
8 Mart – Beynəlxalq Qadınlar Günü dünya miqyasında qadınların hüquq və azadlıqlarının, onların cəmiyyət həyatındakı rolunun dəyərləndirildiyi əlamətdar gündür. Bu bayram Azərbaycan qadınının da ictimai-siyasi, elmi-mədəni və mənəvi həyatımızdakı mühüm mövqeyini bir daha təsdiqləyir. Qadınlar cəmiyyətin inkişafında aparıcı qüvvələrdən biri kimi daim fədakarlıq və məsuliyyət nümunəsi göstərmişlər.
Tarix boyu Azərbaycan qadınları milli-mənəvi dəyərlərimizin qorunmasında, ailə institutunun möhkəmləndirilməsində və sağlam nəslin yetişdirilməsində mühüm rol oynamışlar. Onlar həm də maariflənmə hərəkatında, mədəniyyətin və elmin inkişafında fəal iştirak etmişlər. Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququnun məhz Azərbaycanda verilməsi ölkəmizdə qadınlara göstərilən yüksək etimadın və hörmətin bariz nümunəsidir.
Müstəqil Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət qadın siyasəti bu sahədə möhkəm hüquqi baza yaratmışdır. Onun rəhbərliyi dövründə qadınların dövlət strukturlarında təmsilçiliyi artmış, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, onların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və müxtəlif sosial proqramların həyata keçirilməsi dövlətin qadınlara verdiyi dəyərin göstəricisidir. Müasir Azərbaycan qadını elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanaraq ölkəmizin inkişafına mühüm töhfələr verir.
Azərbaycan qadını ailənin mənəvi dayağı olmaqla yanaşı, cəmiyyətin fəal üzvü kimi də məsuliyyət daşıyır. Onun zəhməti, biliyi və vətənpərvərliyi dövlətimizin gələcəyinin möhkəm təməlidir. 8 Mart bayramı qadınlarımızın əməyinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, onların gələcək uğurlarına inamın və ehtiramın rəmzidir.
Ulu öndər Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva
Bölməyə aid digər xəbərlər









