layihələri sistemli yanaşma ilə həll olunub. Dövlət başçısının şəxsi təşəbbüsü, siyasi iradəsi və bu sahəyə daim göstərdiyi diqqət sayəsində elektrik enerjisi, qazlaşdırma, yol-nəqliyyat, su təchizatı və kanalizasiya infrastrukturu tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan yalnız öz ehtiyaclarını ödəyən deyil, eyni zamanda enerji ixrac edən və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkəyə çevrilib.
Dövlət başçısının sosial yönümlü siyasətinin mühüm tərkib hissələrindən biri də qazlaşdırma layihələridir. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün ölkə əhalisinin 96 faizi təbii qazla təmin olunub. Vaxtilə qazı idxal edən Azərbaycan bu gün qaz ixrac edən və onlarla ölkənin enerji təhlükəsizliyinə töhfə verən güclü enerji dövlətinə çevrilib ki, bu da Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən enerji strategiyasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin su təhlükəsizliyinə dair uzaqgörən siyasəti ölkənin strateji maraqlarına xidmət edir. Dövlət başçısının təşəbbüsü ilə son 20 ildə dörd böyük su anbarı inşa edilib və onların ümumi tutumu 500 milyon kubmetrdən artıqdır. “Taxtakörpü” və “Şəmkirçay” su anbarlarının tikintisi, “Ceyranbatan” su anbarının tam yenidən qurulması Bakı və regionların dayanıqlı su təchizatında həlledici rol oynayıb. Əgər bu layihələr vaxtında həyata keçirilməsəydi, bu gün ölkənin su təhlükəsizliyi ciddi risklərlə üzləşə bilərdi.
Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən su terrorunu dəfələrlə beynəlxalq səviyyədə gündəmə gətirib və bu problemin aradan qaldırılmasını dövlət siyasətinin prioritetinə çevirib. Onun qətiyyətli mövqeyi nəticəsində “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay”, “Zabuxçay” su anbarları tam bərpa olunub, “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi istiqamətində praktiki hazırlıq işlərinə başlanılıb. Bu addımlar azad edilmiş ərazilərdə həm kənd təsərrüfatının, həm də normal həyatın bərpası üçün mühüm zəmin yaradıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi, su mənbələri hər bir ölkənin milli təhlükəsizliyinin əsas elementlərindən biridir. İşğaldan azad edilmiş ərazilərin qaytarılması nəticəsində Azərbaycanın su ehtiyatlarının mühüm hissəsi üzərində suveren nəzarət bərpa olunub. Bu, dövlət başçısının apardığı məqsədyönlü və prinsipial siyasətin mühüm nəticəsidir.
İqlim dəyişikliklərinin yaratdığı qlobal çağırışları nəzərə alan Prezident İlham Əliyev su ehtiyatlarının qorunması və səmərəli idarə olunmasını uzunmüddətli strateji məqsəd kimi müəyyən edib. Məhz bu baxımdan Bakı şəhəri və Abşeron yarımadası üçün 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması və qəbulu onun şəxsi təşəbbüsünün və vətəndaşların rifahına yönəlmiş qayğısının göstəricisidir. Proqramın məqsədi paytaxt və ətraf əraziləri dayanıqlı içməli su ilə təmin etmək, itkiləri kəskin azaltmaq və müasir su idarəçiliyini formalaşdırmaqdır.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırlanmış bu Dövlət Proqramı çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təmin olunan əhalinin payının 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, Bakının 30 küçəsində yeni yağış suları kollektorlarının qurulması və dənizə axıdılan suların tam təmizlənməsi şəhər infrastrukturunun keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək.
Prezident İlham Əliyevin xüsusi önəm verdiyi yeniliklərdən biri də Abşeron yarımadasında ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşasıdır. Tamamilə xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə paytaxtın su mənbələrini şaxələndirəcək, su təminatının davamlılığını artıracaq və müasir texnologiyalar əsasında əhalini keyfiyyətli içməli su ilə təmin edəcək.
Məhz su təchizatlarının təkmilləşməsinə həsr olunmuş müşavirə əhalimizin rifah səviyyəsinin inkişafına göstərilən növbəti qayğının təzahürüdür. 2035-ci ilə qədər icrası nəzərdə tutulan Dövlət Proqramı yalnız infrastruktur sənədi deyil, eyni zamanda vətəndaşların həyat keyfiyyətini yüksəldən, ekoloji təhlükəsizliyi təmin edən və ölkənin dayanıqlı gələcəyini möhkəmləndirən strateji yol xəritəsidir. Bu təşəbbüs Prezident İlham Əliyevin innovativ yanaşmasının və gələcək nəsillər üçün məsuliyyətli siyasətinin göstəricisidir.
Sənan Hüseynov ,
ADNSU nəzdində Heydər Əliyev Məktəbinin direktoru, Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini
Bölməyə aid digər xəbərlər









