Azərbaycan Respublikasının Dövlət Bayrağı milli qürurumuz və müstəqilliyimizin rəmzidir

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli qürurumuz və müstəqilliyimizin rəmzidir

Azərbaycan xalqının tarixində milli kimliyimizi, dövlətçilik ənənələrimizi və azadlıq arzularımızı özündə birləşdirən müqəddəs rəmzlər vardır. Bu rəmzlərin ən ucası Azərbaycan Respublikasının Dövlət Bayrağıdır. Üçrəngli bayrağımız xalqımızın müstəqillik iradəsini, milli birliyini və gələcəyə inamını ifadə edir.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmişdir. Bu bayraq Azərbaycan xalqının azad və müstəqil dövlət qurmaq istəyinin parlaq təcəssümü idi. Cümhuriyyətin süqutundan sonra bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın yaddaşında və qəlbində yaşamağa davam etmişdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi ilə üçrəngli bayrağımız yenidən milli dövlətçilik rəmzi kimi ucaldılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, onun rəsmi statusunun bərpası istiqamətində mühüm qərar verilmişdir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir.
Bayrağımızın rəngləri dərin məna daşıyır. Mavi rəng türk mənşəyimizi və türkçülük ideyasını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bayrağın üzərindəki ağ aypara və səkkizguşəli ulduz milli-mənəvi irsimizin və tarixi kimliyimizin rəmzləridir.
2009-cu il noyabrın 17-də Cənab prezident İlham Əliyevin sərəncamı ilə 9 Noyabr Dövlət Bayrağı Günü elan edilmişdir. Bu əlamətdar gün dövlət bayrağımıza ehtiramın, milli həmrəyliyin və vətən sevgisinin təntənəsidir. Hər il bu gün bayrağımızın ucalığı, xalqımızın birliyi və müstəqil dövlətimizin qüdrəti xüsusi qürurla qeyd olunur.
Dövlət bayrağı yalnız bir rəmz deyil; o, hər bir azərbaycanlının mənəvi dəyəri, milli qüruru və məsuliyyətidir. Bayrağımıza hörmət etmək dövlətimizə, tariximizə və gələcəyimizə hörmət etmək deməkdir. Xüsusilə gənc nəslin dövlət rəmzlərinin mahiyyətini dərk etməsi, onları qoruması və yüksək tutması mühüm vəzifədir. Məktəblərdə keçirilən maarifləndirici tədbirlər, söhbətlər və təqdimatlar şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirir, milli dəyərlərə bağlılığı artırır.
Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində, beynəlxalq tədbirlərdə və mötəbər yarışlarda qürurla dalğalanır. Bayrağımızın yüksəklərdə dalğalanması müstəqil Azərbaycanın gücünü, xalqımızın birliyini və sarsılmaz iradəsini nümayiş etdirir. Hər birimiz dövlət bayrağını uca tutmalı, onun mənasını gələcək nəsillərə çatdırmalı və Azərbaycanımızın inkişafına öz töhfəmizi verməliyik.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulayırıq. Bayrağımız milli qürurumuz, müstəqilliyimizin və azadlığımızın əbədi rəmzidir!
Ağayeva Rəmalə Abdulla qızı
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi
69 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi


Tarix: 5-11-2026, 11:58


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30