
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF 13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və artan qlobal etimadın mühüm göstəricisidir. Dünyanın ən mötəbər şəhərsalma platformalarından biri hesab olunan bu forumun ölkəmizə həvalə edilməsi Azərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf edən dövlət kimi qəbul olunduğunu təsdiqləyir. WUF 13-ün Bakıda təşkili həm də Azərbaycanın müasir şəhərsalma və dayanıqlı inkişaf sahəsində qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin ifadəsidir. Son illər həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, “ağıllı şəhər” konsepsiyasının tətbiqi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi ölkəmizin bu sahədə qabaqcıl təcrübəyə malik olduğunu nümayiş etdirir. Forum çərçivəsində Azərbaycanın urbanizasiya, ekoloji tarazlıq və müasir yaşayış məkanlarının qurulması istiqamətindəki uğurlarının beynəlxalq ictimaiyyətə təqdim olunması ölkəmizin siyasi və iqtisadi çəkisini daha da artırır.
Bugünkü buraxılışımızda Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinin əhəmiyyəti, eləcə də ölkəmizin ictimai-siyasi həyatında müşahidə olunan mühüm proseslər, baş vermiş önəmli hadisələr barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Xoş gördük Sizi, Eldar müəllim. Bizə vaxt ayıra bildiyinizə görə Sizə bütün redaksiya heyətimiz adından təşəkkür edirəm və icazənizlə dərhal da müsahibəmizin ilk sualına keçid edim. BMT-nin qlobal miqyasda ən nüfuzlu platformalarından biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi beynəlxalq siyasi dairələrdə də ciddi maraq doğurdu. Xüsusilə postmünaqişə dövründə genişmiqyaslı bərpa-quruculuq işləri aparan Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin idarəçilik modelinə, inkişaf strategiyasına və regional siyasətdə artan roluna verilən qiymət kimi dəyərləndirilir. Sizcə, bu forum Azərbaycanın beynəlxalq mövqeyi və siyasi nüfuzu baxımından hansı yeni reallıqları ortaya qoydu?
- Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi, ilk növbədə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində qazandığı nüfuzun və siyasi etimadın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilməlidir. Çünki BMT kimi qlobal təsisatın ən mühüm platformalarından birinə ev sahibliyinin məhz Azərbaycana həvalə olunması təsadüfi qərar deyil. Bu seçim ölkəmizin son illər ərzində nümayiş etdirdiyi siyasi sabitliyə, iqtisadi dayanıqlığa, beynəlxalq əməkdaşlığa açıq siyasətinə və müasir inkişaf modelinə verilən obyektiv qiymətin ifadəsidir. Bu gün Azərbaycan artıq yalnız regionun enerji və nəqliyyat xəritəsində strateji mövqeyə malik dövlət deyil. Eyni zamanda, ölkəmiz qlobal çağırışlara çevik reaksiya verən, beynəlxalq təşəbbüslərlə çıxış edən və humanitar-siyasi platformalar formalaşdıran mühüm aktora çevrilib. Son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin miqyası və siyasi çəkisi də bunu açıq şəkildə sübut edir. WUF 13 isə həmin prosesin məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində formalaşdırdığı yeni yanaşmanın beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirdi. Xüsusilə diqqət çəkən məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proqramlarının beynəlxalq ekspertlər tərəfindən böyük maraqla qarşılanmasıdır. Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yaradılan müasir infrastruktur, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, ekoloji tarazlığın qorunmasına hesablanan konsepsiyalar Azərbaycanın şəhərsalma siyasətinin artıq regional deyil, beynəlxalq nümunəyə çevrildiyini göstərir və bu model postmünaqişə dövrünü yaşayan bir çox ölkələr üçün də praktik təcrübə kimi qəbul edilir.
- Bəzi beynəlxalq müşahidəçilər WUF 13-ü Azərbaycanın diplomatik nüfuzunun və dövlət idarəçiliyi modelinin təqdimatı kimi də xarakterizə edirlər. Siz bu yanaşmanı necə qiymətləndirirsiniz?
