
Son illərdə Azərbaycan beynəlxalq siyasi, iqtisadi və informasiya məkanında nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. IV Şuşa Qlobal Media Forumunda Cənab Prezident İlham Əliyevin çıxışı ölkəmizin xarici siyasət prioritetlərini, regional əməkdaşlıq təşəbbüslərini və gələcək inkişaf istiqamətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
Müasir Azərbaycanın qazandığı uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Müstəqil Azərbaycanın siyasi sabitliyinin təmin olunması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, milli maraqlara əsaslanan xarici siyasət kursunun formalaşdırılması və güclü dövlətçilik ənənələrinin yaradılması məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni inkişaf mərhələsinə yüksəldilir.
Prezident çıxışında qeyd etmişdir ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq platformaya çevrilmiş, iştirakçı ölkələrin və media nümayəndələrinin sayı ildən-ilə artmışdır. Bu isə Azərbaycanın açıq dialoqa, beynəlxalq əməkdaşlığa və informasiya mübadiləsinə verdiyi önəmin göstəricisidir.
Çıxışda Azərbaycanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi vurğulanmışdır. Rusiya–Ukrayna müharibəsindən sonra Avropada Azərbaycan qazına tələbatın artması ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr və “Yaşıl Enerji” strategiyası Azərbaycanın davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən biridir.
Forumda rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı da əsas prioritetlər sırasında göstərilmişdir. Bu sahədə həyata keçirilən islahatlar ölkənin innovativ inkişaf modelini gücləndirməyə və rəqabət qabiliyyətini artırmağa xidmət edir.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışaraq, işğalın nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır. Eyni zamanda, beynəlxalq hüququn aliliyi, sülh, ədalət və inklüziv əməkdaşlıq prinsiplərinin Azərbaycanın xarici siyasətinin əsasını təşkil etdiyi vurğulanmışdır.
Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, enerji təhlükəsizliyinə, rəqəmsal inkişafa və dayanıqlı sülhə verdiyi töhfələri nümayiş etdirir. Ulu öndər Heydər Əliyev siyasi irsi əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl dövlət siyasəti ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, regional liderliyinin güclənməsinə və davamlı inkişafının təmin edilməsinə mühüm töhfə verir. Forum həm də, Azərbaycanın qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Bilgəh qəsəbəsi, 142 saylı Tam Orta Ümumtəhsil Məktəbi
Məktəbin Direktoru Hüseyin Ələkbərov
Bölməyə aid digər xəbərlər







