
Bakı şəhərində və Abşeron yarımadasında su infrastrukturunun təkmilləşdirilməsi: yeni mərhələyə keçid 2026–2035-ci illəri əhatə edən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” ölkənin sosial-iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. Yanvarın 12-də cənab prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bu proqramın əsas məqsədləri və görüləcək işlər geniş şəkildə müzakirə olunmuşdur.
Prezident çıxışında xüsusilə vurğulamışdır ki, əsas infrastruktur məsələləri artıq öz həllini tapmışdır. Bu fikir son illər ərzində Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sahəsində görülən irimiqyaslı işlərin nəticəsi kimi dəyərləndirilə bilər. Vaxtilə mövcud olan köhnə, istismar müddətini başa vurmuş sistemlər mərhələli şəkildə yenilənmiş, müasir standartlara cavab verən yeni su və tullantı suları infrastrukturu yaradılmışdır.
Bu sahədə atılan addımların ideya əsasları Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasına söykənir. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətdə olduğu dövrdə paytaxtın və regionların sosial infrastrukturunun, o cümlədən su təsərrüfatının inkişafını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Onun müəyyən etdiyi inkişaf xətti bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni keyfiyyət mərhələsinə yüksəldilir.
Əldə olunan bu nailiyyətlər ölkə rəhbərliyinin uzunmüddətli və planlı siyasətinin göstəricisidir. Yeni Dövlət Proqramı artıq yalnız problemlərin aradan qaldırılmasına deyil, sistemin daha da təkmilləşdirilməsinə, dayanıqlılığın və səmərəliliyin artırılmasına yönəlib. Yağış sularının düzgün idarə olunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatı proqramın əsas prioritetləri sırasındadır.
Bu proqram eyni zamanda şəhərsalma və ətraf mühitin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Su infrastrukturunun inkişafı Bakı şəhərinin və Abşeron yarımadasının davamlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.
Nəticə etibarilə, cənab prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərir ki, Azərbaycan bu sahədə artıq möhkəm təməl yaratmışdır. Qarşıdakı illərdə həyata keçiriləcək Dövlət Proqramı isə mövcud uğurları daha da möhkəmləndirərək paytaxt və ətraf ərazilərdə müasir, təhlükəsiz və etibarlı su infrastrukturunun formalaşmasına şərait yaradacaqdır.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Xəlilova
Bölməyə aid digər xəbərlər









