
Cənab Prezident İlham Əliyevin Qlobal Media Forumunda iştirakı və burada səsləndirdiyi fikirlər, təbii ki, yeni dünya siyasi transformasiya prosesləri baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı çıxışında regional siyasi nizamın formalaşdırılması, yenidən qurulması, həmçinin dünyanın siyasi sistemində yeni reallıqların yaranması istiqamətində vacib məqamlara toxundu.
İlk növbədə Azərbaycanın qlobal geosiyasi proseslərdə artan əhəmiyyətini qeyd etdi. Bununla yanaşı, Avropa İttifaqı ilə enerji, ticarət, siyasi və iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. Həmçinin Avropa İttifaqı və Avropa Şurası ilə münasibətlərə toxunaraq, Azərbaycanın milli maraqlarını daim qoruyacağını bir daha vurğuladı. Bu onu göstərir ki, Cənab Prezident Azərbaycanın yeni dünya siyasi düzənində rolunu, Cənubi Qafqazın lider dövləti kimi mövqeyini və nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsinin strateji əhəmiyyətini ön plana çəkdi. Eyni zamanda, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə də xüsusi yer ayırdı. Qeyd etdi ki, həm şimal, həm də cənub istiqamətlərində mövcud risklərə baxmayaraq, Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirir ki, bu da ölkənin sabit inkişafına xidmət edir.
Beynəlxalq münasibətlər sistemi son onilliklərin ən dərin böhranlarından birini yaşayır. Bunu görmək üçün təkcə davam edən silahlı münaqişələrə deyil, həm də beynəlxalq institutların vəziyyətinə nəzər salmaq kifayətdir. Avropada təhlükəsizlik arxitekturası sarsılıb, ATƏT və Avropa Şurası kimi qurumların təsir imkanları faktiki olaraq sıfıra enib. Eyni vəziyyət qlobal səviyyədə də müşahidə olunur. Ən böyük beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatı (BMT) də ciddi institusional böhran yaşayır. Əgər 20–30 il əvvəl BMT beynəlxalq təhlükəsizlik sisteminin əsas dayaqlarından biri hesab olunurdusa, bu gün onun nüfuzu və təsir imkanları xeyli azalıb. Son illərdə baş verən bir sıra iri münaqişələr göstərdi ki, təşkilat nə onların qarşısını ala bilir, nə də effektiv şəkildə idarə edə bilir. Bu vəziyyətin ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının fəaliyyətidir.
BMT Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonra formalaşmış geosiyasi reallığın məhsuludur. Onun strukturu həmin dövrün qüvvələr balansını əks etdirirdi. Lakin dünya artıq tamamilə dəyişib. Bu gün beynəlxalq münasibətlər iki supergücün rəqabəti üzərində deyil, çoxmərkəzli sistem üzərində qurulur. Asiya, Afrika, Yaxın Şərq və Qlobal Cənub ölkələrinin iqtisadi və siyasi çəkisi əhəmiyyətli dərəcədə artıb. Lakin Təhlükəsizlik Şurasının tərkibi bu dəyişiklikləri əks etdirmir.
Konseptual baxımdan Cənab İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini əhatə etdi. O, Azərbaycanın bundan sonra da inkişaf edəcəyini, suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyacağını bir daha bəyan etdi.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər







