
2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq."
Səfər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və biznes mühitinin inkişafı əsas müzakirə mövzularından olub. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti uğurla fəaliyyət göstərir və dövlət başçısının vurğuladığı kimi, bu səfərdən sonra onların sayının daha da artacağı gözlənilir. Eyni zamanda, Azərbaycan bu ildən başlayaraq öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bu gün Azərbaycan qazı Avropa İttifaqına üzv on ölkəyə çatdırılır və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Gələcəkdə isə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Cənab Prezident İlham Əliyev çıxışında nəqliyyat və tranzit sahəsində əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bu məqsədlə bir neçə işçi qrupunun yaradılması və imzalanmış sənədlərin qısa müddətdə həyata keçirilməsi planlaşdırılır.
Dövlət başçısı regional sülh prosesinə də toxunaraq bildirib ki, "Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu." O, Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək qeyd edib ki, "Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk."
Səfər çərçivəsində "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə imzalanmışdır. Bu sənədlər iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək.Nəticə etibarilə,cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoymuş, strateji tərəfdaşlığın güclənməsinə, enerji, iqtisadiyyat, nəqliyyat və regional sülh sahələrində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə vermişdir. Bu səfərin nəticələri həm iki ölkə, həm də region üçün uzunmüddətli əhəmiyyət daşıyır.
Bakı şəhəri 74 nömrəli tam orta ümumtəhsil məktəbinin
ibtidai sinif müəllimi Bayramova Vüsalə
Bölməyə aid digər xəbərlər










