
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Bu hadisə xalqımızın çoxəsrlik tarixində bənzərsiz və müqəddəs bir nailiyyət idi. Lakin müstəqilliyin ilk illəri sevinclə bərabər, həm də xalqımızın yaddaşına olduqca ağır, faciəvi və böhranlı bir dövr kimi həkk olundu. Siyasi təcrübənin dözülməz dərəcədə az olması, daxili çəkişmələr, xarici təzyiqlər və Ermənistanın hərbi təcavüzü gənc respublikanı iflic vəziyyətinə salmışdı. Azərbaycan öz müstəqilliyini itirmək və bir dövlət kimi yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Bu dövrdə yaşanan ən böyük problemlərdən biri dövlət idarəçiliyindəki xaos və səriştəsizlik idi. Hakimiyyətdə olan qüvvələrin vahid strateji xəttinin olmaması, daxili intriqalar və kreslo davası ölkəni idarəolunmaz dərəcəyə gətirmişdi. Dövlətin əsas sütunları olan orduda və hüquq-mühafizə orqanlarında pərakəndəlik hökm sürürdü. Vahid komandanlığa tabe olmayan silahlı dəstələr paytaxtda və bölgələrdə özbaşınalıq edir, dövlət maraqlarını deyil, ayrı-ayrı siyasi qrupların mənafelərini müdafiə edirdilər. Bu isə daxili sabitliyi tamamilə pozurdu və ölkəni vətəndaş müharibəsinin astanasına gətirib çıxarmışdı.
Siyasi böhranla yanaşı, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi ölkənin yaralarını daha da dərinləşdirirdi. Ordudakı nizamsızlıq və xəyanətlər nəticəsində torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Şuşa və Laçının, daha sonra isə Kəlbəcərin itirilməsi təkcə hərbi uğursuzluq deyil, həm də strateji fəlakət idi. Yüz minlərlə soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkün statusu qazandı. Bu insan axını ölkədə humanitar faciə yaratmışdı; onların yerləşdirilməsi, ərzaq və tibbi yardımla təmin olunması gənc dövlətin zəif çiyinləri üçün ağır bir yükə çevrilmişdi.
İqtisadi sahədəki vəziyyət isə tamamilə fəlakətli idi. SSRİ-nin dağılması ilə mövcud olan iqtisadi əlaqələr qırılmış, zavod və fabriklər fəaliyyətini dayandırmışdı. Ölkədə kütləvi işsizlik, hiperinflyasiya və ərzaq qıtlığı yaşanırdı. İnsanlar ən adi ehtiyac vasitələrini — çörəyi belə növbələrlə, talonla alırdılar. İqtisadiyyatın tamamilə çökməsi cinayətkarlığın artmasına, cəmiyyətdə ümidsizlik və sabaha inamsızlıq hissinin pik həddə çatmasına səbəb olmuşdu. Azərbaycan xalqı fiziki və mənəvi baxımdan tükənmək üzrə idi.
1993-cü ilin iyun ayında Gəncədə baş verən məlum hadisələr isə böhranı özünün ən son nöqtəsinə — vətəndaş müharibəsi və parçalanma həddinə çatdırdı. Ölkənin cənubunda və şimalında separatçı qüvvələr baş qaldırmağa başladı. Belə bir ağır və taleyüklü məqamda xalq yaxşı anlayırdı ki, dövləti bu real məhvdən yalnız böyük siyasi təcrübəyə, qətiyyətə və polad iradəyə malik bir lider xilas edə bilər. Bu lider ümummilli lider Heydər Əliyev idi.
Xalqın təkidli tələbi və dəvəti ilə 1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Məhz həmin gün təqvimimizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev Bakıya qayıdan kimi ilk növbədə ölkəni bürüyən daxili çəkişmələrin, separatizm meyillərinin qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Qısa müddət ərzində dövlət aparatında nizamsızlığa son qoyuldu, orduda vahid komandanlıq yaradıldı və cəbhədə atəşkəs əldə olundu.
Qurtuluş Günü Azərbaycanı parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas edən gün oldu. Müstəqilliyin ilk illərində yaşanan o ağır problemlər, xaos və anarxiya Heydər Əliyevin dühası, uzaqgörən siyasəti sayəsində geridə qaldı. Bu gün iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevrilən, öz ərazi bütövlüyünü tam bərpa edən müasir Azərbaycan Respublikasının təməli məhz 15 iyun Qurtuluş günündə qoyulmuşdur. Bu tarix, xalqımızın müstəqillik mübarizəsinin və dövlətçilik şüurunun ən böyük zəfəridir.
Rasim Quliyev adına 107 nömrəli tam orta məktəbin tarix müəllimi Qurban İbişli
Bölməyə aid digər xəbərlər









