“İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüş. -Fotolar

“İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüş.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüş keçirildi. Görüşdə Milli Məclisin deputatları — Tamam Cəfərova, Şahin Seyidzadə, Novruz Aslan və Elçin Mirzəbəyli iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə filialın şəhid-məzunlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər düzdü, onların əziz xatirəsini ehtiramla yad etdilər.

Ardınca qonaqlar filialın müasir və yüksək səviyyədə təşkil olunmuş tədris mühiti, eləcə də müasir standartlara cavab verən zəngin maddi-texniki bazası ilə yaxından tanış oldular. Yaradılmış şərait filialda təhsilin keyfiyyətinə və tələbələrin hərtərəfli inkişafına göstərilən diqqətin bariz nümunəsi kimi yüksək qiymətləndirildi.

Tədbirin rəsmi hissəsi filialın akt zalında davam etdirildi. Filialın direktoru, dosent Tünzalə Yusifova qonaqları salamlayaraq çıxış etdi. O, Ulu Öndər Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir!” fikrinin ölkədə həyata keçirilən gənclər siyasətinin ideoloji əsasını təşkil etdiyini vurğuladı. Bildirdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində milli dəyərlərə sadiq, müasir dünyagörüşlü və rəqabətqabiliyyətli gənclik formalaşıb. Direktor qeyd etdi ki, insan kapitalının inkişafı gənclərin təhsili ilə birbaşa bağlıdır və bu sahəyə yatırılan sərmayə ölkənin davamlı inkişafına xidmət edir. Bu baxımdan ADPU-nun Şamaxı filialı gənclərin keyfiyyətli təhsil alması və intellektual potensialının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

Ardınca çıxış edən deputatlar müasir dövrdə insan kapitalının ölkənin intellektual potensialını ifadə etdiyini vurğuladılar. Qeyd olundu ki, bu potensialın formalaşmasında gənclər həlledici rol oynayır; onlar dəyişən çağırışlara çevik uyğunlaşır, innovativ təşəbbüslərlə çıxış edir və strateji inkişaf proseslərində fəal iştirak edirlər. Bildirildi ki, gənclərə dövlət qayğısı uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir və sağlam, savadlı, vətənpərvər, təşəbbüskar nəslin formalaşdırılması ölkənin davamlı və dayanıqlı inkişafının əsas təminatıdır.

Çıxışlarda həmçinin Ulu Öndər Heydər Əliyevin gənclərin inkişafına göstərdiyi xüsusi diqqətə toxunularaq, bu siyasətin bu gün də uğurla davam etdirildiyi qeyd olundu. Eyni zamanda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri olan rəsmilər insan kapitalının əsasını təşkil edən gənclərdə rəqabətqabiliyyətlilik, kreativlik, tənqidi təfəkkür, texnoloji savadlılıq və sosial məsuliyyət kimi keyfiyyətlərin formalaşdırılmasının, eləcə də süni intellekt və rəqəmsallaşma çağırışlarına adekvat uyğunlaşmanın prioritet istiqamətlərdən biri olduğunu bildirdilər.

Çıxışlardan sonra tədbir açıq dialoq və interaktiv müzakirə formatında davam etdirildi. Tələbələr mövzu ilə bağlı fikir və mülahizələrini sərbəst şəkildə ifadə edərək aktual məsələlərə dair suallar ünvanladılar, müxtəlif təkliflərlə çıxış etdilər. Səsləndirilən suallar ətraflı və əsaslandırılmış şəkildə cavablandırıldı, irəli sürülən təşəbbüslər elmi-praktik baxımdan təhlil olundu. Gənclər bu kimi görüşlərin onlar üçün motivasiyaedici və faydalı olduğunu vurğulayaraq, belə təşəbbüslərin davamlı təşkilinin vacibliyini qeyd etdilər.

Sonda qonaqlar tələbələrin müstəqil fikir bildirmə bacarığını və elmi dünyagörüşünün zənginliyini yüksək qiymətləndirərək, bunu regionun yeganə ali təhsil müəssisəsi olan Şamaxı filialında yaradılmış sağlam təhsil və psixoloji mühitin nəticəsi kimi dəyərləndirdilər.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.



Tarix: Bu gün, 14:46


Bölməyə aid digər xəbərlər


«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728