
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.
Prezident İlham Əliyevin Berlinə səfəri çərçivəsində Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mers ilə keçirilən görüşlər sadə diplomatik protokoldan çox daha dərin məna daşıyır. Bu görüşlər zamanı imzalanan sənədlər və səsləndirilən fikirlər Azərbaycan-Almaniya münasibətlərinin yeni, strateji mərhələyə keçidini rəsmiləşdirib. Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət ayırıb. Bu vurğu təsadüfi deyil. Almaniya, Rusiya enerji resurslarından asılılığını azaltma strategiyası çərçivəsində, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarına çatdırılmasını artıq rəsmi səviyyədə strateji prioritet kimi tanıyır. Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropanın enerji diversifikasiyası siyasətinin tərkib hissəsidir. Ştaynmayerin Azərbaycan və Almaniyanı dünyada və regionda cərəyan edən qeyri-sabit hadisələr fonunda "sabitlik adaları" kimi xarakterizə etməsi diqqətəlayiqdir. Yaxın Şərqdə davam edən gərginlik, Ukrayna müharibəsi və digər regional böhranların kölgəsində bu ifadə hər iki ölkənin özünü etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş kimi təqdim etmə cəhdi kimi oxuna bilər. Bu cür mesajlar həm investisiya mühitinin cəlbediciliyini artırmaq, həm də beynəlxalq arenada etimad qazanmaq baxımından əhəmiyyətlidir. Prezident Əliyev Azərbaycan-Almaniya əməkdaşlığının konnektivlik və tranzit imkanları baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bu, Zəngəzur dəhlizi və Orta Dəhlizin Şərq-Qərb əlaqələrində getdikcə artan rolunun kontekstində oxunmalıdır. Azərbaycan özünü yalnız enerji tədarükçüsü deyil, həm də Avrasiya məkanında əvəzsiz nəqliyyat-logistika qovşağı kimi mövqeləndirir.
Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.
Samiyə Abdulkərimova -12 saylı şəhər poliklinikasının baş həkimi
Bölməyə aid digər xəbərlər










