8 NOYABR – ŞUŞA ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ

8 NOYABR – ŞUŞA ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ

Şuşa Azərbaycanın tarixi, mədəni və mənəvi həyatında xüsusi yeri olan qədim şəhərlərimizdən biridir. Tarixən Azərbaycanın mədəniyyət, incəsənət və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi tanınan Şuşa xalqımızın milli qürur mənbəyidir. Bu şəhər dahi şəxsiyyətləri, görkəmli sənətkarları, zəngin mədəni irsi və əsrarəngiz təbiəti ilə hər zaman seçilmişdir. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, onun müəyyən etdiyi siyasi strategiya Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Bu siyasət Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Müharibənin ən mühüm və tarixi hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Şuşa əməliyyatı hərb tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Azərbaycan əsgərlərinin böyük qəhrəmanlığı və peşəkarlığı nəticəsində şəhərimiz azadlığına qovuşdu.
Cənab Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu tarixi Qələbə Azərbaycan xalqının milli birliyinin və sarsılmaz iradəsinin təntənəsi idi.Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələr, məscidlər, muzeylər və mədəniyyət ocaqları yenidən bərpa edildi. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi məkanlar öz əvvəlki görkəminə qaytarılmağa başlandı. Cıdır düzündə Novruz tonqalının alovlandırılması isə Şuşanın yenidən dirçəlişinin rəmzinə çevrildi.
Bu gün Şuşada yeni yaşayış kompleksləri, sosial obyektlər, yollar və digər infrastruktur layihələri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı onun gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir. Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, beynəlxalq tədbirlər və forumlar şəhərin dünyaya yenidən açıldığını göstərir. Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı və 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi də onun beynəlxalq əhəmiyyətini artırmışdır.Şuşanın azadlığı yalnız bir şəhərin azad edilməsi deyil, həm də tarixi ədalətin bərpası, milli qürurumuzun və mənəvi dəyərlərimizin yenidən ucalmasıdır. Bu gün hər bir Azərbaycanlı Şuşanın inkişafını və dirçəlişini böyük sevinc və qürur hissi ilə izləyir.
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Sabunçu rayonu 209 nömrəli tam orta məktəb
ibtidai sinif müəllimi
Yaqubova Ruhanə




Tarix: Bu gün, 11:10


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30