
Cənubi Qafqazda gərginliyin artdığı bir vaxtda Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı yayılan məlumatlar regionun təhlükəsizlik gündəmini ciddi şəkildə dəyişib. Hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq baş verənləri qəti şəkildə pisləyib və məsələyə dərhal aydınlıq gətirilməsini tələb edib.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Nazirliyin açıqlamasına görə, 5 mart tarixində günorta saatlarında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına iki dron hücumu həyata keçirilib. Bildirilir ki, dronlardan biri Naxçıvan Hava Limanının terminal binasına düşüb, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına enib. Hadisə nəticəsində hava limanı terminalına ziyan dəyib və iki mülki şəxs xəsarət alıb. Bu fakt xüsusilə diqqət çəkir, çünki hücumun mülki infrastruktura və mülki vətəndaşların istifadə etdiyi obyektlərə yönəldiyi qeyd olunur. Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatında bu hadisəni qətiyyətlə pislədiyini bildirərək vurğulayıb ki, Azərbaycan ərazisinə qarşı belə bir hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Rəsmi Bakı İran tərəfini baş verən hadisəyə qısa müddət ərzində aydınlıq gətirməyə, bunun səbəbləri ilə bağlı izahat verməyə və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Diplomatik kanallar da dərhal işə salınıb. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Azərbaycanın kəskin etirazı çatdırılıb və rəsmi etiraz notası təqdim ediləcəyi bildirilib. Bu addım Bakının məsələyə nə qədər ciddi yanaşdığını göstərən mühüm diplomatik siqnallardan biridir.
Xarici İşlər Nazirliyi bəyanatında eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını da qeyd edib. Bu ifadə diplomatik dildə çox ciddi mesaj sayılır və dövlətin təhlükəsizliyinin təmin olunmasının prioritet olduğunu bir daha göstərir. Azərbaycanın mövqeyi aydındır: ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi heç bir halda təhdid altına qoyula bilməz. Xüsusilə də mülki infrastruktura və dinc vətəndaşlara qarşı hücumların baş verməsi beynəlxalq münasibətlərdə qəbul edilə bilməyən hadisə kimi qiymətləndirilir. Məsələ həm də regionun ümumi təhlükəsizlik mühitinə təsir göstərir. Cənubi Qafqaz onsuz da müxtəlif geosiyasi maraqların kəsişdiyi həssas bölgələrdən biridir. Belə bir şəraitdə hər hansı hərbi insidentin baş verməsi gərginliyin daha da artmasına səbəb ola bilər.
Millət vəkili onu da bildirib ki, Azərbaycan uzun illərdir qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət və sabitlik prinsiplərinə sadiq qalmağa çalışıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç bir ölkəyə qarşı təhlükə mənbəyi kimi istifadə olunmur və belə bir niyyət də mövcud deyil. Məhz buna görə də Naxçıvan istiqamətində baş vermiş hadisə regionda yeni suallar doğurur. Bu hadisənin səbəbləri, texniki detalları və siyasi motivləri barədə aydınlıq gətirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə regional sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Beynəlxalq hüquq normalarına görə dövlətlərin suveren ərazisinə qarşı belə hücumlar ciddi məsuliyyət yaradır. Bu baxımdan hadisənin obyektiv şəkildə araşdırılması və diplomatik kanallar vasitəsilə izahatların verilməsi regionda gərginliyin daha da dərinləşməsinin qarşısını ala bilər. Eyni zamanda bu hadisə bir daha göstərir ki, regionda sabitliyin qorunması yalnız siyasi bəyanatlarla deyil, real addımlarla təmin olunmalıdır. Dövlətlər arasında etimadın qorunması və qarşılıqlı hörmət prinsiplərinə əməl edilməsi bu baxımdan həlledici əhəmiyyət daşıyır.
Azərbaycan isə bu məsələdə prinsipial mövqeyini açıq şəkildə ifadə edir: ölkənin təhlükəsizliyi, vətəndaşlarının həyat və sağlamlığı dövlət üçün mütləq prioritetdir və bu məsələ heç bir halda güzəşt mövzusu ola bilməz-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər







