ŞUŞA - DAŞIN DA, SÖZÜN DƏ YADDAŞI

ŞUŞA - DAŞIN DA, SÖZÜN DƏ YADDAŞI

Şuşa haqqında danışanda adam bilmir haradan başlasın. Bu şəhər təkcə daşdan, divardan ibarət deyil.Bilirik ki, Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoyub. Elə bir yerdə salıb ki, dörd tərəfi sıldırım qaya. Ona görə düşmən nə qədər çalışsa da, onu asanlıqla ala bilmirdi. Köhnə adamlar Şuşaya "Pənahabad" da deyirdilər.Şuşa niyə bu qədər önəmli idi? Çünki Qarabağ xanlığının paytaxtı olub. Paytaxt olmaq təkcə ad deyil axı. Burada pul kəsilirdi, xanın sarayı, məscidlər, karvansaralar tikilirdi. Təkcə memar Kərbəlayi Səfixan Qarabağinin Şuşada 17-dən çox abidəsi var. Məhəllələri də öz adları ilə - Mərdinli, Təbrizli, Saatlı... Hər məhəllənin öz bulağı, öz məscidi.Amma Şuşanı Şuşa edən daş deyil, adamlarıdır. XIX əsrdə bu balaca şəhərdə 95 şair, 22 muğam ustası, 38 xanəndə yaşayıb. Vaqif burada vəzir olub, Natəvan burada "Məclisi-üns" qurub, Zakir burada satiralarını yazıb. Üzeyir bəy, Bülbül, Xan Şuşinski... hamısı bu küçələrdə böyüyüb. Ona görə də Şuşaya əbəs yerə "Qafqazın konservatoriyası" demirdilər.
1977-ci ildə Ulu Öndər Heydər Əliyev Şuşanı tarixi-memarlıq qoruğu elan elədi. Bu çox uzaqgörən addım idi. O vaxt qoruduğuna görə biz bu gün nəyi bərpa etməli olduğumuzu bilirik.1992-ci ildə Şuşanı itirəndə sanki muğam susdu.
28 il... 2020-ci il noyabrın 8-i isə hamımızın yadındadır. O gün televizorda Ali Baş Komandanın "Şuşa azaddır!" deməsi... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Prezident İlham Əliyevin həmin gün səsləndirdiyi bu sözlər indi də qulaqlarda əks-səda verir. 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Cıdır düzündə Novruz tonqalı yandırıldı, Qarabağ hoteli təmir olundu, Vaqifin büstü qoyuldu, Bülbülün ev-muzeyi, Üzeyir bəyin evi bərpa olundu. Aşağı Gövhər Ağa məscidində yenə azan səsi eşidilir. Bu, sadəcə bina təmiri deyil, yaddaşın qayıtmasıdır.Şuşa 2021-ci ildə rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu ad ona çox yaraşır.Qısacası, Şuşa bizim üçün təkcə şəhər deyil, qürur yerimizdir. Onu qorumaq hər birimizin borcudur.


Tarix müəllimi Musayeva Aynurə Əlipaşa qızı
Cəlal.Məmmədyarov adına 155 nömrəli tam orta ümumtəhsil məktəbi


Tarix: Bu gün, 10:55


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30