Səttar Möhbalıyev: "Böyük Qayıdışın Ağdərə mərhələsi Zəfərdən quruculuğa, quruculuqdan daimi həyata gedən yolumuzdur "

Səttar Möhbalıyev: "Böyük Qayıdışın Ağdərə mərhələsi Zəfərdən  quruculuğa, quruculuqdan daimi həyata gedən yolumuzdur "

Son altı il Azərbaycanın Qarabağ siyasətində dönüş nöqtələri ilə yadda qaldı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər, həm strateji, həm də humanist yanaşmalar, illərlə davam edən planlı siyasətin nəticəsi olaraq Böyük Qayıdışın məntiqi mərhələlərini formalaşdırdı. Bu altı il ərzində xüsusilə antiterror əməliyyatlarından başlanaraq, iqtisadi, sosial və infrastruktur layihələrinə qədər geniş sahələrdə ardıcıl addımlar atıldı. Böyük ruh yüksəkliyi ilə deyə bilərəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü Böyük Qayıdış strategiyasının növbəti, həm də dərin siyasi məna daşıyan mərhələsi kimi tarixə düşdü. Bu görüş təkcə dövlət başçısının azad edilmiş ərazilərə növbəti səfəri deyil, eyni zamanda Zəfərdən sonra başlayan quruculuq prosesinin artıq dayanıqlı həyata keçid mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezidentin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda prosesi kabinetlərdən deyil, yerində, birbaşa, sakinlərin arasında olmaqla idarə edir. Dövlət başçısının dediyi kimi: “Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndləri. Evlər gözəl təmir olunub, bərpa edilib artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar.” Bu fikirlər sadəcə statistik göstərici deyil, 30 illik həsrətin bitməsi, tarixi ədalətin bərpası və suverenliyin real həyatda təcəssümüdür. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam antiterror əməliyyatından sonra bölgədə həyatın daha geniş vüsət alması idi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, 2023-cü ildən sonra Ağdərə, Xocalı, Xankəndi, Xocavənd daxil olmaqla bütün Qarabağ coğrafiyasında həyat sürətlə bərpa olunur. “Bu gün artıq 73 min insan – həm keçmiş köçkün, həm də azad edilmiş ərazilərdə işləyən, oxuyan insanlar bu torpaqlarda yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır.” Bu rəqəm təkcə sosial dinamikanı deyil, tam təhlükəsizliyin, dövlət nəzarətinin və gələcəyə inamın göstəricisidir. Ağdərədə görülən işlər cənab Prezidentin çıxışında konkret faktlarla təqdim olundu. Elektrik enerjisi ilə tam təminat, yolların çəkilməsi, yeni sənaye və istehsal obyektlərinin yaradılması Böyük Qayıdışın sosial dayaqlarını möhkəmləndirir. Qozlukörpü kəndində istifadəyə verilən 15 meqavatlıq Su Elektrik Stansiyası bunun bariz nümunəsidir. “Bu bölgə elektriklə tam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür.” “Dəmirli” Filiz Emalı Kompleksi isə Ağdərənin gələcək iqtisadi xəritəsində mühüm yer tutur. Təxminən 1000 iş yerinin yaradılması, bu iş yerlərinə məhz yerli sakinlərin cəlb olunması cənab Prezidentin sosial ədalətə əsaslanan iqtisadi modelinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin çıxışının ən təsirli hissələrindən biri şəhidlərimizin xatirəsinə həsr olunan fikirlər idi. Dövlət başçısı açıq və qürurla bildirdi ki, şəhidlərin qanı yerdə qalmayıb, onların qisası döyüş meydanında alınıb. “Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq.” Bu sözlər Ağdərə dağlarında, Kəlbəcər və Laçın silsilələrində səslənərkən Zəfərin miqyası daha dərindən hiss olunur. Cənab Prezidentin vurğuladığı kimi, son 80 ildə tam və mütləq Qələbə qazanan nadir dövlətlərdən biri məhz Azərbaycandır.
Millət vəkili onu da bildirib ki, cənab Prezidentin görüş zamanı Ağdərə şəhərinin yeni Baş planının təqdim olunacağı açıqlanması da təsadüfi deyil. Dövlətimizin başçısının vizyonunda Ağdərə yalnız bərpa edilən şəhər deyil, sənaye və turizmin qovuşduğu strateji mərkəz kimi formalaşacaq. “Bu səfalı yerlər göz oxşayır. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq.” İşğal dövründə talan edilən, viran qoyulan bu torpaqlar bu gün tamamilə yeni məzmun, yeni nəfəs qazanır. Dövlət burada yalnız evlər tikmir, insan talelərini, gələcək nəsillərin həyatını qurur.
Cənab Prezident İlham Əliyevin Ağdərənin Aşağı Oratağ kəndində sakinlərlə görüşü Böyük Qayıdışın sadəcə davamı deyil, onun dönməz, sistemli və strateji xarakter daşıdığını bir daha sübut etdi. Bu görüş Zəfərin siyasi yekunu, antiterror əməliyyatının məntiqi nəticəsi və quruculuq mərhələsinin yeni başlanğıcı kimi tarixə yazıldı. Bu gün Ağdərədə deyilən hər söz, görülən hər iş bir həqiqəti təsdiqləyir: Azərbaycan bu torpaqlara qayıdıb və burada əbədi qalır – quraraq, yaradaraq, yaşadaraq-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.


Tarix: Bu gün, 11:21


Bölməyə aid digər xəbərlər