
1918-ci ilin mart hadisələri Azərbaycan tarixində mülki əhaliyə qarşı törədilmiş kütləvi zorakılıq aktı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu hadisələr əsasən 1918-ci ilin 30 mart – 2 aprel tarixləri arasında Bakı şəhərində və sonradan Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə baş vermişdir. Həmin dövr Birinci Dünya müharibəsinin son mərhələsi və Rusiya imperiyasının süqutundan sonra yaranmış siyasi boşluqla səciyyələnirdi ki, bu da bölgədə silahlı qarşıdurmaların kəskinləşməsinə səbəb olmuşdur.
Tarixi mənbələrə görə, Bakı Soveti və ona bağlı silahlı dəstələrin iştirakı ilə həyata keçirilən əməliyyatlar nəticəsində minlərlə azərbaycanlı mülki şəxs qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış və əhali etnik mənsubiyyətinə görə hədəfə alınmışdır. Xüsusilə, 30 martdan başlayan hadisələr qısa müddət ərzində geniş miqyas alaraq sistemli zorakılıq xarakteri daşımışdır.
Aprel ayının ilk günlərində Bakıdan kənara yayılan bu hadisələr Şamaxıda və Qubada daha ağır nəticələrə səbəb olmuşdur. Şamaxıda yüzlərlə kəndin dağıdılması, Qubada isə kütləvi məzarlıqların aşkar olunması bu faciənin miqyasını açıq şəkildə göstərir. Bu faktlar hadisələrin təkcə lokal qarşıdurma deyil, geniş coğrafiyanı əhatə edən planlı zorakılıq dalğası olduğunu sübut edir.
Beynəlxalq hüquqi yanaşmaya əsasən, mülki əhalinin etnik və ya milli mənsubiyyətinə görə məqsədli şəkildə məhv edilməsi soyqırımı kimi qiymətləndirilir. 1918-ci ilin mart–aprel aylarında baş verən hadisələrdə müşahidə olunan kütləvi qırğınlar, yaşayış məntəqələrinin sistemli dağıdılması və əhalinin məcburi şəkildə yerindən didərgin salınması bu meyarlara uyğun gəlir.
Mart hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi müstəqillik dövründə xüsusi aktuallıq qazanmışdır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin mövqeyi mühüm əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalanmış və 31 mart tarixi rəsmi şəkildə Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir
Eyni zamanda 1918-ci ilin mart hadisələrinin qiymətləndirilməsi müasir dövrdə də Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında bu hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət və soyqırımı kimi xarakterizə etmişdir. O, dəfələrlə vurğulamışdır ki, mart hadisələri zamanı mülki əhaliyə qarşı həyata keçirilən zorakılıqlar tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir.
Bakı Şəhər Sabunçu rayonu 71 nömrəli tam orta məktəbin tarix müəllimi İmanova Şəhanə
Bölməyə aid digər xəbərlər









