
Prezident İlham Əliyevin Gürcüstana səfəri regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan region ölkələri ilə münasibətlərə hər zaman xüsusi önəm verib və xüsusilə Gürcüstanla əlaqələr daim yüksək səviyyədə inkişaf edib.
Azərbaycan üçün Gürcüstan çox mühüm və vacib ölkədir. Rəsmi Tbilisi Bakının Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşıdır. İki ölkə arasında yaxın tarixdə ciddi neqativ heç bir insident baş verməyib. Əksinə, Bakı və Tbilisi hər zaman əməkdaşlıq, dostluq və qardaşlıq dəyərləri əsasında münasibətləri inkişaf etdirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri bu baxımdan xüsusi önəm və diqqət kəsb edir.
Gürcüstan uzun illər Azərbaycanın Avropaya açılan əsas qapısı rolunu oynayıb. Xüsusilə Batum və Poti limanları Bakı üçün strateji əhəmiyyətə malikdir. Azərbaycanın nefti Bakı Tbilisi Ceyhan kəməri ilə dünyanın müxtəlif bazarlarına çıxarılır, Cənub Qaz Dəhlizi ilə isə Azərbaycanın təbii qazı Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropaya daşınır. Bu kəmərlər Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malikdir. Prezident də vurğulayır:
“Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan və Gürcüstan üzərindən keçirilir”.
Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlıq və investisiya məsələlərinə xüsusi diqqət yetirilməsi Azərbaycan-Gürcüstan münasibətlərində iqtisadi faktorun həlledici rol oynadığını göstərir. Eyni zamanda, Gürcüstana qoyulan milyardlarla dollarlıq sərmayə Azərbaycanın regional iqtisadi güc kimi mövqeyini daha da möhkəmləndirdiyini sübut edir. Enerji və nəqliyyat layihələrinin inkişafı bu səfərin strateji istiqamətlərindən biri kimi çıxış edir, belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Azərbaycanın həm regionda, həm də qlobal miqyasda geosiyasi əhəmiyyətini artırır və ölkəni beynəlxalq enerji və logistika sistemində əsas aktorlardan birinə çevirir. Bu isə milli maraqların beynəlxalq layihələr vasitəsilə təmin edilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.
Mövcud layihələrin həyata keçirilməsi qədər, onların təhlükəsizliyinin təmin edilməsi də vacibdir. Xüsusilə İran-ABŞ gərginliyi fonunda ehtimal olunan risk faktorları və təxribat cəhdlərinin qarşısının alınmasının vacibliyi cənab Prezidentin səfərinin nüvəsini təşkil edirdi. İstisna deyil ki, səfər çərçivəsində ölkəmizin bu məsələdəki müəyyən narahatlıqları da rəsmi Tbilisinin diqqətinə çatdırılıb. Prinsipcə, bu layihələrin təhlükəyə düşməsi Bakı qədər Tbilisinin də maraqlarına uyğun deyil.
Qarşıdakı dövrdə Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələrlə daha da genişlənəcək. Xüsusilə yaşıl enerji sahəsində həyata keçirilən layihələr, Azərbaycanın Gürcüstan və Qara dəniz üzərindən Avropaya enerji ixracı təşəbbüsləri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Gürcüstana səfəri mühüm və tarixi əhəmiyyət kəsb edən hadisədir”, bu səfər çərçivəsində əldə olunan razılaşmalar və müəyyən edilən yol xəritəsi Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişafına xidmət edəcək və regionda əməkdaşlıq mühitini gücləndirəcək.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili müəllimi Quliyeva Xanım
Bölməyə aid digər xəbərlər










