Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidir

Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidir

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Bu dəyərli fikirlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına verdiyi vədə çevrilmişdir. Ulu Öndərin siyasi fəaliyyəti və xalqına bağlılığı Azərbaycanın müstəqilliyinin qorunmasında və dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynamışdır.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə ictimai-siyasi sabitlik pozulmağa başladı. Müstəqilliyin ilk illərində Azərbaycan çox ağır sınaqlarla üzləşdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkə daxilində isə siyasi qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə dərinləşirdi. İqtisadi tənəzzül, idarəetmədəki problemlər və vətəndaş qarşıdurması təhlükəsi ölkənin gələcəyini ciddi risk altında qoymuşdu.
Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycan böyük təhlükə qarşısında idi”. Həqiqətən də, həm xarici təzyiqlər, həm də daxildəki siyasi çəkişmələr dövlət müstəqilliyini təhlükə altına salmışdı. Belə bir mürəkkəb şəraitdə xalq ölkəni bu böhrandan çıxara biləcək nüfuzlu və təcrübəli siyasi liderə ehtiyac duyurdu.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər çıxışında xalq qarşısında böyük məsuliyyət daşıdığını vurğulayaraq dövlət müstəqilliyini qorumağı və möhkəmləndirməyi özünün əsas vəzifəsi elan etdi. O bildirdi ki, ömrünün bundan sonrakı hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişafına həsr edəcəkdir.
Ulu Öndər Heydər Əliyev hər zaman öz andına sadiq qaldı. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi sürətləndi və milli həmrəylik möhkəmləndirildi. Ulu Öndər xalqın birliyinin, dövlətçilik ideyalarının və milli həmrəyliyin simvoluna çevrildi.
Milli Qurtuluşun əsas rəmzləri sırasında ölkədə qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, hüquqi dövlət quruculuğunun başlanması xüsusi yer tutur. Bu dövrdə ilk parlament seçkiləri keçirildi, ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, ölkəmizin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Eyni zamanda siyasi islahatlara start verildi və çoxpartiyalı siyasi sistem formalaşdı.
Milli Qurtuluş Günü sonrakı böyük uğurların, iqtisadi inkişafın və güclü dövlət quruculuğunun təməlini qoydu. Məhz həmin dövrdə əsası qoyulan siyasi sabitlik və milli birlik Azərbaycanı gələcək zəfərlərə aparan yolun başlanğıcı oldu. Bu yolun zirvəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi Qələbənin qazanılması ilə nəticələndi.
Bu gün 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm yer tutur. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanıldığı, dövlətçiliyimizin xilas edildiyi və inkişaf yoluna qədəm qoyduğu gün kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Beləliklə, Milli Qurtuluş Günü təkcə bir tarixi hadisə deyil, həm də Azərbaycan dövlətinin xilası, xalqın birliyi və gələcək uğurlarının başlanğıcı kimi böyük əhəmiyyət daşıyan əlamətdar gündür.

69 nömrəli tam orta məktəb
İbtidai sinif müəllimi Əliyeva Mətanət


Tarix: Bu gün, 11:20


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930