
2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər və imzalanan sənədlər göstərdi ki, Azərbaycan ilə Almaniya əməkdaşlığı artıq yeni mərhələyə qədəm qoyur və qarşıdakı illərdə siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində daha geniş imkanlar yaranacaq. Səfərin əsas nəticələrindən biri Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanması oldu. Bu addım iki dövlət arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə, əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsinə və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə xidmət edəcək. İmzalanmış Birgə Bəyannamə gələcəkdə konkret layihələrin həyata keçirilməsi üçün mühüm hüquqi və siyasi baza formalaşdırır. İqtisadi əməkdaşlıq da səfərin əsas mövzularından biri idi. Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir və bu göstəricinin gələcəkdə daha da artacağı gözlənilir. Qarşılıqlı investisiyaların artırılması, yeni sənaye və texnologiya layihələrinin reallaşdırılması, biznes mühitinin inkişafı hər iki ölkə üçün əlavə iqtisadi imkanlar yaradacaq. Xüsusilə Almaniyanın qabaqcıl texnologiyalarının Azərbaycana cəlb olunması ölkənin qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərə bilər. Enerji sahəsində əməkdaşlığın genişlənməsi də diqqət mərkəzində olub. Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirir. Bununla yanaşı, Azərbaycanın neft ixracı və gələcəkdə yaşıl enerji layihələrinin Avropa bazarına çıxarılması istiqamətində atılan addımlar ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirəcək. Bu isə həm dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək, həm də Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq. Nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi də səfərin mühüm istiqamətlərindən biri oldu. Azərbaycanın Şərqlə Qərbi birləşdirən strateji mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ölkəmizi Avropa ilə Mərkəzi Asiya arasında mühüm tranzit mərkəzinə çevirir. Almaniyanın bu sahədəki təcrübəsi və texnoloji imkanları Azərbaycanın tranzit potensialının daha da artırılmasına, beynəlxalq yükdaşımaların həcminin genişlənməsinə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradacaq. Səfər zamanı Cənubi Qafqazda sülh və sabitlik məsələləri də geniş müzakirə olundu. Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişlər regionda uzunmüddətli sülhün bərqərar olması üçün mühüm addım kimi dəyərləndirildi. Azərbaycanın humanitar və iqtisadi əməkdaşlıq istiqamətində atdığı addımlar regionda qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Almaniyanın bu prosesə verdiyi dəstək isə beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda davamlı sülhün təmin olunması üçün təşəbbüslərlə çıxış etdiyini vurğuladı. Bu siyasət beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və Azərbaycanın regionda sabitliyin təmin olunmasında aparıcı rol oynadığını göstərir. Səfər çərçivəsində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin, eləcə də Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması haqqında sənədin imzalanması gələcək əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirdi. Bu sənədlər iqtisadi əlaqələrin genişlənməsinə, biznes dairələri arasında əməkdaşlığın güclənməsinə və yeni investisiya layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcək. Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın xarici siyasətində mühüm uğur kimi qiymətləndirilə bilər. Bu səfər ölkəmizin Avropa ilə strateji tərəfdaşlığını daha da gücləndirir, iqtisadi inkişaf üçün yeni imkanlar yaradır, enerji və nəqliyyat sahəsində beynəlxalq mövqeyini möhkəmləndirir, eyni zamanda Azərbaycanın regionda sülh və əməkdaşlığın təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirir. Qarşıdakı dövrdə bu əməkdaşlığın konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslərlə daha da genişlənəcəyi gözlənilir ki, bu da Azərbaycan Respublikasının davamlı inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcək.
69 nömrəli məktəbin tarix müəllimi Rumiyyə Səfərova
Bölməyə aid digər xəbərlər










