
Azərbaycan Prezidenti İlham Əliyev paytaxt Bakı və Abşeron yarımadasında su təchizatı məsələsini strateji müstəvidə gündəmə gətirərək, 2026-2035-ci illər üçün əhatəli Dövlət Proqramını təsdiqləyib. Bu addım regionun infrastruktur inkişafında yeni mərhələnin başlanğıcını qoyur və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Regionun su infrastrukturu əsasən 1980-ci illərdə yaradılıb və bu sistemlər müasir tələblərə cavab vermir. Əhalinin sayının artması, intensiv şəhərsalma prosesi və infrastrukturun köhnəlməsi məsələnin kompleks həlli zərurətini yaradıb. Hazırda Bakı və Abşeronda fasiləsiz içməli su təminatı göstəricisi 70% səviyyəsindədir ki, bu da paytaxt şəhər üçün kifayət deyil. Su itkisi səviyyəsi yüksək, sayğaclaşdırma sistemi tam tətbiq olunmayıb və bölgü şəbəkələri köhnəlmiş vəziyyətdədir. Prezident İlham Əliyevin yanvarın 12-də keçirdiyi müşavirədə təsdiq edilən Dövlət Proqramı su təchizatı probleminin sistemli və uzunmüddətli həlli üçün əsaslı strategiya təqdim edir. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarı inşa ediləcək. Bu, şəhərin müxtəlif rayonlarında su təzyiqinin sabitləşdirilməsinə və fasiləsiz su təchizatının təmin edilməsinə imkan verəcək. Yeni su anbarları müasir texnologiyalarla təchiz olunacaq və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə əlaqələndiriləcək. Proqramın məqsədi fasiləsiz içməli su təminatını 70%-dən 95%-ə çatdırmaqdır. Bu, paytaxt əhalisinin böyük əksəriyyətinin 24 saat ərzində keyfiyyətli içməli suya çıxışa malik olmasını təmin edəcək. Su itkisinin azaldılması və istehlakın optimallaşdırılması məqsədilə sayğaclaşdırma sistemi 100%-ə çatdırılacaq. Bu, həm ədalətli tarif sisteminin tətbiqi, həm də su ehtiyatlarının rasional istifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın su ehtiyatlarının dörddə biri işğaldan azad olunmuş ərazilərdə yerləşir. Torpaqlarımız işğal altında olduğu dövrlərdə ermənilər bu vəziyyətdən istifadə edərək su terroru törədirdilər. Sərsəng” və “Suqovuşan” su anbarlarından su mövsüm vaxtında kəsilir, lazım olmayan dövrlərdə isə buraxılaraq sel yaradılır və ərazilərimizə ciddi ziyan vurulurdu: "Bu gün həmin tarix artıq geridə qalıb və dövlətimiz öz ərazisində formalaşan su resurslarının tam sahibidir. Məhz buna görə də qısa zaman kəsiyində “Sərsəng” və “Suqovuşan”, eləcə də “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarları yenidən qurularaq istismara verilmişdir.
Bu addımlar həm işğaldan azad olunmuş ərazilərin, həm də digər regionların su ilə təminatında mühüm rol oynamışdır. Su ehtiyatlarımızın böyük bir hissəsi ölkə hüdudlarından kənarda formalaşdığından, öz ərazimizdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə etməyimiz xüsusi əhəmiyyət daşıyır.
Məhz bu baxımdan növbəti mərhələdə “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin nəzərdə tutulması olduqca vacibdir. Çünki su həyat deməkdir. Biz nə qədər çox şirin su ehtiyatı yarada bilsək, bir o qədər də iqlim dəyişiklikləri fonunda gözlənilən su qıtlığı təhlükəsindən özümüzü qorumuş olarıq. Eyni zamanda işğaldan azad olunmuş ərazilər əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu ərazilərdə daha məhsuldar istehsalın qurulması üçün su resurslarından qənaətlə və səmərəli istifadə olunması zəruridir. Bu baxımdan yeni su anbarlarının tikintisi aqrar sektorun sürətlə inkişafına və ərzaq təhlükəsizliyinin daha dayanıqlı şəkildə qorunmasına geniş imkanlar yaradacaqdır.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər









