
Bakıda cənab Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens arasında keçirilmiş görüş və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, bu Cənubi Qafqazın geosiyasi arxitekturasının yenidən qurulması deməkdir. Bu hadisə regionda güc mərkəzləri arasındakı balansın dəyişdiyini və Azərbaycanın bu balansın mərkəzində dayandığını açıq şəkildə ortaya qoyur.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz onu da deyib ki, ABŞ–Azərbaycan yaxınlaşması geosiyasi seçim yox, strateji zərurətdir. Vaşinqtonun Bakıya münasibətində baş verən dəyişiklik emosional simpatiya deyil, soyuq geosiyasi hesablamaların nəticəsidir. ABŞ üçün Azərbaycan bu gün üç əsas funksiyanı eyni anda yerinə yetirən nadir aktordur. Beləki ölkəmiz enerji təhlükəsizliyinin dayağıdır və Azərbaycan qazı artıq NATO üzvü olan 11 ölkə daxil olmaqla 16 dövlətin enerji təhlükəsizliyində rol oynayır. Hm də nəqliyyat və logistika qovşağı Asiya–Avropa xəttində alternativ və təhlükəsiz marşrutdur. Ən əsası regional sabitləşdirici güc – müharibədən qalib çıxmış, sülhü diktə edən və onu iqtisadi mexanizmlərlə möhkəmləndirən dövlətdir. Bu mənada ABŞ–Azərbaycan strateji tərəfdaşlığı Rusiyaya qarşı yönəlmiş “blok siyasəti” deyil, regional risklərin idarə olunması mexanizmi kimi formalaşır. Moskva üçün Bakı görüşü açıq mesajdır. Cənubi Qafqazda artıq tək oyunçu yoxdur. Lakin bu mesaj Rusiyanın tam kənarlaşdırılması anlamına da gəlmir. Cənab Prezident İlham Əliyevin siyasətinin əsas gücü məhz buradadır – Azərbaycan konfrontasiya yox, balans siyasəti yürüdür. ABŞ-la strateji tərəfdaşlıq Rusiyanın regiondan çıxarılmasını hədəfləmir, amma onun monopol mövqeyini məhdudlaşdırır. Bu, Azərbaycanın uzun illərdir apardığı çoxvektorlu siyasətin kulminasiya nöqtəsidir. Bakı həm Vaşinqtonla, həm Moskva ilə, həm də digər regional güclərlə müstəqil qərar verən subyekt kimi danışır. Bu gün ABŞ-ın bunu qəbul edib sənədlə təsdiqləməsi geosiyasi reallığın rəsmi tanınmasıdır. Ən maraqlı və həssas məsələ məhz Ermənistan faktorudur. TRIPP layihəsi və “Tramp marşrutu” Ermənistanı tarixi seçim qarşısında qoyur. Ya regionda iqtisadi inteqrasiyanın bir hissəsinə çevrilmək, ya da yenidən geosiyasi dalana düşmək. Azərbaycanın artıq Ermənistana neft məhsulları ixrac etməsi, tranzit məhdudiyyətlərinin aradan qaldırılması göstərir ki, Bakı sülhü şərt kimi yox, proses kimi təqdim edir. Bu yanaşma Ermənistanı revanşizm ritorikasından real iqtisadi maraqlara yönəltmək məqsədi daşıyır. Burada ABŞ-ın rolu kritikdir. Vaşinqton Ermənistan üçün təhlükəsizlik illüziyaları yox, iqtisadi rasionalizm təklif edir. Bu isə Rusiyanın uzun illər Yerevan üzərində qurduğu “təhlükəsizlik asılılığı” modelini sarsıdır. Sülhün yeni modeli isə hərbi deyil, iqtisadi diktədir Bugünkü mərhələdə regionda sülh artıq sənədlərlə yox, dəhlizlərlə, enerji xətləri ilə, logistika marşrutları ilə ölçülür. TRIPP layihəsi bu baxımdan sırf nəqliyyat təşəbbüsü deyil – bu, geosiyasi transformasiya alətidir. Azərbaycan – təşəbbüskar və təminatçı, ABŞ – siyasi və texnoloji dəstəkçi, Ermənistan – seçim qarşısında olan tərəf, Rusiya – balansı yenidən hesablayan gücdür. Bu konfiqurasiya göstərir ki, sülh artıq zəif tərəfə diktə edilən güzəşt yox, rasional tərəfdaşlıq modeli kimi formalaşır. Nəticədə Bakı yeni regional düzənin mərkəzində olur.
Bu gün Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bir sənəddən daha artıqdır. Bu, Cənubi Qafqazda gücün kimdə olduğunu göstərən siyasi xəritədir. Azərbaycan bu xəritədə enerji ilə, nəqliyyatla, diplomatiya ilə və ən əsası qalib dövlətin psixologiyası ilə dayanır. ABŞ–Azərbaycan strateji oxu regionda müharibə risklərini azaldan, sülh ehtimalını artıran əsas faktora çevrilir. Bu isə bir həqiqəti təsdiqləyir: Cənubi Qafqazın gələcəyi artıq kənardan deyil, Bakıda yazılır-deyə E.Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər









