23:40 / 30-03-2026
Tural Məmmədov: Qan yaddaşı
Eltun Süleymanov : "Tbilisi platforması güc, sabitlik və siyasi İradənin yeni regional arxitekturasıdır"

Eltun Süleymanov : "Tbilisi platforması güc, sabitlik və siyasi İradənin yeni regional arxitekturasıdır"

Aprelin 6-da Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İrakli Kobaxidze arasında keçirilən görüş və səsləndirilən bəyanatlar yalnız diplomatik hadisə kimi deyil, Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi nizamın açıq manifesti kimi qiymətləndirilməlidir. Bu çıxışlar regionun gələcək güc balansı, təhlükəsizlik modeli və geosiyasi prioritetləri haqqında aydın mesajlar verir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyevin bəyanatı mahiyyət etibarilə bir neçə əsas siyasi xətt üzərində qurulub: suverenlik və ərazi bütövlüyünün dəyişməzliyi, regional əməkdaşlığın prioritetliyi və xarici təsirlərdən asılı olmayan müstəqil siyasət kursu. Dövlət başçısı açıq şəkildə vurğuladı ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda hər zaman bir-birinin yanında olub və olacaq: “Hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.” Bu yanaşma regionda formalaşan yeni siyasi etik kodeksin əsasını təşkil edir. Bu bəyanatın arxasında dayanan əsas mesaj ondan ibarətdir ki, Cənubi Qafqaz artıq xarici güclərin rəqabət meydanı olmaqdan çıxaraq, region ölkələrinin öz iradəsi ilə formalaşdırdığı əməkdaşlıq məkanına çevrilməkdədir. Cənubi Qafqaz üçün bu, tarixi dönüş nöqtəsidir. Uzun illər münaqişələr, geosiyasi qarşıdurmalar və təsir dairələri uğrunda mübarizə ilə xarakterizə olunan bu region indi yeni siyasi reallıqlar mərhələsinə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam siyasi sabitliyin dövlət inkişafının əsas şərti kimi təqdim olunmasıdır. Bu kontekstdə Gürcüstanın daxili sabitliyi xüsusi vurğulandı və bu sabitliyin ölkənin uğurlu inkişaf modelinin təməlində dayandığı qeyd edildi. Əslində, bu fikir dolayısı ilə region ölkələrinə də mesajdır: siyasi sabitlik olmadan nə iqtisadi inkişaf, nə də geosiyasi çəkidə artım mümkündür. Regionda təhlükəsizlik məsələlərinə yanaşma da yeni mərhələyə daxil olub. Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dünyada artan münaqişələr fonunda Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilməlidir: “Bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq dünyanın müxtəlif yerlərində pozulur. Amma Cənubi Qafqaz artıq sülh məkanına çevrilir.” Bu fikir yalnız arzu deyil, konkret siyasi strategiyanın ifadəsidir.

Azərbaycan–Ermənistan münasibətləri kontekstində səsləndirilən fikirlər isə xüsusi diqqətə layiqdir. Cənab Prezident İlham Əliyev sülh prosesinin yalnız sənədlərlə deyil, real addımlarla möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Bu, klassik diplomatik yanaşmadan fərqli olaraq daha praqmatik və nəticəyönümlü siyasətin göstəricisidir. Sülhün iqtisadi əsaslar üzərində qurulması-xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi-regionda uzunmüddətli sabitliyin təmin olunması üçün əsas alət kimi təqdim edilir. Bu kontekstdə Gürcüstanın rolu xüsusi strateji məna daşıyır. Tbilisi faktiki olaraq regionda neytral platforma və logistika mərkəzi funksiyasını yerinə yetirir. Azərbaycan və Ermənistan arasında məhdud da olsa ticarət əlaqələrinin məhz Gürcüstan üzərindən həyata keçirilməsi bu ölkənin vasitəçi və sabitləşdirici aktor kimi mövqeyini gücləndirir. Bu isə Gürcüstanın regional siyasətdə çəkisini daha da artırır. Siyasi baxımdan ən mühüm məqamlardan biri də region ölkələrinin gələcək əməkdaşlıq modelidir. Cənab Prezident İlham Əliyevin çıxışında açıq şəkildə hiss olunur ki, Azərbaycan regional inteqrasiyanın təşəbbüskarı kimi çıxış edir və bu prosesdə Gürcüstan əsas tərəfdaşlardan biridir. Bu əməkdaşlıq modeli isə üç əsas prinsip üzərində qurulur: qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və ortaq maraqların qorunması. Eyni zamanda, bu görüş Qərb–Şərq geosiyasi xəttində də mühüm mesajlar ehtiva edir. Azərbaycan və Gürcüstanın həyata keçirdiyi siyasət balanslaşdırılmış və praqmatik xarakter daşıyır. Bu ölkələr nə tam şəkildə hansısa blokun tərkibində çıxış edir, nə də özlərini geosiyasi təcrid vəziyyətinə salırlar. Əksinə, onlar müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edərək milli maraqlara əsaslanan çoxvektorlu siyasət yürüdürlər. Bu yanaşma, xüsusilə indiki qlobal gərginlik fonunda daha актуал görünür. Dünyada yeni güc balansının formalaşdığı bir dövrdə Azərbaycan–Gürcüstan tandemi regionda sabitlik adası rolunu oynayır. Bu isə yalnız regional deyil, həm də beynəlxalq aktorlar üçün cəlbedici model yaradır.

Tbilisi görüşü Cənubi Qafqazın siyasi gələcəyinə dair aydın konturlar təqdim etdi. Cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən mesajlar göstərir ki, region ölkələri artıq passiv obyekt deyil, aktiv siyasi subyekt kimi çıxış edir. Onlar öz gələcəklərini özləri müəyyənləşdirir, əməkdaşlıq platformalarını özləri yaradır və regional sabitliyi təmin etmək üçün siyasi iradə nümayiş etdirirlər. Bu isə xarici təsirlərin deyil, regional konsensusun müəyyən etdiyi Cənubi Qafqazda yeni bir reallığın başlanğıcıdır-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.


Tarix: Bu gün, 10:05


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930