Biz 12 ölkəyə qaz tədarük edirik

Biz 12 ölkəyə qaz tədarük edirik


Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasları Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin konturlarını bir daha aydın şəkildə göstərdi. İlham Əliyevin tədbirdə səsləndirdiyi “Biz 12 ölkəyə qaz tədarük edirik” fikri artıq geridə qalan mərhələni ifadə edir. Çünki hazırda Azərbaycan qazının çatdırıldığı ölkələrin sayı 16-ya yüksəlib və bu göstərici ölkəmizi boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər sırasında öncül mövqeyə çıxarıb.

Cənub Qaz Dəhlizi artıq sadəcə infrastruktur layihəsi deyil, Avrasiyanın enerji xəritəsini dəyişən strateji platformadır. 2015-ci ildən etibarən keçirilən nazirlər toplantıları nəticəsində formalaşan əməkdaşlıq modeli istehsalçı, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq yaradıb. Bu gün Azərbaycan qazı Avropanın 10 ölkəsinə ixrac olunur və enerji təhlükəsizliyinin mühüm dayaqlarından biri kimi qəbul edilir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı əsas məqamlardan biri şaxələndirmə siyasətidir. Enerji təhlükəsizliyi yalnız istehlakçı üçün deyil, istehsalçı üçün də strateji prioritetdir. Azərbaycan yeni yataqların-“Azəri-Çıraq-Günəşli”nin dərin qaz laylarının, “Abşeron” və “Ümid” yataqlarının mərhələli işlənməsi ilə yaxın illərdə əlavə 10-15 milyard kubmetr qaz hasil etməyi planlaşdırır. Bu isə həm mövcud bazarların möhkəmləndirilməsi, həm də yeni istiqamətlərin açılması deməkdir.

Cənub Qaz Dəhlizinin artıq tam yüklənmiş vəziyyətdə olması yeni interkonnektorların və genişləndirmə layihələrinin aktuallığını artırır. Azərbaycan qazının ilk dəfə olaraq Suriyaya ixracı isə enerji diplomatiyasının humanitar ölçüsünü də ortaya qoyur. 1,5 milyard kubmetr həcmində qaz tədarükü ilə elektrik enerjisi qıtlığının azaldılmasına töhfə verilməsi regionda sabitliyə xidmət edən mühüm addımdır.
Eyni zamanda, Azərbaycan enerji strategiyasını yalnız qazla məhdudlaşdırmır. Yaşıl enerji gündəliyi artıq konkret müqavilələrlə müşayiət olunur. 240 meqavat gücündə külək elektrik stansiyasının və 230 meqavatlıq günəş elektrik stansiyasının istismara verilməsi, 2032-ci ilə qədər 6-8 giqavat bərpaolunan enerji gücünün yaradılması planı ölkənin paralel enerji transformasiyasına sadiqliyini göstərir. Məqsəd sadə və praqmatikdir: daxili istehlakda qazın payını azaltmaq, ixrac imkanlarını artırmaq və sənaye inkişafı üçün dayanıqlı enerji bazası formalaşdırmaq.
Avropa İttifaqı ilə enerji əməkdaşlığı isə qarşılıqlı fayda prinsipinə əsaslanır. Rusiya qazından asılılığın azaldılması fonunda Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Bu tərəfdaşlıq təkcə qaz tədarükü deyil, həm də yaşıl enerji bağlantıları, Qara dənizin dibi ilə çəkiləcək kabel layihələri və regional elektrik inteqrasiyası kimi təşəbbüslərlə genişlənir.

“Biz 12 ölkəyə qaz tədarük edirik” ifadəsi artıq statistik rəqəmdən daha çox, Azərbaycanın qlobal enerji sistemində artan rolunun simvoludur. Bu gün ölkə həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olaraq, həm də yaşıl keçidin fəal iştirakçısı kimi çıxış edir. Enerji təhlükəsizliyi ilə iqlim gündəliyi arasında balans yaradan bu model Azərbaycanın uzunmüddətli strateji baxışının əsasını təşkil edir və regionun enerji arxitekturasında onun mövqeyini daha da möhkəmləndirir.

Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.


Tarix: 4-03-2026, 17:28


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031