- Bu yanaşma tamamilə reallığı əks etdirir və kifayət qədər əsaslıdır. Müasir beynəlxalq münasibətlər sistemində hər hansı dövlətin böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi təkcə təşkilati imkanlarla ölçülmür. Burada əsas meyar siyasi etibarlılıq, təhlükəsizlik, idarəetmə keyfiyyəti və beynəlxalq nüfuz məsələsidir. Azərbaycan son illərdə məhz bu istiqamətlər üzrə ciddi uğurlar əldə edib və WUF 13 həmin uğurların beynəlxalq səviyyədə etirafı kimi çıxış etdi. Əslində, forum Azərbaycanın dövlət idarəçiliyində formalaşdırdığı çevik və strateji yanaşmanın təqdimatı oldu. Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, rəqəmsallaşma prosesinin sürətlənməsi, müasir infrastruktur layihələrinin reallaşdırılması və şəhərsalma siyasətində tətbiq olunan innovativ yanaşmalar dövlətin uzunmüddətli inkişaf konsepsiyasının tərkib hissəsidir. Bütün bunlar Azərbaycanın yalnız bugünkü çağırışlara deyil, gələcəyin tələblərinə uyğun inkişaf modeli qurduğunu göstərir. Bununla yanaşı, WUF 13 Azərbaycanın diplomatik fəaliyyətinin miqyasını da nümayiş etdirdi. Forum müxtəlif siyasi baxışlara və inkişaf modellərinə malik ölkələri eyni platformada bir araya gətirdi. Bu isə Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı siyasət yürüdən, dialoqa üstünlük verən və əməkdaşlıq üçün əlverişli mühit yaradan dövlət kimi qəbul olunduğunu göstərdi. Xüsusilə mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Bakının qlobal müzakirələrin keçirildiyi təhlükəsiz və etibarlı məkan kimi seçilməsi olduqca mühüm siyasi mesajdır. Digər tərəfdən, forum ölkəmizin yumşaq güc imkanlarının da genişləndiyini nümayiş etdirdi. Azərbaycan artıq yalnız iqtisadi və geostrateji üstünlükləri ilə deyil, mədəniyyətlərarası dialoq, humanitar əməkdaşlıq və beynəlxalq təşəbbüslərlə də diqqət mərkəzindədir. WUF 13 bu baxımdan Azərbaycanın müasir və güclü dövlət modelinin dünyaya təqdimatı oldu və ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə ciddi töhfə verdi.
- Eldar müəllim, Prezident İlham Əliyevin Euronews-a mayın 18-də verdiyi müsahibə Cənubi Qafqazda sülh prosesi, enerji təhlükəsizliyi və Avropa ilə münasibətlər kontekstində hansı strateji mesajları ortaya qoydu və əsas nəticələr nədən ibarətdir?
- Cənab Prezidentin Euronews kanalına verdiyi müsahibə ilk növbədə Azərbaycanın regional və qlobal siyasətdə tutduğu mövqenin mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı sülh prosesinin davamlılığı, postmünaqişə mərhələsində əməkdaşlıq mühitinin formalaşması və bölgədə yeni reallıqların qəbul edilməsi zərurətini ön plana çəkdi. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sabitlik modelini qorumaqda qətiyyətli olduğunu göstərir. Müsahibədə enerji təhlükəsizliyi xüsusi yer tutdu. Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu bir daha təsdiqləndi və uzunmüddətli əməkdaşlıq perspektivləri vurğulandı. Bu, həm enerji bazarlarında sabitliyə, həm də Avropa İttifaqı ilə strateji əlaqələrin dərinləşməsinə xidmət edən mühüm amildir. Eyni zamanda, Orta Dəhliz və nəqliyyat-logistika imkanları regional inteqrasiyanın əsas sütunlarından biri kimi təqdim olundu. Prezidentin mesajları Azərbaycanın praqmatik, balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunu davam etdirdiyini göstərdi. Nəticə etibarilə, müsahibə ölkənin beynəlxalq nüfuzunun artdığını və diplomatik mövqelərinin daha da gücləndiyini növbəti dəfə təsdiqləmiş oldu.
- Həmin müsahibədə dövlət başçımızın regional əməkdaşlıq, iqtisadi təhlükəsizlik və sülh gündəliyi ilə bağlı açıqlamaları Azərbaycanın gələcək xarici siyasət prioritetlərini necə müəyyənləşdirir və hansı istiqamətləri göstərir?
- Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın gələcək xarici siyasət kursunun əsas istiqamətlərini birmənalı və açıq şəkildə nümayiş etdirdi. Əsas prioritet kimi regionda dayanıqlı sülhün təmin olunması və əməkdaşlıq mühitinin genişləndirilməsi göstərildi. Bu yanaşma Cənubi Qafqazda yeni reallıqların qəbuluna və qarşılıqlı faydalı münasibətlərin formalaşmasına xidmət edir. Əlbəttə ki, iqtisadi təhlükəsizlik məsələsi də xüsusi vurğulandı. Enerji resurslarının şaxələndirilməsi, tranzit imkanlarının artırılması və logistika şəbəkələrinin genişləndirilməsi Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu daha da gücləndirir. Bu faktor ölkəni Avrasiya məkanında mühüm strateji mərkəzə çevirir. Eyni zamanda, müsahibədə qeyd olunan məqamlar göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda praqmatik və çevik siyasət xəttini davam etdirəcək. Qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri isə xarici siyasətin əsas dayaqları olaraq qalacaq. Nəticə etibarilə, səsləndirilən mesajlar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının sabit və ardıcıl xarakter daşıdığını bir daha təsdiqlədi.
Söhbətləşdi: Azər Məmmədov
ardı var...
Bölməyə aid digər xəbərlər









