Göydəniz Qəhrəmanov: “Azərbaycanın mövqeyi beynəlxalq müstəvidə daha da güclənir”

Göydəniz Qəhrəmanov: “Azərbaycanın mövqeyi beynəlxalq müstəvidə daha da güclənir”  

“Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətli proseslər dövlətlərin xarici siyasətdə daha praqmatik və milli maraqlara əsaslanan qərarlar qəbul etməsini zəruri edir. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər də məhz bu reallıqlar fonunda Azərbaycanın seçdiyi strateji xəttin mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, beynəlxalq hüququn norma və prinsipləri artıq bir çox hallarda selektiv şəkildə tətbiq olunur və bu, qlobal miqyasda etimad böhranı yaradır. Belə bir şəraitdə Azərbaycanın əsas məqsədi beynəlxalq hüquqa sadiq qalmaqla milli maraqlarını təmin edən nəticələrə nail olmaqdır. Azərbaycanın həyata keçirdiyi siyasət göstərir ki, rəsmi Bakı beynəlxalq hüququ formal ritorika kimi deyil, real siyasi fəaliyyətin əsası kimi qəbul edir. Məhz bu yanaşma ölkəmizə həm öz ərazi bütövlüyünü təmin etməyə, həm də regionda yeni siyasi reallıqlar formalaşdırmağa imkan verib. Dövlət başçısının qeyd etdiyi kimi, bu proseslər yalnız güc amili üzərində deyil, hüquqi əsaslar və legitimlik üzərində qurulub ki, bu da Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə daha da gücləndirir.”

Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
       
Daha sonra deputat bildirib ki, Azərbaycan Prezidentinə təqdim olunmuş “Zayed İnsan Qardaşlığı Mükafatı” ölkəmizin sülhə, dialoqa və humanist dəyərlərə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının rəmzidir: “Cənab Prezident İlham Əliyevin bu mükafatı Qafqazda onilliklər boyu davam edən qanlı qarşıdurmadan sonra sülhün qurulması istiqamətində göstərilən səylərə verilən qiymət kimi dəyərləndirməsi də təsadüfi deyil. Bu yanaşma Azərbaycanın məsuliyyətli liderliyə söykənən regional aktor olduğunu nümayiş etdirir. Müsahibədə təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı Azərbaycanın daxili sabitliyinin möhkəm təməllər üzərində qurulduğunu xüsusi vurğulayıb. Ölkə daxilində risklərin olmaması dövlət institutlarının dayanıqlığını və cəmiyyətin siyasi birliyini əks etdirir. Eyni zamanda, potensial risklərin yalnız xarici mənbələrdən qaynaqlanması faktı Azərbaycanın regional proseslərə nə dərəcədə diqqətlə yanaşdığını göstərir. Enerji məsələləri isə Azərbaycanın regional və qlobal əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir. Cənubi Qafqazda enerji ehtiyatlarına malik və bu ehtiyatları ixrac edən yeganə ölkə kimi Azərbaycan təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təminatçısına çevrilib.

Gürcüstanın uzun illərdir, Ermənistanın isə artıq bu gün enerji təhlükəsizliyində Azərbaycandan idxal etməsi ölkəmizin region üçün strateji rolunu daha da möhkəmləndirir. Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi isə Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir. Avropa strukturları ilə münasibətlərə gəlincə, cənab Prezidentin Avropa Parlamenti və AŞPA ilə əməkdaşlığın dayandırılması barədə mövqeyi Azərbaycanın suveren qərarvermə prinsipinə sadiqliyinin göstəricisidir. Azərbaycan yalnız qarşılıqlı hörmət və real əməkdaşlıq mühiti olan platformalarla işləməyi üstün tutur.
Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Bütün bunlar göstərir ki, Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq münasibətlərdə balanslı və sərbəst xətt yürütməkdə davam edir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.


Tarix: Dünən, 23:41


Bölməyə aid digər xəbərlər