Eltun Süleymanov: "Davosdan verilən qlobal mesajlar Azərbaycanın yeni dünya nizamında mövqeyidir"

Eltun Süleymanov: "Davosdan verilən qlobal mesajlar Azərbaycanın yeni dünya nizamında mövqeyidir"

Dünya siyasətinin istiqamətləri çox vaxt rəsmi sənədlərdən yox, liderlərin səsləndirdiyi açıq və bəzən sərt həqiqətlərdən formalaşır. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu baxımdan diqqət çəkir. Bu müsahibə qlobal proseslərin fonunda Azərbaycanın mövqeyini, baxış bucağını və gələcək strategiyasını aydın şəkildə ortaya qoyan siyasi bəyanat kimi dəyərləndirilə bilər.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişiklikləri birmənalı şəkildə ifadə etdi. Dövlət başçısının fikrincə, artıq dünya idealist hüquqi normalarla deyil, güc balansı üzərində formalaşan reallıqlarla idarə olunur: “Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Bu gün vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.” Bu açıqlama, əslində, son onilliklərdə beynəlxalq sistemin yaşadığı böhranın siyasi etirafıdır. İkili standartların, selektiv yanaşmaların və ədalətsiz qərarların hökm sürdüyü bir mühitdə Azərbaycan öz yolunu düzgün müəyyən edib. Cənab Prezidentin vurğuladığı kimi, ölkə milli maraqlara əsaslanan, lakin beynəlxalq hüquq çərçivəsindən kənara çıxmayan siyasət yürüdüb: “Gördüyümüz hər bir iş, istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa uyğun idi.” Bu, Azərbaycanın haqqını güc yolu ilə deyil, hüquqa söykənərək təmin etdiyini göstərən əsas arqumentdir. Müsahibədə Cənubi Qafqazın gələcəyi xüsusi yer tutdu. Cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təsadüfi deyil. Bu, Azərbaycanın regionda sülh quruculuğu missiyasına verilən beynəlxalq qiymətdir: “Bu mükafatı Qafqazda sülhün qurulmasında səylərimizə verilən dəyər kimi qəbul edirəm.” Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan və Ermənistan artıq münaqişə dövrünü arxada qoyur. Ən diqqətçəkən məqam isə əməkdaşlığın real addımlarla təsdiqlənməsidir. Ermənistan üçün yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji təchizatının bərpası sülhün söz yox, əməl səviyyəsində qurulduğunu göstərir. “Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.” Bu, Qafqaz tarixində nadir rast gəlinən, lakin strateji baxımdan həlledici mərhələdir. Cənab Prezident İlham Əliyev regionda sabitliyin pozulmasının hər kəs üçün təhlükə olduğunu vurğuladı. Xüsusilə İran ətrafında cərəyan edən proseslər fonunda Azərbaycanın mövqeyi balanslı və prinsipialdır: “Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir.” Bu yanaşma Azərbaycanın geosiyasi avantüralara qoşulmayan, əksinə, təhlükəsizlik və əməkdaşlıq xəttini üstün tutan dövlət olduğunu təsdiqləyir. Müharibənin ağır nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan sülhün dəyərini başqalarından daha yaxşı anlayır. Müsahibənin mühüm hissəsi enerji təhlükəsizliyinə həsr olundu. Cənab Prezident İlham Əliyev faktlarla sübut etdi ki, Azərbaycan Cənubi Qafqazda enerji baxımından əsas aparıcı qüvvədir: “Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür.” Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu aydın şəkildə nümayiş etdirir. Müasir boru kəmərləri, nəqliyyat infrastrukturu və etibarlı tərəfdaş imici Azərbaycanı qlobal enerji xəritəsində strateji mövqeyə yüksəldib.

Cənab Prezident İlham Əliyevin Avropa Parlamentinə münasibəti diplomatik dillə desək, son dərəcə prinsipialdır. Dövlət başçısının “Biz artıq buna reaksiya vermirik” ifadəsi Azərbaycanın qərəzli yanaşmaları ciddiyə almadığını göstərir: “Bu, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən lobbiçilik qruplarının fəaliyyətinin nəticəsidir.” Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirməsi, lakin Avropa Parlamenti ilə münasibətləri dayandırması siyasi seçimdən daha çox, ləyaqətli mövqedir. Prezident İlham Əliyevin Davos müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan dəyişən dünyada istiqamətini itirməyib. Güc balanslarının yenidən qurulduğu, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir dövrdə Azərbaycan sülhü, sabitliyi və milli maraqları əsas götürən siyasət yürüdür.
Bu müsahibə Davosdan səslənən sadə bir açıqlama deyil, yeni dünya nizamında Azərbaycanın yerini və iddiasını təsdiqləyən siyasi mövqedir. Azərbaycan bu yolda təkcə region üçün deyil, qlobal sabitlik üçün də etibarlı tərəfdaş olaraq qalır-deyə E. Süleymanov fikrini tamamlayıb.


Tarix: Bu gün, 11:31


Bölməyə aid digər xəbərlər